Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində ölkə prezidenti tərəfindən əfv sərəncamının imzalanacağı gözlənilir. Yayılan məlumata görə, əfv olunacaq şəxslərin son siyahısının dekabrın 23-də razılaşdırılacaq. Bu məsələlərin Birgə Qrupun iclasında müzakirə edilməsi və yekun siyahının dövlət başçısına göndərilməsi nəzərdə tutulur.
Eyni zamanda bildirilir ki, hakimiyyət budəfəki əfv sərəncamı ilə həbsdə olan jurnalistləri azad etmək fikrindədir. Ancaq həbsdə olan jurnalistlərdən neçə nəfərinin Azərbaycan prezidentinə əfv üçün müraciət etdiyi bəlli deyil.
“Qafqazinfo”nun Əfv komissiyasının üzvü, Milli Məclisin deputatı Azay Quliyev Modern.az-a açıqlamasında bildirib ki, komissiyasının üzvü heç bir şəxsin adını əvvəlcədən açıqlaya bilməz:
“Bu bizim səlahiyyətimizə uyğun deyil. Biz orada müzakirə etdiyimiz adları, kimin azad olub-olmayacağını indidən deyə bilmərik. Bu, prezidentin səlahiyyətinə müdaxilə etmək deməkdir. Bizə daxil olan bütün müraciətlərə baxmışıq”.
Həbsdə olan jurnalistlərdən neçə nəfərinin Azərbaycan prezidentinə əfv üçün müraciət etməsi məsələsinə gəlincə isə Azay Quliyev qeyd edib ki, jurnalistlərdən indi yox, çoxdan əfv üçün müraciət edənlər olub.
“Jurnalistlərin bir çoxunu xatırlaya bilərəm. Amma indiki zamanda onların adlarının siyahıda olub-olmadığını deyə bilmərəm. Dəqiq bir neçə müddət qabaq jurnalistlərdən əfv üçün müraciət edənlər olub”- deyə millət vəkili bildirib.
Onu da qeyd edək ki, həbsdə olan jurnalistlərdən Azər İsrafilov bu ilin may ayında əfv ərizəsi yazıb.
Hazırda Ədliyyə Nazirliyi Penitensar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən jurnalist Azər İsrafilov may ayında dövlət başçısına müraciət etmişdi. Lakin 28 May – Respublika Günü münasibəti ilə əfv sərəncamı imzalanmadı.
Xatırladaq ki, Apelyasiya Məhkəməsi Azər İsrafilovun himayəsində 2 azyaşlı uşağın olduğunu, ilk məhkumluğu nəzərə alaraq ona Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edib və cəzasını 7 ildən 3 ilə endirib. Artıq 1 il 7 aydır məhkumluq həyatı yaşayan jurnalist dövlət başçısı tərəfindən əfv olunmasını istəyir.