Xəbər verildiyi kimi, bu gün tanınmış vəkil Adəm Məmmədov KİV - lərdə Prezident İlham Əliyevə müraciət yayıb… Vəkil bildirib ki, 29.06.2015-ci il tarixində Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin inzibati binasında Habil Vəliyevə və onun redaktoru olduğu “Gündəlik Bakı” qəzetinə qarşı onun müştərisi tərəfindən qaldırılan mülki iddia üzrə məhkəmə baxışı keçirilib… Lakin bu zaman vəkil H.Vəliyev tərəfindən təhqirə və ağır formada söyüşə məruz qalıb: "Peşə fəaliyyətimi yerinə yetirərkən, birbaşa məhkəmə zalındaca heç bir əsas olmadan, Habil Vəliyev məni söyüb təhqir etməyə başladı. Təhqiramiz ifadələr işlətməyə davam etdi, o cümlədən, birbaşa olaraq mərhum atamı təhqir etdi. Mən bütün bunlara görə məhkəmədən xahiş etdim ki, baş verənlər protokola işlənsin və icra məmurlarının prosesdə iştirakı təmin edilsin... Üstündən 5 ay keçməsinə baxmayaraq indiyə qədər Habil Vəliyevə qarşı heç bir tədbir görülmədi... Lakin bu yaxınlarda mən həbs olunmuş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun hüquqlarını müdafiə etmək üçün araşdırma aparan zaman MTN şəbəkəsinin hələ açılmamış xeyli cinayətlərini üzə çıxardım. Bundan bir neçə gün sonra Ədliyyə Nazirliyinin istintaq idarəsinin müstəntiqi Malik Səfərov mənə zəng edərək bildirdi ki, guya mən 5 ay əvvəl “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevi döyüb, söyüb, təhqir etmişəm... Mənə qarşı Az. CM-nin 289-cu maddəsi ilə (Məhkəməyə hörmətsizlik) cinayət işi başlayıb...” və sair.
Məsələ ilə bağlı vəkil Adəm Məmmədov “Təzadlar”a geniş müsahibə verib və baş verənlərə aydınlıq gətirib:
- Adəm müəllim, başınıza gələnlərlə bağlı KİV - lərdə Prezident İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova, milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyevə, Baş prokuror Zakir Qaralova, Daxili işlər naziri Ramil Usubova müraciətinizdən xəbərdarıq. Nə baş verir?
- Bunlar sadəcə olaraq məhkəmədə peşə fəaliyyətimi həyata keçirməyimlə bağlı mənə qarşı aparılan şər kampaniyasıdır. Məhkəmədə baş verənlər tərəflər arasında olan məhkəmə çəkişməsindən törənən adi bir hadisədir. Mən vəkiləm və çıxdığım işlərdə, bütün Respublika məni tanıyır ki, həmişə peşəkarlığıma güvənmişəm, qanunlara həmişə hörmət etmişəm. Müdafiə etdiyim işlərdə həmişə ağlıma, təcrübəmə güvənən insanam. Udduğum proseslər də hay-küylə deyil, müdafiəmi peşəkarcasına qurmağımın, mötəbər sübutlarımın sayəsində mümkün olub. Məhkəmə hakimləri də bilirlər ki, mən ümumiyyətlə, qarşı tərəflə qanuni hüquqlar çərçivəsində davranmışam. İndiyədək nə Vəkillər Kollegiyasına, nə də digər qurumlara barəmdə hansısa şikayət, müraciət olmayıb... Soruşa bilərsiniz ki, bəs niyə bu hadisə baş verdi? Məsələ ondadır ki, cavabdeh tərəf olan Habil Vəliyev bilirdi ki, o, barəsində olan mülki işdə iftira atıb, əsası olmayan məlumatı öz qəzetində yayıb və ona qarşı şərəf və ləyaqətlə bağlı prosesdə uduzacaq. Bilirdi ki, bu prosesdəki canfəşanlığının da heç bir nəticəsi olmayacaq. Ona görə də qəsdən durduğum yerdə, birdən mənə qarşı indiyədək rast gəlmədiyim formada hücum etdi. Özü də mülki işdə. Yenə də deyirəm, ağır cinayət işlərində olsaydı, bəlkə də düşünmək olardı ki, qarşı tərəf acıqlıdır, aqressivdir və s. Onun bu aqressiyası çox təəccüblü idi... O, birbaşa məhkəmə zalındaca heç bir əsas olmadan məni söyüb təhqir etməyə başladı. Hətta mən onu qanuna riayət etməyə, ədəbsiz ifadələr işlətməməyə çağırsam da, hakimin, iclas katibinin gözü qarşısında təhqiramiz ifadələr işlətməyə davam etdi. Ən dəhşətlisi, biri var mənə qarşı bu qanunsuz hərəkətini edəydi, o, həddini aşaraq birbaşa olaraq uzun illər hakim işləmiş, Qarabağ müharibəsində həlak olmuş mərhum atamı təhqir etdi. Mən hakimdən xahiş etdim ki, baş verənlər protokola yazılsın və icra məmurlarının prosesdə iştirakı təmin edilsin. Amma sonradan hər şey tərsinə oldu. Belə çıxdı ki, əksinə, guya mən Habil Vəliyevi söyüb təhqir etmişəm, döymüşəm... Sonradan mənə məlum oldu ki, Habil Vəliyevin indiyədək yüzlərlə belə qalmaqallı məhkəmə çəkişməsi var...
