Azərbaycanda 2016-cı ilin sonlarına doğru və ya 2017-ci ilin əvvəlində icbari tibbi sığortanın tətbiqi məqsədilə pilot layihənin həyata keçirilməsinə başlanılacaq.
“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev “Azərbaycan” qəzetinə müsahibəsində deyib.
Z.Əliyev qeyd edib ki, icbari tibbi sığorta üzrə pilot layihə rayonlardan birində və yaxud hər hansı peşə işçiləri arasında tətbiq oluna bilər:
“Biz hər iki pilot layihənin müsbət və mənfi cəhətlərini qiymətləndirib qərar verəcəyik. Əlbəttə ki, qanunvericilikdə dəyişiklik seçilən modeldən asılı olacaq”.
Agentlik direktorunun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi ilkin olaraq dövlət xəstəxanalarından başlayacaq.
Z.Əliyev bildirib ki, icbari tibbi sığorta üzrə vahid qiymət cədvəli olacaq.
Agentliyin baş direktoru hesab edir ki, gələn ili tibbi sığortanın tətbiqinə hazırlıq mərhələsi də adlandırmaq olar. Hazırlıq mərhələsində maliyyələşmənin necə həyata keçiriləcəyi, vəsaitlərin toplanması, əsas xidmət paketinin tərkibi, vahid qiymət cədvəli müəyyən ediləcək. Bununla yanaşı, əhalinin qruplara bölünməsi, iqtisadi fəal olan əhalinin, uşaqların, əlillərin, pensiyaçıların, dövlət və özəl sektorda işləyənlərin sayı məlum olacaq:
“2016-cı ilin ilk yarısında seçəcəyimiz modelin əsas məqamlarını, mərhələlərini müəyyən edəcəyik. Daha sonra qanunvericilikdə dəyişikliklər ediləcək, tibb müəssisələrinin icbari tibbi sığortaya hazırlanmasını başa çatdıracağıq. 2016-cı ilin ilk yarısında seçəcəyimiz modelin əsas məqamlarını, mərhələlərini müəyyən edəcəyik. Daha sonra qanunvericilikdə dəyişikliklər ediləcək, tibb müəssisələrinin icbari tibbi sığortaya hazırlanmasını başa çatdıracağıq”.
Z.Əliyev qeyd edib ki, icbari tibbi sığorta edilmə prosesində aztəminatlı ailələrə, əlil və pensiyaçılara müəyyən güzəştlər nəzərdə tutulur. Bu güzəştlərin hansı formada olacağına isə modelin tətbiqinə başlayandan sonra aydınlıq gətiriləcək:
“İcbari tibbi sığorta tətbiq ediləndə bizim tibb müəssisələrindən keyfiyyətli xidmət, həkimlərin peşəkarlığı, operativlik və sair kimi tələblərimiz olacaq. Tibb müəssisələrinin marağında olacaq ki, xidmətlərin səviyyəsi yüksəldilsin. Biz dövlət xəstəxanaları arasında rəqabət mühiti yaratmaq istəyirik. Çünki rəqabət olan yerdə keyfiyyət artır. Amma bu rəqabət qiymət üzərində deyil, göstərilən xidmətlər, həkimlərin biliyi, vətəndaşların sağlamlıq durumlarını bərpa etmələri səviyyəsi əsasında qurulacaq”.
Z.Əliyevin sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi üçün infrastrukturun qurulması olduqca zəruri şərtdir. Çünki infrastruktur olmadan icbari tibbi sığortanın tətbiqini həyata keçirmək olmaz:
“Bəlkə də bu müddətdə paytaxt Bakı sığortanın tətbiqinə hazır idi, amma bölgələrimizdə tibb ocaqlarının sayının az olması və maddi-texniki bazanın zəifliyi icbari tibbi sığortanın tətbiqinə imkan vermirdi. Yəni 10 il öncə biz icbari tibbi sığortanın tətbiqinə hazır deyildik. Bu gün artıq Azərbaycan sosial-iqtisadi inkişafın elə bir mərhələsindədir ki, vətəndaşların sağlamlığının təmin olunması, onların maneəsiz tam tibbi xidmətlər alması üçün icbari tibbi sığorta sisteminin tətbiqinə hazırdır”.