Azərbaycan Hesablama Palatasının Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında dövlət büdcəsinin yerli xərclərindən İsmayıllı rayon Təhsil Şöbəsinə ayrılan vəsaitlərin auditinin nəticələri müzakirə edilib.
Hesablama Palatasından Arqument.Az verilən məlumata görə, müzakirələrdə fəaliyyət istiqaməti üzrə məsul auditor V.Həsənovun hesabatı və rəyi, eyni zamanda yoxlama qrupuna rəhbərlik etmiş Z.Rzayevin məruzəsi dinlənilib, Kollegiya qərarının layihəsi müzakirə olunub.
Yoxlama qrupunun rəhbərinin qurum üzrə həyata keçirilmiş nəzarət tədbirində araşdırılmış məsələlər, tətbiq edilmiş audit metodları ilə bağlı məlumatları dinlənildikdən sonra fəaliyyət istiqaməti üzrə auditor V.Həsənov müəyyən edilmiş nöqsanların xarakteri, nəticələr və auditor rəyində əks etdirilmiş tövsiyələr barədə məruzə edib.
Auditor V. Həsənov İsmayıllı rayon Təhsil Şöbəsinin (TŞ) fəaliyyətində aşkar edilmiş nöqsanların, əsasən, digər təhsil şöbələrinin işində də aşkarlandığını qeyd edib və bildirib ki, TŞ tərəfindən büdcə proqnozlarının tərtibinə əsaslı yanaşılmaması və zəruri amillərin nəzərə alınmaması səbəbindən bir çox xərc maddələri üzrə icra səviyyəsi aşağı oluv, bəzi xərclər isə, ümumiyyətlə, istifadə edilməyərək büdcəyə qaytarılıb.
Auditor TŞ tərəfindən Nazirlər Kabinetinin müvafiq Qərarının bəzi tələblərinə əməl edilməyərək siniflər üzrə şagirdlərin sıxlığının gözlənilməməsi və az kontingentli ibtidai siniflərdə komplektləşdirmə aparılmaması nəticəsində artıq sinif komplektlərinin saxlanılması hallarına yol verildiyini, bir sıra hallarda əmək haqqı dərəcələri və əlavələrin düzgün hesablanılmadığını, evdə fərdi təhsilə cəlb olunmuş uşaqların yay tətili dövründə də məktəbə aparılıb-gətirilməsi üçün büdcə vəsaitinin xərcləndiyini bildirib.
Eyni zamanda diqqətə çatdırılıb ki, xərclər smetasında nəzərdə tutulmadığı halda, TŞ tərəfindən funksional fəaliyyətlə əlaqəsi olmayan bir neçə istiqamət üzrə dövlət vəsaiti xərclənib, artıq ezamiyyə xərcinə yol verilib, malların (işlərin və xidmətlərin) satın alınması zamanı müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan bir mənbədən satınalma metodundan istifadə edilib, satınalma proseduru keçirilmədən vəsait xərc edilib.
Auditor İsmayıllı rayon Təhsil şöbəsi tərəfindən mühasibat uçotunun Milli Standartlara uyğun aparılmadığını, maliyyə hesabatlarının tərtibi zamanı bir sıra nöqsanlara yol verildiyini, o cümlədən təsərrüfat fəaliyyətinin nəticələrinin bəzi hallarda hesabatlarda düzgün əks etdirilmədiyini, inventar və mal-materialların uçotunun düzgün sənədləşdirilmədiyini qeyd edib.
Daha sonra auditor rəydə əks etdirilmiş tövsiyələri diqqətə çatdırıb, bildirib ki, ümumtəhsil məktəblərinin rəhbər işçilərinə dərs tarifləşdirilərkən, fərdi təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqların valideynlərinə və ya digər qanuni nümayəndələrinə yol pulu müavinəti ödənilərkən, müvafiq fənlərin tədrisi zamanı siniflər yarımqruplara bölünərkən, məktəbdənkənar müəssisələrə dərnək rəhbəri təyin edilərkən normativ-hüquqi aktların tələblərinə riayət edilməsi işinə nəzarətin gücləndirilməsi zərurəti var.
Nəzarət tədbirinin nəticələri üzrə Kollegiya Qərarının layihəsi də müzakirə edilib, Kollegiya üzvlərinin təklif və iradları dinlənilmiş və nəzərə alınıb. Kollegiya Qərarı səsə qoyularaq qəbul edilib.