- Bu məhkəmə işləri kimlərlə olub?
- Kimlərlə yoxdur - Hacı Allahşükür Paşazadə ilə, Hərbi Çağırış üzrə Dövlət Xidmətinin sədri Arzu Rəhimovla, bu yaxınlarda deputat Elmira Axundova ilə, ümumiyyətlə, icra başçıları, deputatlar, sahibkarlar, iş adamları, qəzet redaktorları, jurnalistlərlə, tanınmış ziyalılarla... Bu siyahıda kimlər yoxdur... Bu adam ona - buna iftira atmaqla məşğuldur. Məqsəd isə bəllidir... Axı bu jurnalistika deyil, bu “KİV haqqında” Qanuna daban - dabana zidd olan fəaliyyətdir... Mətbuat Şurası əbəs yerə bu qəzetin adını “qara siyahı”ya salmamışdı... Sadəcə, mən 9 il ədliyyə orqanlarında çalışmışam. Təbii ki, hər bir kəsin iş yerində rəhbərlikdə kiminləsə problemi ola bilər. Bununla bağlı mən Ədliyyə Nazirliyində çalışan bir yüksək vəzifəli şəxs barəsində yuxarı dövlət orqanlarına sorğu şəklində müraciət etmişdim...
- Bu sorğu nə ilə bağlı idi?
- Hələlik bu barədə təfsilatına varmıram, amma yəqin ki, yaxın vaxtlarda şok faktları özündə əks etdirən və həmin yüksək vəzifəli şəxsin barəsində olan sənəd və məlumatı sizə açıqlayacağam... Məsələ ondadır ki, mən müdafiə etdiyim bir işlə bağlı mötəbər sübutları əldə etmək üçün qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq dövlət qurumuna sorğu göndərmişdim. Lakin həmin vəzifəli şəxs dözümsüzlük nümayiş etdirdi və Habil Vəliyevlə bağlı prosesdən qərəzli şəkildə mənim əleyhimə istifadə etdi... Halbuki qanunda da göstərilir ki, əgər vəkil məhkəməyə hörmətsizlik edibsə, hakim özü məlumat verməlidir müvafiq orqana. Hakim heç bir yerə məlumat verilmədiyi halda (çünki belə bir hal baş verməyib, yəni mən şəxsən hörmət bəslədiyim hakimə qarşı hörmətsizlik edə bilməzdim), mənim tərəfimdən məhkəmə zalına qayda yaradılması üçün dəvət etdiyim icra məmurları, hansı ki, bildirmişəm ki, bu adam məqsədli şəkildə, heç bir səbəb olmsdan məni məhkəmə zalında söyüb təhqir edib, söyüş söyüb, qayda yaradaraq tədbir görün, əksinə, akt tərtib edirlər ki, guya mən Habil Vəliyevi döymüşəm... Habil Vəliyev də bilirdi ki, mənim atam dünyasını dəyişib, bu ən yaralı yerimdir. Mən atamı erkən itirmişəm, axı niyə dünyasını dəyişmiş şəxs söyülməli, təhqir edilməlidir? Hətta mən Habil Vəliyevə təkrarən bildirdim ki, bu nə hərəkətdir, mənim atam şəhid olub, mən də işğal olunmuş rayondanam, onsuz da nisgilliyik, sən isə belə hərəkətə yol verirsən?
- Yenə də bir məsələ qaranlıq qalır: Habil Vəliyev nəyin müqabilində sizi söydü ki? Yəni onu buna vadar edən əsas var idimi? Etirazı var idisə, bunu qanun çərçivəsində bildirmək hüququ ki, var idi...
- Əslində, o, qabaqdangəlmişlik etdi, mənim xəbərim olmadan gedib Məhkəmə Tibb Ekspertizasına ki, guya ona xəsarət yetirilib, ona rəy versinlər. Lakin ekspert rəy verib ki, onun heç bir xəsarəti yoxdur. Mən bunu istintaq materialları ilə tanış olandan sonra xəbər tutdum... Ərizəsində yazıb ki, guya mən onu döymüşəm.
