Anar İbrahimov: “Yerli valyutanın xarici valyuta ilə müqayisədə dəyərdən düşməsi ixrac potensialının artmasına səbəb olmalıdır”
Tural Abdullayev: “Manatın devalvasiyasının yerli istehsala müəyyən faydası olacaq”
Manatın növbəti dəfə devalvasiyası fonunda bəzi işbazlar idxal edilən məhsulların qiymətini artırmağa çalışır. Süni qiymət artımına qarşı artıq rəsmi səviyyədə sərt tədbirlər görüləcəyi bildirilib. Digər tərəfdən devalvasiya yerli istehsalın stimullaşması baxımından da mühüm əhəmiyyət daşıyır. Eyni zamanda xarici məhsulların bahalaşacağı fonunda yerli məhsullara marağın artacağı gözlənilir.
İqtisadçı-ekspert Anar İbrahimov ilk olaraq bildirir ki, yerli valyutanın dəyərdən düşməsi gözlənilən idi. O əlavə etdi ki, nəzəri cəhətdən məsələyə yanaşsaq, yerli valyutanın xarici valyuta ilə müqayisədə dəyərdən düşməsi ixrac potensialının artmasına səbəb olmalıdır: "Ancaq ölkəmizin ən sıx iqtisadi tərəfdaşlıq etdiyi ölkələrə baxsaq, görərik ki, tərəfdaş ölkələrdə də devalvasiyalar baş verib. Bundan əlavə bildiyimiz kimi, qeyri-neft sektorunda ölkəmizin istehsal etdiyi məhsullar arasında kənd təsərrüfatı məhsulları üstünlük təşkil edir. Ölkəmizdə isə kənd təsərrüfatı məhsullarının istehsalı üçün müvafiq vasitələr, gübrələr, müasir texnikalar idxal hesabına ödənilir. Sadalanan bu faktorlar kənd təsərrüfatı məhsullarının istehsal xərclərinin, sonda isə kənd təsərrüfatı məhsullarının qiymətinin artmasına səbəb olacaq.
Manatın dollar qarşısında təxminən 48% dəyərinin itirməsi ölkəmizə idxal olunan məhsulların qiymətinin ciddi şəkildə artmasına səbəb oldu ki, bu faktorlar xammalı idxal məhsulları ilə formalaşan yerli məhsulların qiymətinin artmasına təsirsiz ötüşməyəcək. Amma məhz indiki halda yerli istehsalın stimullaşdırılmasına ciddi ehtiyac var. Hökumət bunun üçün ciddi addımlar atmalıdır. Belə ki, kənd təsərrüfatının sığortalanmasını sürətləndirməli, aqrar sahəyə kreditlərin ayrılmasında banklara vergi güzəştləri etməlidir ki, son nəticədə kredit faizləri aşağı düşsün və kənd təsərrüfatı məhsullarının istehsal xəcrləri azalsın. İstehsal xərclərinin azalması fonunda isə kənd təsərrüfatının qiymətləri aşağı düşəcək və yerli istehsala indiki iqtisadi çətinliklər zamanında ciddi stimul verəcək”.
Pərakəndə və xidmət sahələri üzrə marketolaq Tural Abdullayev isə hesab edir ki, manatın devalvasiyasının yerli istehsala müəyyən faydası olacaq: "Eyni zamanda lisenziyaların verilməsi prosesinin də sadələşdiyini nəzərə alaq. Ancaq bizdə yerli istehsal məhsulunun tam başa gəlməsində xarici elementlər də var. Məsələn, hansısa konservant məhsulda meyvə yerlidirsə, qablaşdırılmada istifadə edilən qablar xaricdən gəlir. Amma bunu keyfiyyət baxımından deyə bilmərik. Artıq xaricdən gətirilən bütün məhsulların yerli istehsalı olacaq. Ancaq ilkin mərhələdə həmin məhsullardan yüksək keyfiyyət gözləməməliyik. Bu proses iki il öncə Rusiyada baş verdi. Orada hər bir şəhər üçün bir neçə brend məhsul öhdəliyi qoyulmuşdu”.
Ekspert əlavə etdi ki, xarici məhsulların bahalaşması fonunda yerli istehsala tələbat artacaq: "Ancaq demək olmaz ki, xarici məhsul alınmayacaq. Sadəcə, bahalı məhsulların idxalında azalmalar qaçılmazdır. Çünki, həmin məhsulları bir qism insanlar alırdılar ki, artıq onlar da xərclərə qənaət edəcəklər”.