Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov 2012-ci ildə Londonun ən nüfuzlu və bahalı rayonunda - Sent-Ceyms məhəlləsində oğlunun adına 8 otaqlı dəbdəbəli mənzil alıb.
“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, Londonun rieltor şirkətləridən birinin məlumatına görə, həmin mənzil hazırda Azərbaycanın xüsusi xidmət orqanları sistemində kriminal qruplaşma yaratmaqda ittiham olunan sabiq nazirə nə az, nə çox - düz 30 milyon funt-sterlinqə başa gəlib.
Sent-Ceyms məhəlləsində yaşayış üçün nəzərdə tutulan tikililər çox azdır. Bu rayonda inşaat işləri aparılmır, yeni binalar tikilmir. Ona görə də Sent-Ceymsdə ev və mənzillər çox bahadır. Hətta bütün Böyük Britaniyada ən yüksək sayılır. Burada yaşayış sahələri deyəndə adətən nəhəng qədim ev və malikanələr, bir də bərpa edilərək müasir mənzillərə çevrilən tarixi binalar nəzərdə tutulur.
Sabiq nazirin aldığı mənzilə gəlincə isə o, Eldar Mahmudovun oğlu Anar Mahmudovun adına sənədləşdirilib. Anar Mahmudov hazırda da Londonda yaşayır. Eldar Mahmudov korrupsiya və kriminal yolu ilə əldə etdiyi kapitalın böyük hissəsini Qərbdə məhz oğlunun şirkəti vasitəsilə leqallaşdırıb.
Qeyd edək ki, ölkənin hüquq-mühafizə orqanları bir müddət öncə MTN sistemində mütəşəkkil cinayətkar qruplaşmanı ifşa edərək zərərsizləşdirib. Həmin qruplaşmanın korrupsiya ilə, iş adamlarını qanunsuz olaraq təqib etməklə, onları töycü ödəməyə məcbur etməklə məşğul olması sübuta yetirilib. Nazirliyin 20 yüksək rütbəli keçmiş əməkdaşı hazırda həbsdədir.