Maliyyə Nazirliyi və Hesablama Palatası Hacıqabul rayon İcra Hakimiyyətində yoxlamalar aparacaq.
Vizual.Az-a daxil olan məlumata görə, dövlət büdcəsindən ayrılan vəsaitlərin sosial-iqtisadi inkişaf və infrastruktur layihələrinin icrasında sərf olunması araşdırılacaq.
Bir neçə rayonda olacaq yoxlamaların Hacıqabuldan başlanması nəzərdə tutulub. Buna səbəb rayonu İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun adının maxinasiyalarda və tender əməliyyatlarında hallanmasıdır. Eyni zamanda sahibkarların incidilməsi və Prezident Administrasiyasına şikayətlərin ünvanlanmasıdır.
Ə.Muxtarov "Muğan-1” firmasını tenderdə qalib elan edərək yolların çəkilişini bu şirkətə həvalə edib. İcra hakiminə yaxın olduğu deyilən "Muğan-1” şirkətinin maliyyə maxinasiyalarına yol verdiyi söylənir. Maliyyə Nazirliyi və Hesablama Palatası Hacıqabul RİH-də bu detallarla bağlı təftiş aparmağa hazırlaşır.
Xəbərlərə görə şirkət asfaltın qalınlığı layihədə 10 sm göstərilsə də, 4-5 sm-ə qədər ixtisar edərək maliyyə cinayətinə yol verib. Ə.Muxtarova yaxın şirkətin tenderdə necə qalib olması da nəzərdə keçiriləcək.
Məlumatda iddia olunur ki, rayonda gedən abadlıq-quruculuq işlərində də icra başçısına yaxınlığı ilə seçilən bir şirkət büdcə talançılığında iştirak edib. "İnşaatçı-S” MMC Ə.Muxtarovun növbəti tenderdə qalib elan etdiyi şirkət kimi yüz minlərlə manat mənimsəyib.
Mənbə qeyd edir ki, icra başçısı xaraktercə sakit təbiətli biridir və adının qaranlıq işlərində çəkilməsinə bərk narahat olur. Odur ki, müavinlərini və icra nümayəndələrini irəli verərək maliyyə yeyintilərində iştirak olmadığı qənaəti yaradır. Halbuki "İnşaatçı-S” MMC şirkətinə abadlıq işləri üçün üst-üstə ayrılan 2,3 milyon manat vəsaitin 25 faizinin icra başçısına çatdığı iddia edilir.
Bu da azmış kimi, Ə.Muxtarovun adı heyvandarlıq təsərrüfatları və əkinçilik sahələrini mənimsəməkdə hallanır. Rayonun Padar-Muğan-Qarasu ərazisində 5 min hektara yaxın yararlı dövlət torpaqları icra başçısına yaxın vəzifəlilər tərəfindən qeyr-rəsmi ələ keçirilib.
Mənbənin sözlərinə görə, məhz yuxarıda sadalanan məqamlar nazirlik və palata tərəfindən əsas araşdırma mövzularıdır. Ə.Muxtarovun fəaliyyətindən narazılıq edən iş adamları isə prezidentə müraciət etməklə problemin həllinə ümid edir.
Hacıqabul-Horadiz yolu üstündə xeyli sayda ticarət və istirahət obyektləri tikilib. İcra başçısının həmin obyektlərin tikintisinə icazə verməsi üçün sahibkarlardan qeyri-rəsmi rüsum aldığı iddia olunur. Bir qrup hacıqabullu sahibkarın savash.org-a göndərdiyi müraciətdə də deyilirdi ki, qanunsuz tələblərdən cana doyublar.
Onların ən böyük arzusu icra başçısının işlərinə müdaxilə etməməsidir. Rayonun M.F.Axundov, H.Həmidov, Ə.Vahid, H.Aslanov və İ.Qayıbov küçələrinə sahibkarların daxili imkanları hesabına qum-çınqıl qarışığı verilib.
Amma icra başçısı "yuxarılar”a guya adıçəkilən küçələrdə ciddi asfaltlama işlərinin görülməsi haqda yalan məlumatlar verib. Reallıqda isə asfalt bütün küçələrə çəkilməyib, çəkilən küçələrdə isə asfalt qatının keyfiyyətindən söhbət gedə bilməz.
Məlumata görə, Ə.Muxtarov hər ay rayon Təhsil şöbəsi, Səhiyyə idarəsi, Mədəniyyət və Turizm şöbəsi, Suvarma Sistemləri İdarəsi, Pirsaat Qış Otlaqlarının Su Təchizatı Sistemləri İdarəsi, Kür Su Kəmərləri İdarəsi, Rayon Telefon Qovşaq idarəsi, 2 saylı Yol Yaşıllaşdırma MMC və digər təşkilat rəhbərlərindən də hesab alır.
Qeyd edək ki, o, bu vəzifəyə 29 mart 2006-cı ildə təyin olunub. Bu isə o deməkdir ki, artıq onun Hacıqabula rəhbərlik etməsinin təqribən 10 ili tamam olur. Yazıdakı iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.