İndiyədək Nazirlər Kabinetinin səlahiyyətindəki idxalda əlavə dəyər vergisindən (ƏDV) azadolmaları artıq Vergi Məcəlləsi tənzimləyəcək.
“Qafqazinfo” azadliq.org-a istinadən xəbər verir ki, iqtisadçı ekspert Qalib Toğrul deyir ki, bu dəyişikliyədək ehtiyac yaranarkən, hər hansı idxal məhsulunu Nazirlər Kabineti ƏDV-dən azad edə bilirdi: «Bu səlahiyyəti Nazirlər Kabinetinə verən Vergi Məcəlləsinin 164.2-ci maddəsi 2016-ciı il yanvarın 1-dən qüvvədən düşəcək... Parlamentdə müzakirədən və prezident təsdiqləyəndən sonra həmin dəyişiklik Məcəlləyə salınaraq qüvvəyə minəcək».
İdxalda ƏDV-dən azadolmalar sözügedən dəyişikliyədək, əsasən, Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» 31 yanvar 2005-ci il tarixli Qərarı ilə tənzimlənirdi. Ehtiyac doğduqca həmin qərara indiyədək xeyli dəyişiklik edilmişdi. Qərar qüvvədə qalsa da, indən belə Nazirlər Kabineti ona hər hansı dəyişiklik etmək səlahiyyətində deyil.