Dolların bahalaşması dərman bazarına ciddi təsir edib. Bundan başqa, tibbi ləvazimatların, avadanlıqların, cərrahiyyə əməliyyatları zamanı istifadə olunan alətlərin də qiyməti artıb.
Dövlət xəstəxanalarında dərman və digər tibbi ləvazımatlar dövlət tərəfindən verildiyindən bahalaşma daha çox özəl klinikalarda hiss olunacaq.
Bəs qiymətlərin artması özəl klinikaların fəaliyyətinə necə təsir edəcək?
Yenimeydan.info-nun məlumatına görə, virtualaz.org özəl klinikalar arasında sorğu keçirib.
Dolların bahalaşması “Modern Hospital” klinikasının xərclərinə ciddi təsir edib.
Baş həkimin müavini Təranə Hüseynovanın sözlərinə görə, hazırda müayinə və həkim qəbulunun qiymətində artım yoxdur:
“Klinikalarda qiymətlər dəyişməyib, işçilər arasında ixtisarlar aparılmır. Lakin gələn il nə olacağı bəlli deyil. Digər klinikalar kimi “Modern Hospital” da alətləri, dərmanları, plyonkaları dollarla alır. Buna görə də dolların bahalaşması qiymətlərə təsir edir. Lakin müayinələrin qiymətində artım olub-olmayacağı gələn il bəlli olacaq”.
“Turan” klinikasından dedilər ki, hələlik müayinələrin qiymətində artım yoxdur:
“Onsuz da xəstələrin maddi imkanları məhduddur. Qiymət artırılsa, müayinəyə və ya müalicəyə gələnlərin sayı azalacaq. Amma dolların bahalaşması işimizə mütləq təsir edəcək”.
“Sity Hospital” klinikasının əməkdaşı isə dolların bahalaşmasının klinikanın fəaliyyətinə təsir edib-etməyəcəyini söyləməkdə çətinlik çəkib:
“Hələlik əvvəl tətbiq etdiyimiz qiymətlər dəyişməyib. Lakin bu barədə yalnız klinikanın rəhbəri Əlövsət Qocayev məlumat verə bilər”.
Ə.Qocayevlə əlaqə saxlamaq isə mümkün olmayıb.
“Vital” klinikadan dolların bahalaşmasının klinikanın fəaliyyətinə “müsbət təsir etdiyini” söyləyərək telefonu qapatıblar.
Mərkəzi Klinik Xəstəxanadan açıqlama vermək səlahiyyətində olmadıqlarını dedilər.
“Oksigen” klinikasında da müayinələrin qiyməti artmayıb, lakin gələn ildən qiymətlərə yenidən baxıla bilər.
“Diaqnoz” tibb müəssisəsində isə gələn il qiymətlərə yenidən baxılacağının mümkünlüyünü söyləyiblər.
Qeyd edək ki, dollar bahalaşandan sonra bəzi klinikaların bağlanacağı ilə bağlı bu gün məlumatlar yayılıb.