Restoranlar yemək və şou proqrama görə ayrı-ayrılıqda vergi ödəməli olacaqlar
Yeni qüvvəyə minən Vergi Məcəlləsinə əsasən, şadlıq evləri və restoranlar bundan sonra iki cür vergi ödəyəcəklər: iaşə xidmətlərinə görə ayrı, şou və texniki xidmətlərə görə isə ayrı. Tutulacaq faizlər də fərqlidir. Artiq bu prosesə nəzarət etmək üçün konkret addımlar da atılıb. Şadliq evlərinə kameralar quraşdırılıb və bununla fəaliyyətləri izlənilir.
Şadlıq evləri və restoranlar yemək və şou proqrama görə ayrı-ayrılıqda vergi ödəyəcəklər.
Bu vaxta qədər iaşə xidmətləri ilə yanaşı, şou proqram təqdim edən restoranlardan ümumilikdə 18 faiz əlavə dəyər vergisi tutulurdu. Yanvar ayının 1-dən etibarən qüvvəyə minəcək qanuna əsasən isə, restoranın gəlirləri iaşə və şou-proqram olmaqla iki qrupa ayrılacaq və vergi də hər qrupa görə ayrı-ayrı faizlər üzrə tutulacaq. Belə ki, iaşə xidmətlərindən əldə etdiyi illik gəliri 200 min manatadək olan restoranlar 4, daha çox gəliri olanlar isə 8 faizlə sadələşdirilmiş vergi ödəyəcəklər. Şou proqramlardan əldə olunan gəlir isə əlavə olaraq hesablanacaq.
Burda 8 və 18 faizlik vergitutma 200 min manatın üzərindəki məbləğə şamil olunacaq. Əgər şadlıq evləri və restoranların qazancı illik 200 mini ötməsə, onlar şou proqramdan əldə etdikləri qazanc üçün də 4 faiz sadələşdirilmiş vergi ödəyəcəklər.