Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” fərman imzalayıb. “Qafqazinfo” xəbər verir ki, fərmana əsasən lisenziyalaşdırma qaydasının dəyişməsi və bəzi fəaliyyət növləri üçün lisenziya alınması tələbi ləğv edilir.
O cümlədəm lisenziya verilməsi üçün tələb olunan şərtlər sadələşdirilir və təkmilləşdirilir. Radioaktiv və ionizə şüaları verən maddələrin tullantılarının saxlanması və basdırılması, bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə fəaliyyət, ciddi hesabat blanklarının hazırlanması, müxtəlif növ möhürlərin və ştampların hazırlanması növləri üzrə lisenziyalaşdırılan iş və xidmətlərin sayı azaldılır. Radioaktiv və ionizə şüaları verən maddələrin tullantılarının saxlanması və basdırılması fəaliyyət növü üzrə lisenziyanı əvvəlllər Ekologiya və Təbii Sərvətlər Nazirliyi verirdisə, bundan sonra bu lisenziyanı Fövqəladə Hallar Nazirliyi verəcək.
Bundan əlavə, neft və qaz məhsullarının satışı, avtomobil nəqliyyatı üzrə taksi və yük daşımaları, tütün məmulatının və etil (yeyinti) spirtinin və alkoqollu içkilərin istehsalı, idxalı və satışı lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılaraq ləğv edilib. Ən vacib məsələlərdən biri isə lisenziyaların müddətsiz verilməsi ilə bağlıdır.
“Qafqazinfo” sözügedən sahələr üzrə lisenziyaların ləğv edilməsi, o cümlədən bəzi fəailiyyət növləri üzrə sadələşdirilməsi, müddətsiz verilməsinin indiki durumda iqtisada inkişafa nə kimi müsbət təsirlərinin olacağını araşdırıb.
Məsələ ilə bağlı iqtisadçı ekspert Azər Mehtiyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu ilin sentyabr ayında lisenziyalarla bağlı qanunlara yenidən baxılması ilə bağlı prezident göstəriş verdi: “Məlum olmuşdu ki, ekspertlərin də zaman-zaman səsləndirdiyi kimi lisenziyalaşdırma sahəsində ölkədə normal siyasət həyata keçirilmir. Lisenziyaların sayı çoxdur və onlara ödənilən rüsumların məbləği yüksəkdir. Lisenziyaların konkret müddətə verilməsi məsələsi başa düşülən deyil. Bütün bunlar əslində dövlət başçısının da qeyd etdiyi kimi insanların incidilməsi və müəyyən haqq qazanılmasına xidmət edir. Bu baxımdan fərmanı ölkədə sahibkarlıq mühitinin yaxşılaşdırılması baxımından atılan ilkin addımlardan biri kimi dəyərləndirmək olar. Söhbət lisenziyaların sayının azaadılmasından, onların verilməsi qaydalarının sadələşdirilməsindən, lisenziya verilməsi üçün çəkilən xərclərə uyğun olaraq rüsumun təyin edilməsi məsələsindən gedir. İndi verilmiş fərmanların icrası ilə bağlı vəziyyət bizi maraqlandırır. Çünki zaman-zaman ölkədə bu tip fərmanlar verilir, lakin icra ilə bağlı problem olub. İndi ölkədə neft gəlirlərinin azaldığı dövrdür. Ümid edirik ki, artıq bu istiqamətdə daha ciddi uğurlar olacaq. Bu da ölkədə inhisarçılığın aradan qaldırılması və rəqabət mühitinin yaxşılaşdırılmasına gətirib çıxaracaq. Ancaq bu cür qərarların təsirinin tez bir zamanda nəticə verəcəyini gözləməyə dəyməz, çünki bu məsələlər zaman tələb edir”.
Sərnişin və yük daşınması sahəsində lisenziyanın ləğvinə gəlincə isə ekpsert qeyd edib ki, sürücülər müvafiq qaydada qeydiyyatdan keçməklə, gəlir əldə etmək üçün VÖEN almaqla bu sahə üzrə məşğul ola bilərlər: “Əslində taksi fəaliyyəti əvvəllər də lisenziyalaşdırılmırdı. Bunun üçün onlar hansısa idarədə qeydiyyatdan keçirdilər. Bu sahədə bizdə hələ ki, özbaşınalıq hökm sürür. Hər bir şəxs deyir ki, taksi fəaliyyəti göstərirəm. Ancaq bunun normal yanaşması odur k, hüquqi və fiziki şəxs tərəfindən təşkilatlanma həyata keçirilməlidir. Hamı bilməlidir ki, söhbət bu işi həyata keçirən hansısa qurumdan gedir”.