“Qafqazinfo”nun suallarını cavablandıran Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin də məlum yerdəyişmələrə münasibəti özünəməxsus olub:
“İlk öncə qeyd edim ki, Misir Mərdanovla bağlı sərəncam elan olunar-olunmaz rastlaşdığım hər kəsin üzündə, gözündə qəribə bir sevinc işartısı, məmnunluq hissi gördüm. Bu günə qədər vəzifədən gedənlərin timsalında heç belə hadisə ilə qarşılaşmamışdım. Sanki hamı xoşbəxt idi və hansısa əlamətdar hadisəni qeyd edirdi. Və deyim ki, bu mənzərənin səbəbi hələ özüm üçün də tam aydın deyil və ya anlaya bilmədim, bu həyəcan Misir müəllimin gedişi, ya da Azərbaycan təhsilinə yeni nəfəsin gəlməsi ilə bağlı idi, yoxsa nə. Amma hər halda dəqiq olan budur ki, insanlar Misir Mərdanovun işdən azad olunmasını birmənalı şəkildə alqışladı. Səbəb hər nə olursa olsun, fərq etməz. Bütün hallarda bu çox ciddi hadisədir, addımdır. Eyni zamanda arzu edirik ki, prosesin davamı gəlsin və kreslosunu ömürlük zənn edənlər nəhayət anlamış olsunlar ki, hər şeyin bir sonu var. Vəzifə onların alnına və adına yazılmayıb, nə də əyinlərinə biçilməyib. Dörd əlli yapışmasınlar həmin vəzifələrdən. Zamanı çatanda özləri istefa verib getsinlər. Gəncliyə yol açsınlar, yenilikçiliyin təməlini qoysunlar, ölkə idarəçiliyinə ənənə gətirsinlər, vəzifədən gedə bilmə mədəniyyəti sərgiləsinlər.
Amma harda?!...
O ki qala İsmayıl Ömərovla bağlı məsələyə, şəxsən öz adımdan buna təəssüfləndiyimi söyləyə bilərəm. Hərçənd İsmayıl müəllim bu addımı ilə çox böyük bir nümunə göstərmiş oldu, amma yenə də “kaş ki belə olmayaydı” - demək məcburiyyətindəyəm. Çünki o insana çox böyük və dərin hörmətim var. Eyni zamanda düşünürəm ki, İctimai Televiziyanın ərsəyə gəlməsində və İTV-nin öz simasını lazım olan şəkildə qorumasında İsmayıl müəllimin göstərmiş olduğu xidməti, çəkmiş olduğu əziyyəti kimsə dana bilməz. Ən nəhayətində isə vurğulayım ki, Ömərov bundan sonra harda olacaqsa olsun, ona olan rəğbətim və münasibətim heç bir zaman dəyişməyəcək”.
“Necə düşünürsünüz, Misir Mərdanov presidenti tezliklə digər uzunömürlü nazirlərə də şamil oluna bilərmi?”- sualına isə partiya sədrinin cavabı belə oldu: “Misir Mərdanovun ardınca vəzifəsindən azad olunacaq məmurların siyahısı və kimlik həndəvəri yalnız cənab Prezidentə məlumdur. Və ya, haqqında danışdığımız vəzifəli şəxslərin təyinatı haqqda bu və ya digər şəkildə qərar vermək hüququ sadəcə ölkə başçısının səlahiyyətinə daxil olan məsələdir. Odur ki, bu haqqda nəsə söyləmək ehtimal və fərziyyədən o yana keçməz, keçə bilməz. Amma bütün bu söylədiklərimə rəğmən bayaqkı fikrimə bir daha qayıtmaq istəyirəm: Kaş, belə bir addım olsun. Kaş, yürüdülən siyasətə, dövlətçiliyə qarşı çıxan hər kəs yerindəcə, anındaca layiqli cavabını və cəzasını alsın. Getməsi gərəkən məmurlar var. Getsinlər artıq. Hətta bəziləri bu məsələdə gecikiblər belə..”