Əkrəm Həsənov: “Vətəndaşın məvacibi 526 məbləğdən azdırsa, borc tutula bilməz və kredit faktiki olaraq batır”
2016-cı il dövlət büdcəsinin gəlirləri 14 566 000,0 min manat, xərcləri 16 264 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 13 799 654,5 min manat, yerli gəlirləri 766 345,5 min manat, mərkəzləşdirilmiş xərcləri 14 722 749,0 min manat, yerli xərcləri 1 541 251,0 min manat) məbləğində təsdiq edilib.
Dövlət büdcəsi kəsirinin yuxarı həddi 1698 000,0 min manat, icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 19 956 524,8 min manat məbləğində müəyyənləşdirilib.
Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2016-cı il icmal büdcəsinin kəsiri 9 947 954,7 min manat məbləğində müəyyən olunub.
Bank üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov yaşayış minimumunun məbləğinin artırılmasını “borclular üçün şad xəbər” adlandırırıb. Ekspert bu barədə öz Facebook səhifəsində yazıb:
“Yeni ildən qüvvəyə minəcək “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat (hazırda 131), əmək qabiliyyətli əhali üçün 146 manat (hazırda 140), pensiyaçılar üçün 115 manat (hazırda 108), uşaqlar üçün 117 manat (hazırda 108) məbləğində müəyyən edilib. Banka borcunu ödəyə bilməyənlər üçün bu, çox yaxşı xəbərdir. Çünki məhkəmə və icraçılar borclu vətəndaşdan bankın xeyrinə yalnız yaşayış minimumundan yüksək gəliri tuta bilər.
Məsələn, tutaq ki, vətəndaşın himayəsində həyat yoldaşı və iki uşağı var. Bu, o deməkdir ki, onların yaşayış minimumu 526 manatdır (hazırda qüvvədə olan qanuna görə 496 manatdır). Deməli, vətəndaşın əmək haqqısı 526 məbləğdən çoxdursa, həmin artıq məbləğdən borc tutula bilər (məsələn, 530 manatdırsa, ayda cəmi 4 manat tutula bilər). Azdırsa, heç nə tutula bilməz və kredit faktiki olaraq batır (əlbəttə, gələcəkdə vətəndaşın aylıq gəliri artmasa)”.
Hüquqşünas borclulara məsləhət görür ki, onlardan yaşayış minimumu məbləğinə toxunaraq pul tutulursa, şikayət edib, haqlarını tələb etsinlər: “Dövlət yaşayış minimumunu ona görə müəyyən edib ki, vətəndaşını hər bir halda qorusun. Sizi və ailənizi acından öldürmək istəyən banka, məhkəməyə və icraçıya etiraz edin. Nəinki məhkəmədə iddia qaldırın, habelə Qanunu qəbul etmiş Milli Məclisə və onu imzalamış Prezidentə şikayət edin. Özlərinə hörmət etmirlərsə, heç olmasa Prezidentə hörmət etsinlər!”