Aprelin 18-də Bakı şəhərində avtobusların iştirakı ilə 3 qəzanın baş verməsi və nəticədə 30-dan artıq insanın xəsarət alması ictimai nəqliyyat sahəsindəki faciəvi durumu bir daha üzə çıxardı. Özü də bu, belə faktların nə birincisidir, nə də sonuncusu. Ölkənin ümumi avtomobil parkının bir faizə yaxınını təşkil edən avtobusların iştirakı ilə qəzalar barədə məlumatı az qala hər gün eşidirik. Avtobuslar yollarda əməlli-başlı kabusa çevrilmişdir. Nədir bunun səbəbi?
Əslində 10-15 cümləlik bir yazıda bu suala aydın cavab vermək mümkün deyil. Lakin problem əhatəli və dərin olsa da, onun hər kəsin görə biləcəyi çox bəsit səbəbləri də var. Bu səbəblərdən bəzilərinə toxunmaq istərdim.
Bəri başdan deyim ki, bu faciəli durumun ümumi səbəbi əlahəzrət pula olan hərislikdir, sözün həqiqi mənasında pul sevgisidir. Özü də həm avtobus sürücüsünün, həm onun “ağasının”, həm də onlara nəzarət etməli olanların pul sevgisi. Bu sevgi və hərislik nəinki elementar yol hərəkəti qaydalarını, hətta «bir qəbiristanlıq» (bu ifadəni telereportajda avtobus sürücüsündən eşitmişəm) adamın həyatını da unutdurur.
Bakı şəhərində marşrut avtobuslarının fəaliyyəti ilə maraqlananda qəribə bir faktla rastlaşmaq olar. Necə olur ki, dünyanın bir sıra dövlətlərində dotasiya ilə işləyən sərnişindaşıma təşkilatları bizdə həm rentabelli işləyə bilirlər, həm də saysız-hesabsız qanuni və qanunsuz ödəmələri verə bilirlər? Cavab çox sadədir: əksər nəqliyyat təşkilatlarında növbə ilə işləməli olan iki sürücünün əvəzinə biri işlədilir, yüksək ixtisaslı sürücü əvəzinə ağzından süd iyi gələn və hətta sürücülük vəsiqəsi olmayan gənc işə qəbul edilir, ona da az qala simvolik əməkhaqqı verilir və şərt qoyulur ki, get dolan. Sürücü də sutka ərzində 12-15 saat öz avtobusunu qovalayır ki, həm “ağasının” qoyduğu planı, həm üstünə düşən ödəncləri, həm də öz çörək pulunu çıxarsın. Bunun nəticəsi isə göz qabağındadır. Növbəti 20 qəpiyini qovalayan sürücü hərəkət qaydalarını da, sürdüyü avtobusun ölçülərini və texniki imkanlarını da unudur, onun içərisindəkiləri isə sərnişin yox, bu 20 qəpiyin mənbəyi sayır.
Xərclərini minimuma endirməli olan sahibkar avtobuslara texniki xidməti də çox vaxt ixtisara salır. Paravoz tüstüsü çıxaran, əyləcinin ciyiltisi bir neçə yüz metrdən eşidilən və başqa görünməz nasazlıqları olan avtobuslar da bunun nəticəsidir. Avtobus sahiblərinin və sürücülərinin diqqətinə bəsit bir faktı çatdırmaq istəyirəm. Dünyanın avtomobil şirkətləri şəhərdaxili avtobus istehsal edərkən onun mühərrikini, transmissiyasını, əyləc sistemini və başqa mühüm mexanizmlərini 60-70 km/saat sürət üçün hesablayırlar, çünki hamı bilir ki, bütün dünyada yaşayış məntəqələrində yol verilən sürət həddi 60 km/saat civarındadır. Özü də bu maşında təhlükəsizlik kəməri və ya başqa təhlükəsizlik sistemi yoxdur, hətta ayaq üstə sərnişin də daşınır. Cənablar, bu avtobusları 120 km/saat sürətlə sürmək əzrayılla zarafat deyilmi? Normal ölkələrdə belə sürətlə şəhərdaxili avtobus idarə edən sürücü psixi sağlamlığı barədə arayış gətirməsə, onu sürücülük hüququndan məhrum edirlər.
