"Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Vaqon Deposunda baş verən olaylar barədə şikayətlər bitmir. Aylardır ki, bu qurumda baş verənlərlə bağlı dövlət başçısı da daxil olmaqla, ən müxtəlif dövlət orqanlarına müraciət edən dəmiryolçuların problemləri həllini tapmır. Növbəti dəfə dövlət başçısı Ilham Əliyevə müraciət edən şikayətçilər məktubun surətini "Azadlıq”a da göndəriblər. Onlar bir qrup məmurun əlində aciz qaldıqlarını yazırlar:
"Sərnişindaşıma departamentinin rəisi Elyar Muradov, depo rəisi Rəhman Əbişov, Əlirza Süleymanov və başqaları dəmiryolunda əsl biznes qurublar. Köhnə vaqonlar bizə satılaraq, öz hesabımıza təmir edildi. Bu cür yollarla dövlətin milyonlarla vəsaiti mənimsənilir. Vaqon hazır olanda isə məlum oldu ki, qatarlarda yer almaq havayı deyil, bunun üçün 1000 dollar verilməlidir. Yolun haqqı, inventar haqqı, vaqonu yuyub təmizləmək və s. məsələlər də öz yerində. Illər keçdikcə vaqonların istismar müddəti bitdi və qatarlar bağlanmağa başladı. Işsiz qalan insanlar bundan sonra haqqını tələb etməyə başladı. Həmin şəxsləri müxtəlif yollarla işdən uzaqlaşdırmağa başladılar. Səsini çıxaran və haqqını tələb edənlərə qarşı müxtəlif metodlar işə salındı. Narazılıqlara son vermək və etdikləri əməlləri ört-basdır etmək üçün sözügedən məmurlar vaxtı keçən vaqonların istismar müddətini 7 illik uzadıb, Ukraynada üstünü təmir etdirərək dövlətə reklam etməyə başladılar. Onlar köhnə işçilərdən yaxa qurtarmaq üçün kütləvi şəkildə ixtisar etməklə, hədə-qorxu gəlməklə uzaqlaşdırdılar. ”Xidmətin aşağı olması”, "köhnə dəmiryolçuların qanunsuz işlərlə məşğul olması” kimi yalan bəhanələrlə 30-35 il stajı olan əsl peşə adamlarını qeyri-peşəkarlarla əvəz etdilər. Ən acınacaqlısı odur ki, bu insanların çoxunun əmək kitabçasını ləkələyib işdən uzaqlaşdırdılar.
Üç ilə yaxındır ki, prezidentə müraciət edirik…
Üzləşdiyimiz qanunsuzluqlarla bağlı məhkəmələrə üz tutsaq da, onların hər yerə əlləri çatdığı üçün çoxumuz elə məhkəmələrdə susdurulduq. Bəzilərimiz hədə-qorxulara baxmayaraq, qanuni müqavilə ala bildik. Aydın oldu ki, uzun illər boyu bizə aid olan imtiyazlar, əlavə ödənişlər, 2001-2008-ci ildə Nazirlər Kabinetinin qərarıyla ayrılan gündəlik çörəkpulu verilməyib. 2011-ci ildə yenilənən həmin qərarla günə hesablanan 10 manatın yarısı verilib, qalanı isə mənimsənilib. Sonuncu mənimsəməni əhatə edən 3 il ərzində təkcə gündəlik çörəkpulu qeyri-rəsmi məlumata görə, 1 milyon 58 min manat olub. Kütləvi şəkildə olan etirazımızdan təşvişə düşən yuxarıda adlarını çəkdiyimiz məmurlar Nazirlər Kabinetinin 2011-ci ilin 26 sentyabrında verilən qərarını icra etməyə başladılar.
Üzləşdiyimiz haqsızlıqlar barədə üç ilə yaxındır ki, prezidentə 30-dan çox məktub və 20-dən çox teleqram, Milli Məclisə, Nazirlər Kabinetinə, DIN, Hesablama Palatası və digər qurumlara müraciət etmişik. Lakin müraciətlərimiz heç bir nəticə verməyib.
187 nəfər şikayətçinin Ali Məhkəməyədək uzanan müraciətlərinə sonda rədd cavabı verilib. Prezident Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Sosial Müdafiə Nazirliyi, Dəmiryolu QÇS qarşısında piketlər keçirsək də, bizi polis qüvvələri vasitəsilə dağıdıblar. Çoxumuzun təhdid olunaraq polis bölməsində izahatımızın alınması indiyədək davam edir.
"Yorulmuşuq, haqqımızı versinlər…”
Nəhayət, 2015-ci ilin fevralında Cavid Qurbanov quruma rəhbər gətiriləndə haqq-ədalətin bərpa olunacağını düşündük. Elyar Muradov və onun komandasındakı adamlar şikayətlərimizi deməyə imkan vermirdilər. Biz axır ki, Cavid müəllimlə görüşə bildik. O, bizim bir qrup nümayəndəmizi qəbul edərək dinlədi və bir neçə məsələni yerində qərar verərək həll etdi. Qalan məsələlər üçün komissiya yaradılması və ora mütəxəssislər cəlb edilməsi, biz tərəfdən iki nümayəndənin komissiya üzvü olmaqla, hər şikayətçinin ərizəsinin alınması, bütün borcların araşdırılmasını tapşırdı. Komissiya yaradıldı, lakin Əlirza Süleymanov onun sədri təyin edildi. Komissiya üzvləri və tələbə uyğun olmayaraq, qoyulan tarix bizi qane etmədiyindən bu yoxlamada iştirak etməkdən imtina etdik və ərizə vermədik. Kollektiv etirazımızın heç bir nəticəsi olmadı və onlar istədikləri cavabı yazaraq, komissiyanın rəy aktını Cavid Qurbanova təqdim etdilər. Artıq 4 aydır ki, Cavid Qurbanovla görüşmək istəsək də, sözügedən şəxslər buna imkan vermirlər. Amma biz haqqımızı tələb etməkdə israrlıyıq və hətta ölümdən belə qorxmuruq. Son olaraq, mətbuat vasitəsilə ölkə başçısına müraciət edirik. Bizə qarşı bu haqsızlığa son qoyulsun. Əks təqdirdə, 26 nəfərin müraciətini səfirliklərə verib onlardan sığınacaq istəyəcəyik. Bu isə dövlətə, vətənə və millətimizə yaxşı bir şey vəd etmir. Yorulmuşuq, haqqımızı versinlər, mənimsənilən pulları hesablayıb qaytarsınlar. Ayrı-seçkiliyə, hədə-qorxulara son qoyulsun. Mübarizəmizi canımız və azadlığımız bahasına olsa da, davam etdirəcəyik”.