Bu gün sosial şəbəkələrdə bank müştərilərinin kredit borclarını qaytarmaması imkanı barədə ekspert rəyləri yayılıb. Həmin rəydə bildirilir ki, gəlirlərin yalnız yaşayış minimumundan artıq hissəsi bank kreditinin ödənilməsinə yönəldilə bilər. Əks halda müştərinin krediti qaytarmamaq hüququ var.
“Məhkəmə və icraçılar borclu vətəndaşdan bankın xeyrinə yalnız yaşayış minimumundan yüksək gəliri tuta bilər: “Məsələn, tutaq ki, vətəndaşın himayəsində həyat yoldaşı və iki uşağı var. Bu o deməkdir ki, onların yaşayış minimumu 526 manatdır. Deməli, vətəndaşın əmək haqqısı 526 məbləğdən çoxdursa, həmin artıq məbləğdən borc tutula bilər (məsələn, 530 manatdırsa, ayda cəmi 4 manat tutula bilər). Azdırsa, heç nə tutula bilməz və kredit faktiki olaraq batır”, -deyə ekspertin açıqlamasında bildirilir.
“Qafqazinfo” xəbər verir ki, fins.az məsələyə aydınlıq gətirilməsi üçün Azərbaycan Banklar Assosiasiyasının (ABA) hüquq ekspert komissiyasının sədri Qorxmaz Ağayevə müraciət edib.
Q.Ağayev bildirib: «Əvvəla onu bildirim ki, «İcra haqqında» qanunda ödənişlərin məcburi alınması prosesi izah olunarkən «Yaşayış minimumu haqqında» qanuna istinad olunmayıb. Burada yalnız o göstərilib ki, bütün ödənişlər öhdəliyi olan şəxsin əmək haqqının 50%-dən artıq ola bilməz.
Digər tərəfdən, bu məsələ ilə bağlı yayılan məlumatlarda «Yaşayış minimumu haqqında» qanuna istinad edilir. Amma qanunda, daha dəqiqi, qanunun 2-ci maddəsində yaşayış minimumunun təyinatı, yəni hansı məqsədlərdə istifadə olunması sadalanıb. Beləliklə, yaşayış minimumundan aşağıdakı məqsədlər üçün istifadə olunur:
- aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsi sisteminin formalaşdırılmasında və tətbiqində;
- aztəminatlı ailələrin rifahının yüksəldilməsi konsepsiyasının və dövlət proqramlarının hazırlanmasında;
- əhalinin həyat səviyyəsinin qiymətləndirilməsində və proqnozlaşdırılmasında;
- fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin əsaslandırılmasında;
- əhalinin pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində;
- dövlət büdcəsinin, yerli büdcələrin, büdcədənkənar dövlət fondlarının, qanunvericilikdə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında.
Göründüyü kimi, buradakı bəndlərin birində göstərilir ki, yaşayış minimumu fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin əsaslandırılmasında istifadə oluna bilər. Ola bilsin ki, bu barədə fikir yürüdən ekspertlər qanundakı məhz bu nüansa əsaslanırlar.
Amma icbari ödənişlər dedikdə büdcə və büdcədənkənar fondlara ödəmələr, yəni vergi və DSMF-ə ödəmələr, rüsumlar, gömrük rüsumları və s. nəzərdə tutulur. Bank ödənişləri və məhkəmə qərarı ilə ödənişlər isə icbari ödənişlər sayılmır. Deməli, onların yaşayış minimumu ilə əlaqələndirilməsi doğru deyil. Bundan başqa, elə həmin qanunun 4.2-ci maddəsində yaşayış minimumu izah edilir. Həmin maddəyə görə, yaşayış minimumu istehlak səbətinə daxil olan ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlər orta bazar qiymətləri (tarifləri) ilə, icbari ödənişlər isə normalaşmış faktiki məsrəflər əsasında hesablanır. Başqa sözlə, icbari ödənişlər artıq yaşayış minimumunun tərkibində əksini tapıb. Ona görə də hesab edirəm ki, bu yanaşma, yəni bankın xeyrinə yalnız yaşayış minimumundan yüksək gəliri tuta bilər iddiası doğru deyil.
Digər tərəfdən, bank və müştəri arasındakı münasibətləri Mülki Məcəllə tənimləyir. Dövlət və hüquq sistemi bu tərəflərdən heç birinə üstünlük verə bilməz. Çünki onların hər ikisi bu sistemdə heyin hüquqa malikdir.
Buna görə də vətəndaşlar öz öhdəliklərinə nizam-intizamla yanaşmalı və anlamalıdırlar ki, onların öz öhdəliklərinə əməl etməməsi bank sektoruna, ölkə iqtisadiyyatına və nəticədə diər vətəndaşlara da çətinliklər yarada bilər».