Hələ 4 il əvvəl Azərbaycan Beynəlxalq Bankının (ABB) prezidenti Cahangir Hacıyevin qanunsuz əməlləri ilə bağlı maliyyə naziri Samir Şərifovdan zəruri addımlar atması istənilib. Amma bunun heç bir faydası olmayıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumarı qaynar.info yayıb. Xəbərdə bildirilir ki, 2011-ci ildə Hacıyevin şəriki olan Xəqani Bəşirov adlı iş adamına ABB-dən 185 milyon manat kredit verməsi, sonuncunun isə həmin pulları mənimsəməsi barədə iddialar ortaya çıxıb. İddialara görə, C.Hacıyev X.Bəşirovun adına rəsmiləşdirilən müxtəlif məhdud məsuliyyətli cəmiyyətlərə (MMC) kredit ayırıb. Həmin kreditlər vaxtında ödənilmədiyi halda C.Hacıyev yenə də X.Bəşirovun nəzarətindəki MMC-lərə kreditlər ayırmaqda davam edib. X.Bəşirov həbs olunsa da, az sonra müəmmalı şəkildə azad olunub və hazırda o, xaricdədir.
Həmin vaxt “Bakı Quşçuluq” ASC-nin səhmdarlarından bəziləri maliyyə naziri Samir Şərifova məktub ünvanlayaraq, bildiriblər ki, X.Bəşirov xaricdə olsa da, o, C.Hacıyevlə birgə maxinasiyalarını davam etdirir. Belə ki, C.Hacıyevə aidiyyəti olan “Bakı Quşçuluq” ASC-nin ləğv edilməsi zamanı cinayət törədilib. Səhmdarlar bu haqda maliyyə nazirinə məktublarında ətraflı bəhs edib və ondan bunun qarşısını almağı istəyiblər.
Mənbənin dediyinə görə, 2011-ci il sentyabrın 30-da “Bakı Quşçuluq” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. Yığıncaq cəmiyyətin 93 faiz səhmlərinin sahibi olan “Xəzər Menecments Sistems” MMC-nin (“Xəzər Menecment Sistems” MMC Xəqani Bəşirovun Panama Respublikasında qeydiyyata alınan “OCEANSTREAM INC” şirkətinə daxildir ) tələbi ilə çağırılıb, MMC cəmiyyətin ləğv edilməsini, ləğvetmə komissiyasının formalaşdırılmasını tələb edib.
Yığıncaqda MMC-nin ABB-dən bir milyon manat kredit götürərək qaytarmadığı, torpaq vergisi şəklində borclarının olduğu, yeni texniki paspotun alınması üçün 65 min manat ödənilməsi və digər borclar barədə məlumatlar verilib. Bir sözlə, səhmdar cəmiyyətin borclar içində üzməsi səhmdarların nəzərinə çatdırılıb və elan olunub ki, vəziyyətdən çıxmağın yeganə yolu cəmiyyətin ləğvidir.
Səhmdarların əksəriyyəti cəmiyyətin ləğv edilməsinə etiraz etsələr də, bu haqda qərar qəbul edilib. Həmin vaxt istisna olunmurdu ki, ləğvetmə qərarı adıçəkilən ASC-də hansısa qanunsuzluq faktlarını, o cümlədən müəyyən maxinasiyaları ört-basdır etmək məqsədi daşıyır.
Səhmdarlar maliyyə nazirinə müraciətlərindən sonra ümid edirdilər ki, maliyyə naziri öz səlahiyyətlərindən istifadə edərək, rəhbərlik etdiyi qurumun işçilərinə “Bakı Quşçuluq” ətrafında baş verənləri araşdırmaq və gərəkən hüquqi ölçü götürülməsini təmin etmək, minor səhmdarların hüquqlarının tapdanmasının qarşısını almaq göstərişi veriləcək.
Amma səhmdarların müraciəti cavabsız qalıb. Onlar aylarla öz haqlarını qorumaq üçün mübarizə aparsalar da bu, nəticə verməyib.
Elə maraq doğuran da budur: maliyyə naziri Samir Şərifovu baş verənlərə müdaxilədən çəkindirən nə olub, o niyə səhmdarların haqq səsinə reaksiya verməyib? Bu müəmmalı nüans barədə konkret nəsə demək çətindir.
Amma bunu da qətiyyən istisna etməməliyik ki, nazir 4 il öncə bir müəssisə ətrafında haqqında danışılan qanunsuz proseslərə adekvat reaksiya versəydi, Cahangir Hacıyevin ABB-ni də sözün həqiqi mənasında talan etməsi qeyri-mümkünsüzləşər, ən azı oradakı qanunsuzluqların miqyası indiki kimi olmazdı.