Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Günəşli” yatağında baş verən partlayışdan sonra dənizin neft məhsulları ilə çirklənməsi barədə yayılan məlumatlarla bağlı mətbuat konfransı keçirilib.
“Qafqazinfo”nun xəbərinə görə, nazirliyin ətraf mühit üzrə analitik depratamentin direktor müavini Mətanət Avazova bildirib ki, yataqda 28 neft fəaliyyət göstərib: “O quyular qaz-lift üsulu ilə işləyirdi. Hadisədən sonra o quyulara qazın verilişi dayandırıldı və quyular fəaliyyətsiz formaya gətirildi. Bu gün orada heç bir yanğın və neft və ya qaz axıntısı yoxdur. Çirkləndirici maddələrə nəzarət üçün operativ ekspedisiya yaradılıb və hazırda orda analiz aparılır. Hazırda orada olan mütəxəssisimizlə əlaqə yarsdacağıq, sizə məlumat veriləcək”.
Bundan sonra hazırda 10-cu platformada olan nazirliyin Ətraf mühitin mühafizəsi sektorunun müdiri Mirsalam Qəmbərov ilə canlı telefon əlaqəsi yaradılıb. M.Salamov deyib ki, monitorinq planlı surətdə mütəmadi olaraq tədbirlər planına uyğun olaraq aparılır: “İnsanlar arasında informasiya mübadiləsindən sui-istifadə edib ajiotaj yaradırlar. Bu platformada olan quyular qaz-lift üsulu ilə işləyir. 4 dekabrdan sonra 7 qaz quyusu ətarfında müzakirələr aparılır. Mütəxəssislər hesab edir ki, əgər ətraf mühit məsələsi nəzərə alınmasaydı, yanğın daha tez söndürülərdi. Ətraf mühit çirklənməsin deyə yanğının söndürülməsi yubandı. Hazırda bu ətrafda heç bir neft çirklənməsi yoxdur.
Bu gün ərazi müvafiq orqanlar, SOCAR, bp, Xəzər Dəniz Gəmiçiliyi və digər qurumlarının texniki vasitələri ilə tam şəkildə təmin olunub. Bundan sonra da ola biləcək çirklənməyə qarşı tədbirlər görülüb. Biz vəziyyəti insanlara düzgün çatdırmalıyıq. Mütəxəssislər çox yaxşı bilir ki, mövcud olan quyular qaz-lift üsulu ilə işləyir, onlar fontan üsulu işləmir ki, neft dağıntıları olsun. İnformasiya agentlikləri mövcud olmayan hadisələri insanlara çatdırırlar. Kim istəyirsə, özü bura gəlib görə bilər”.
***
Mətanət Avazova deyib ki, atmosferdə müəyyən qədər çirklənmə var və onlardan nümunə götürülüb. “Bu maddələr analiz olunduqdan sonra onun ətrafa hansısa təsiri ola biləcəyini bilinəcək. Hazırda orada neft axıntısı yoxdur. Yanan qazın tərkibində 100-ə qədər karbohidrogen birləşmələr var. Yanma prosesində də o karbohidrogenlərin hamısı yanıb. Hazırda çirkləndirici maddələr atmosferdədir, dəniz suyunda fauna üçün heç bir zərər yoxdur”.
Monitorinq İdarəsinin rəisi Nadir Cahangirov deyib ki, qurumun əməkdaşları 3 gündür hadisə yerindədir: “Onların əldə etdiyi maddələr əsasında analitik laborator müayinələr aparılıb və suyun tərkibində neft aşkar olunmayıb. Bundan sonra da müayinələr davam etdiriləcək, əgər hər hansı zərərverici maddə aşkarlanarsa, ictimaiyyətə məlumat veriləcək. Bu gün təlaşa səbəb ola biləcək şərait yoxdur”.
Mətanət Avazova: “Yeddi qaz quyusundan ikisi söndürülüb, biri söndürülmək üzrədir, arada püskürür. Qalan 4 qaz quyusunda yanğın davam edir. Hələ də söndürülməyib”.