Rayon icra başçısının müavini Şəhla Abdullayeva analıq məzuniyyətinə çıxan işçilərin əvəzetmə pullarının ona verilməsini tələb edib.
Bu barədə TİA.AZ-a verilən özəl məlumatda qeyd olunub. Xəbərdə bildirilir ki, Ucarda bu qərar narazılıq yaradıb. Uşaq bağçalarının müdirlərinə bildirilib ki, Ş.Abdullayevanın təlimatı şərh oluna bilməz, əmr yuxarıdan gəlib.
Məlumatda deyilir ki, icra başçısının müavini qeyri-qanuni pul tələb etməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək. Bağça müdirləri isə işini itirmək qorxusundan bu tələbi yerinə yetirməyə məcbur qalıblar.
Bir müddət əvvəl Ucar rayon sakini Vasif Abdullayev şikayət məktubunda qeyd edirdi ki, Şəhla Abdullayeva tərəfindən təzyiqlərə məruz qalıb. 2014 cü ildə Ucar rayonunda zibilliklərin baş alıb getməsi və bu kimi sosial problemləri mətbuat gündəminə çıxarmağımdan sonra Ucar rayon İcra Hakimiyyəti tərəfindən ciddi təzyiqlərlə üzləşib.
Prezident İlham Əliyevin “2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda səsləndirdiyi fikirləri xanım Şəhla Abdullayevanın bir daha diqqətinə çatdırırıq:
"Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır.
Mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən, mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim”.
Bolgexeber.com