Milli Məclisə keçirilmiş 1 noyabr seçkiləri nəticəsində 4 rektor yenidən deputat mandatı qazandı. Ardınca isə Prezident İlham Əliyevin 24 noyabr 2015-ci tarixli sərəncamına əsasən, həmin şəxslər - Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Azərbaycan Dövlət Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Azərbaycan Müəllimlər İnstitunun rektoru Aqiyə Naxçıvanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abıyev tutduqları vəzifədən azad edildilər.
Modern.az hazırda onların səlahiyyətlərini kimin əvəz etdiyini müvafiq ali təhüsil ocaqlarından öyrənməyə çalışıb.
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından bildirilib ki, hazırda rektor vəzifəsini təhsil ocağının tədris işləri üzrə prorektoru Qəhrəman Məmmədyarov icra edir.
Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Şəfa Kazımova qeyd edib ki, noyabrın 25-dən təhsil ocağının elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov rektor vəzifəsini icra edir.
Azərbaycan Tibb Universitetindən bildirilib ki, tədris işləri üzrə prorektor Sabir Əliyev hazırda rektor vəzifəsini müvəqqəti olaraq icra edir.
Azərbaycan Müəllimlər İnstitutu isə prezidentin dünən imzaladığı müvafiq sərəncamla Azərbaycan Pedoqji Universitetinə birləşdirilib.