Növbəti əsas səbəb avtobus sürücülərinə nəzarətin yox dərəcəsində olmasıdır. Əks təqdirdə necə olur ki, gün ərzində cəmi 15-20 manata işləyən avtobus sürücüsü marşrutu üzrə bir dövrü ərzində üst-üstə topladıqda bir aylıq əməkhaqqını aşa bilən cəriməlik qayda pozuntusu törədir. Özü də elə pozuntular ki, onlara görə veriləcək cərimə balları sürücülük hüququnun itirilməsinə səbəb olmalıdır. Bunun da səbəbi çox sadədir: onların bu intizamsızlığını heç kəs «görmür». Himayədarlarının təzyiqi və ya şübhəli əlaqələri onları «görünməz» edir. Bu problemlə bağlı DYP əməkdaşları ilə söhbət edərkən mənə bildirdilər ki, 2-3 nəfər avtobus sürücüsünün dalbadal cəzalandırılması bəzilərinin elə təşviş və həyəcanına səbəb olur ki, sanki nəqliyyat sektorunda təxribat törədilmişdir. Söhbət etdiyim bir neçə avtobus sürücüsü açıqca etiraf edir ki, marşrut sahibləri onları «nə edirsiniz, edin, bircə ölüm-itim olmasın, qalan hər şey bizlikdir» - deyə yola salırlar. Ancaq həmin sadəlövh sürücülər unudurlar ki, ən xırda qayda pozuntusu da ölüm-itimə səbəb ola bilər. Ölüm-itim olduqda isə onlara “ağaları” da kömək edə bilməyəcəkdir.
DYP-nin avtobus sürücüləri ilə bağlı reydlərini hamı görmüş olar. Həmin reydlərdə həmişə vurğulanır ki, filan qədər sürücülük vəsiqəsi olmayan sürücü aşkarlanaraq cəzalandırıldı. Ancaq bir dəfə də eşitməmişəm ki, desinlər: həmin avtobusları belələrinə verən filan-filan təşkilatlar da cəzalandırıldı. Axı, vəsiqəsiz sürücünün cəriməsi 100 manat olduğu halda, o boyda avtobusu ona verən təşkilatın cəriməsi düz 2000 manatdır. Belə cərimə tətbiq olunarsa, həmin təşkilat vəsiqəsiz adama avtobus verməz.
İctimai nəqliyyat sahəsindəki belə acınacaqlı durum normalda rəsmi dövlət orqanlarının öz səlahiyyətləri daxilində müdaxilə edərək konkret tədbirlər görməsini diktə edir. Lakin bunu hələlik görmədiyimiz azmış kimi, bəzən qaş düzəltmək istəyənlər göz də çıxarır. Məsələn, «Yol hərəkəti haqqında» Qanunun 85-1-ci maddəsinə 6 aprel 2012-ci ildə cəfəng bir dəyişiklik edildi. Həmin dəyişikliyə görə, marşrut avtobuslarının sürücülərini DYP əməkdaşları marşrutda dayandıraraq qayda pozuntusunu rəsmiləşdirə bilməzlər, bunu ancaq avtobusun son dayanacağında etmək olar. Bunun təcrübi tətbiqi o deməkdir ki, məsələn, DYP inspektoru Pirallahı qəsəbəsindən Bakıya işləyən avtobusun qaydanı kobud surətdə pozduğunu gördükdə onun nömrəsini qeyd etməli, daha sonra xidmət sahəsini, işini-gücünü buraxaraq düz Pirallahı qəsəbəsinə getməlidir, orada protokol tərtib edərək geri dönməlidir. Bu, faktiki olaraq avtobus sürücülərinin cəzalandırılmasının qadağan edilməsi kimi bir şeydir, çünki DYP əməkdaşının avtobusun dalınca patrul maşınını sürərək sonuncu dayanacağa getməsini təsəvvürə gətirmək çətindir. Əslində bu daha pisdir, çünki DYP əməkdaşının xidmət sahəsi nəzarətsiz qalacaq. Əminəm ki, son bir ildə marşrut avtobusları sürücülərinin intizamsızlığının artmasında bu məntiqsiz düzəlişin xüsusi rolu var.
Bakı şəhərində nəqliyyatın intellektual idarəetmə sistemi yaradılarkən bunu elə təqdim edirdilər ki, guya, bu möcüzəvi sistem bütün problemləri həll edəcək. Təcrübə bunun əksini göstərir. Səbəb də çox sadədir: normal insan təfəkkürü və intellekti olmayan yerdə, yaxud insan intellektinin başqa hədəfə yönəldiyi yerdə süni intellekt əhəmiyyətsizdir. Odur ki, əsas hədəf kimi insanların təhlükəsizliyini və rahatlığını görərək, səmimi şəkildə ölkəmizdə dolaşan avtobus kabusunu durdurmaq lazımdır.