Jurnalist hüququndan sui-istifadə etməyə görə fiziki şəxslər 300 manata, vəzifəli şəxslər 700 manata , hüquqi şəxslər isə 3 min manata qədər cərimə olunacaq.
“Qafqazinfo” xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dekabrın 8-də keçirilən iclasında müzakirəyə çıxarılan yeni İnzibati Xətalar Məcəlləsində əksini tapıb. Yeni Məcəllənin 387-ci maddəsində kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə fiziki şəxslər 200 manatdan 300 manata qədər, vəzifəli şəxslər 500 manatdan 700 manata qədər, hüquqi şəxslər isə 2 min manatdan 3 min manata qədər cərimə olunacaq.
Maddənin qüvvədə olan variantına görə isə fiziki şəxslər 15 manatdan 25 manatadək miqdarda, vəzifəli şəxslər 35 manatdan 50 manatadək miqdarda cərimə edilir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.