"Heç kimə imkan vermək olmaz ki, qanundan kənar hansısa dini idarəetmə yaratsın"
"Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasından dəqiqləşdirilməmiş məlumat yayan jurnalistlər məsuliyyətə cəlb olunacaq”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsinin müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.
S. Novruzov deyib ki, jurnalistlər bu məsələdə məsuliyyətli olmalıdırlar. Onun sözlərinə görə, son hadisələr göstərib ki, vətəndaşlar da ayıq-sayıq olmalıdır: "Heç kimə imkan vermək olmaz ki, qanundan kənar hansısa dini idarəetmə yaratsın. Azərbaycan vətəndaşları səs verərək, dövlət quruluşunu müəyyən ediblər. Ancaq hardasa dini təlim keçmiş insanlar ayrı-ayrı yerlərdə dövlət quruluşumuzun pozulması yönündə açıq-aşkar fəaliyyət göstərirlər. Biz dünən Qafqaz Müsəlmanları İdarəsində də Nardaran hadisələri ilə bağlı bir toplantı keçirdik. Ayrı-ayrı dövlətlərin ərazisində təlim keçən insanlar bu işləri görürlər”.