Öz abunəçiləri ilə daha mükəmməl əlaqə qura bilmək üçün hər zaman sosial şəbəkələrdən geniş istifadə metodları üzərində çalışan “Nar” mobil operatoru “Peppers & Rogers” şirkətlər qrupu tərəfindən təsis edilmiş beynəlxalq “1to1 Media Customer Champions” mükafatını qazandı.
Özünün müştəri yönümlülük dəyərinə sadiq qalan “Nar”, abunəçilərinin rahatlığını təmin etmək üçün onlara sadəcə Çağrı mərkəzi vasitəsilə xidmət göstərmir. Hər hansı bir sual yarandıqda, “Nar” istifadəçiləri sosial media kanallarından aktiv istifadə etməklə, onları düşündürən suallara daha tez cavab ala bilir, mövcud problemləri rahatlıqla həll edə bilirlər.
“Azerfon” şirkətinin rəqəmsal marketinq meneceri Mikayıl bu onlayn müsabiqədə iştirak edərək nüfuzlu mükafatın qaliblərindən biri oldu.
“Sosial şəbəkələrdəki “Nar” qruplarının üzvü olan abunəçilər daha sürətli xidmət və ətraflı məlumat almanın üstünlüklərindən yararlana bilirlər. Biz də öz növbəmizdə müştərilərlə əlaqələr sahəsində əldə etdiyimiz təcrübəni beynəlxalq müstəviyə daşımaqla, bu innovativ nailiyyəti adıçəkilən müsabiqəyə təqdim etdik”, - deyə “1to1 Media Customer Champions” mükafatına layiq görülmüş “Nar” əməkdaşı Mikayıl Hacıyev bildirdi.
“1to1 Media” qurumunun təşkil etdiyi proqram, çalışdıqları təşkilatlarda müştərilərə hesablanmış strategiyalar həyata keçirmək məqsədilə innovativ yanaşma və müxtəlif mexanizmlər tətbiq edərək müsbət nəticələr əldə etmiş müştəri yönümlü liderlərin mükafatlandırılmasını nəzərdə tutur.
“1to1 Media Customer Champions” mükafatının qalibləri məhz innovativ tendensiyaları dərk edən, müştərilərə dəyər verən, onlarla əhatəli dialoqun vacibliyini anlayan yaradıcı novatorlar arasından seçilir. 11 illik tarixi ərzində bu mükafata “Google”, “L’Oreal”, “Cisco”, “T-Mobile”, “Verizon”, “Hyundai” və “Volkswagen” kimi nəhəng şirkətlərin nümayəndələri layiq görülüblər.