Bu gündən bayramla bağlı kənd təsərrüfatı məhsullarının yarmarkaları start götürür.
"Qafqazinfo" xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin katibi Murtuzəli Hacıyev anspress-ə açıqlamasında deyib ki, yarmarkalar dekabrın 26-dan yanvarın 5-ə kimi paytaxtın müxtəlif yerlərində, o cümlədən Sumqayıtda keçiriləcək.
Ən böyük yarmarka Sumqayıt şəhərində təşkil olunacaq. Bu il kənd təsərrüfatı yarmarkalarının sayının az olması paytaxtın bəzi yerlərində gedən təmir-tikinti işləri ilə bağlıdır.
Yarmarkaların ünvanları
Kənd təsərrüfatı yarmarkaları 2006-cı ildən bu yana Kənd Təsərrüfatı Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə hər həftənin altınıcı və bazar günləri təşkil edilir. Ötən ilə kimi yarmarkalar Bakı şəhərinin 7 rayonunun 11 ünvanında olurdu. Lakin bu il yarmarkaların sayında azalma olub.
May ayında Bakı şəhər İcra Hakimiyyətindən bildirilib ki, Xətai, Nəsimi, Yasamal, Nərimanov, Səbail rayonunda kənd təsərrüfatı yarmarkaları fəaliyyətini dayandırıb. Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin rəhbəri Əliabbas Bağırovun verdiyi məlumata görə, yarmarkalar şəhərin mərkəzindən yığışdırılıb. Yarmarkalar şəhərin estetik görkəminin yaxşılaşdırılması məqsədilə dayandırılıb.