- Məhkəmə zalında bu hadisənin şahidləri kimi hakim, yaxud digər şəxslər yox idimi?
- Hakim izahat yazmaqdan imtina edib, köməkçisi isə yazıb ki, belə hal baş verməyib... Hüquqlarını müdafiə etdiyim şəxs də izahat verib ki, əksinə, H.Vəliyev kobudluq edib, söyüş söyüb. Mən tam məsuliyyətimlə deyirəm ki, bu söylədiyim kimi olub. Bir də, mənim nəyimə lazım idi ki, belə hal baş versin, bir halda ki, mən vəkil olaraq tutarlı faktlarla qarşı tərəfin günahını sübuta yetirmişəm. Bu iş mülki qaydada baxılır, mən bu adamla düşmən deyiləm, birinci dəfədir rastlaşıram, həyatda görməmişəm, onunla qərəzçiliyim də yoxdur... Elə isə mən onu niyə döyüb-söyməliyəm? İkincisi, mənim şəxsi məsələm deyil ki, nəsə başqa hərəkətlər olsun, bu mənim peşə fəaliyyətimlə bağlı işdir.
- Belə çıxır ki, adını çəkmək istəmədiyiniz həmin vəzifəli şəxs Habil Vəliyevi durduğu yerdə işə salıb...
- Onların əvvəldən əlaqələri olub... Niyə belə deyirəm? Onu da müdafiə edən həmin şəxsdir. Mən bu barədə istintaqa da yazılı bildirmişəm. Hətta MTN məsələsi baş verməmişdən əvvəl yazıb bildirmişdim ki, bəzi adamlar Habil Vəliyevin əli ilə dövlət içində dövlət qururlar... Və onun arxasında Ədliyyə orqanlarında, digər dövlət qurumlarında onu müdafiə edənlər var, onlar Prezident tərəfindən təyin olunmuş yüksək vəzifəli kadrları vurub çalışırlar ki, özlərinə tabe etsinlər... Mən bu barədə hələ MTN hadisələrindən 3 ay əvvəl Ədliyyə Nazirliyinə rəsmi ərizəmlə yazıb bildirmişəm. Həmin ərizəni sizə də təqdim edə bilərəm. Onların tutduğu yol budur... Sual edirəm: adi bir adam, hansı ki, nə yazdıqları hamıya məlumdur, hamı ilə kəllə-kəlləyə gəlir, amma hər dəfə də məsuliyyətdən yayınır. Bu çox təəccüb doğurur. Həmin vəzifəli şəxsin Habil Vəliyevdən mənə qarşı istifadə etməsi bir daha onu təsdiq edir ki, məhkəmə sistemində də onun arxasında həmin məmur dayanıb. Mən artıq bu barədə konkret faktlarla yuxarıda qeyd etdiyim kimi, cənab Prezidentə, ədliyyə nazirinə və baş prokurora müraciət etmişəm.
- Niyə bu qənaətdəsiniz?
- Ona görə ki, Habil Vəliyev hər dəfə məhkəmələrdə, istintaq orqanlarında dəstəklənir. Ərizəmdə də birbaşa yazmışam ki, ədliyyə sistemində bu adamı müdafiə edən vəzifəli şəxs var və buna son verilməlidir... Niyə Habil Vəliyev məlum yazılarından həmin vəzifəli şəxslə bağlı da yazmır? Hamıdan yazır, hətta Yasamal rayon Məhkəməsinin sədrindən, bəzi hakimlərdən də yazıb, rəislərdən, prokurorlardan, iş adamlarından, onları gözdən salmaq istəyib, amma həmin şəxs barədə isə bircə kəlmə də yazmayıb. Məndə mötəbər və dəqiq məlumat var ki, hazırda müdafiəm altında olan bir şəxslə bağlıdır, mən onu təfsilatı ilə açıqlaya bilmərəm, çünki o, sonradan bunu dana da bilər, məlum olur ki, “Gündəlik Bakı” qəzetində hansı obyekt barədə yazıblarsa, MTN-nin həmin dırnaqarası əməkdaşları bu obyektləri vurublar. Təsəvvür edirsinizmi, sonradan bu məlumat mənə çatdı. H.Vəliyevin barəsində CM-nin bir neçə maddəsi ilə məhkumluğu da var. Bəzilərini yalvarıb barışıq etdirib, bağışlayıblar, bəzilərini müxtəlif yollarla xitam etdiribdir... Dəqiq deyirəm ki, 3 - 4 məhkumluğu var, xuliqanlıq, xəsarət yetirmə və s. ilə bağlı da...
