Ərazi üzrə vergidən yayınma hallarına elə müfəttişlərin özləri şərait yaradırlar
Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergi Departamentində özbaşınalıq baş alıb gedir. Bu barədə JAM.AZ-a etibarlı mənbələrdən məlumat daxil olub.
Həmin məlumatda deyilir ki, bu özbaşınalıq əsasən yığılan vergilərlə bağlı fərqli bir taktikanın seçilməsidir. Belə ki, əraziyə nəzarət edən vergi işçiləri sahibkarlarla danışıqlara gedərək, onların vergidən yayınmasına şərait yaradır, hətta bir çox hallarda yardımçı olurlar. Məsələn, vergi müfəttişləri sahibkarlara təklif edirlər ki, əgər daha çox vergi vermək istəmirlərsə, VÖEN-lərini bağlasınlar.
JAM.AZ-a məlumat verən mənbə bildirir ki, vergi işçilərinin sahibkarlara izahatı belə olur ki, hazırda böhranlı vəziyyətdir və VÖEN-i olub, aşağı məbləğdə vergi ödəyəndə nazirlik şübhələnməyə başlayır. Belə ki, nazirlik hesab edir ki, əgər VÖEN varsa və az vergi yığılırsa, deməli, işin içində başqa işlər var. Ardından da az vergi yığılması səbəbindən müfəttişlər danlanırlar. «VÖEN bağlandıqda təbii ki, danlaq olmayacaq. Onlardan niyə az vergi yığıldığı barədə də sorğu-sual etməyəcəklər».
Qeyd edilir ki, VÖEN-i bağlamayanlara da bir çarə tapıblar. İddia olunur ki, onlara boş bəyannamə verili. Guya, fəaliyyət göstərməyiblər. «Sahibkar var ki, 1 ildir vergi ödəmir. Vergi ödəməyibsə, deməli, sosial sığorta haqqı da ödəməyib. Bu isə dövlət büdcəsindən külli miqdarda vəsaitin gizlədilməsidir. Üstəlik, rəqabət prinsipi pozulur, ayrı-seçkilik müşahidə edilir».
Mənbə onu da bildirir ki, hal hazırda Sumqayıt şəhərində fəaliyyət göstərən avtomobil yuma sexləri, avtotəmir yerləri, habelə ehtiyat hissələri dükanları, bərbərxanalar, o cümlədən kompyüter satışı və təmiri, telefon təmiri dükanları da vergidən yayınırlar. Qarşı tərəfi də dinləməyə hazırıq.