- Ətrafınızda baş verənlərlə bağlı ölkə rəhbərliyinə müraciətinizdən nə gözləyirsiniz?
- Bəli, mən bu gün cənab Prezidentə, Baş prokurora, ədliyyə nazirinə müraciət etmişəm, müraciətim mətbuatda işıqlandırılıb. Artıq rəsmi qaydada göndərmişəm. Bilirsiniz, mən heç nədən çəkinmirəm, günahım olmayan məsələyə görə cəzalandırılmağıma cəhd olunmasını hara qədər davam etdirəcəklər? Görmürlər ki, cənab Prezident belə hərəkətlər edərək cəmiyyəti doğru olmayan istiqamətə sürükləmək istəyənləri necə cəzalandırdı? MTN işi onlara doğrudanmı dərs olmayıb? Amma mən istəyirəm ki, bu məsələ obyektiv araşdırılsın, günahkarlar üzə çıxsın. Mən Habil Vəliyevi döymüşəm? Yox... Söymüşəm, yox... Xəsarət yetirmişəm, ekspert rəyi bunu qəti inkar edir. Tutaq ki, o boyda təhqirin qarşısında mən ona nəsə deyib zaldan çıxmışam. Bilirsiniz, kimliyindən asılı olmayaraq rəhmətə getmiş şəhid valideynlə bağlı ağır formada söyüş söymək, özü də məhkəmə zalında, belə adamın aqibəti necə olmalıdır, hamı bilir. Ən azı mətbuat yazmalı idi ki, o adamın qolu-qıçı sındırılıb, eləmi? Amma mən hüquqşünas olaraq bunu etmədim, hakimə, məhkəməyə hörmət etdim, düşündüm ki, qanuni tədbir görülər. Rəhmətlik Heydər Əliyev deyirdi ki, “Ağıl olan yerdə zora ehtiyac yoxdur!”. Bəli, ağıl, peşəkarlıq olan yerdə zora nə ehtiyac?
- Bilirik ki, Yasamal rayon Məhkəməsinin bütün zalları ən müasir texnika ilə təchiz olunub. Proseslər avtomatik olaraq videoda qeydə alınır. Bunlar sübut kimi yetərli deyilmi ki, zalda ümumiyyətlə, nə baş verib?
- Məsələ ondadır ki, mən hətta vəsatət - ərizə də verdim ki, müşahidə kamerasının yaddaşındakılar götürülərək işə əlavə olunsun. Lakin məhkəmədən cavab verildi ki, guya həmin andakı çəkilişlər yoxdur. Təsəvvür edirsinizmi, bu vəsatəti mən verirəm... Əgər mən Habil Vəliyevi söyüb döysəydim, məhkəməyə hörmətsizlik etsəydim, yəni bir günahım olsaydı, onda belə bir video görüntünün üzə çıxmasını istəyərdimmi? İndi özünüz nəticə çıxarın... Özü də Ədliyyə Nazirliyinin dəftərxanasına ərizəni özüm təhvil verib qeydə aldırmışam.
- Sonda, bəlkə nə isə əlavəniz var...
- Təvazökarlıqdan uzaq olsa da, həmişə çalışmışam ki, Azərbaycanda hüquqi dövlət quruculuğunda mənim də xidmətim olsun. Mən müdafiəçiyəm, sosial mənşəyindən asılı olmayaraq, hər kəsin hüququnu müdafiə etməyə hazıram. Müdafiəmdə çəkişmələrə, hay-küyə deyil, həmişə qanunun gücünə, sübutlarla müdafiəyə güc vermişəm. Prosesinə çıxdığım məhkəmə hakimlərindən də soruşsanız, mənim seçdiyim müdafiə taktikasını yüksək qiymətləndiriblər. Yuxarıda dedim, mən 9 il ədliyyə orqanlarında çalışmışam. Məhkəmənin aparılması qaydalarına həmişə riayət etmişəm. Üstəlik, mənim atam məhkəmə sədri işləyib, mən məhkəmə sisteminə necə hörmət etməyə bilərəm? Mən atamın peşəsinə hörmətsizlik edə bilərəmmi? Bu hadisə məni çox məyyus etdi. Bu, gələcəkdə olduqca pis presedent yarada bilər. Onlar mənə qarşı Az. CM-nin 289-cu maddəsi ilə (Məhkəməyə hörmətsizlik) cinayət işi başlayırlar... İnanıram ki, cənab Prezidentə müraciətim nəticəsiz qalmayacaq...
P.S.Barəsində bəhs edilənlərə, bu sırada Habil Vəliyevə də əsaslandırılmış arqumentli mövqeyinə yer ayırmağa hazırıq...