...Bakı son illər təkcə əhalinin daha çox cəmləşdiyi şəhər deyil, həm də həddindən çox köhnə, ucuz avtomobilin alınıb gətirildiyi və satışının təşkil olunduğu paytaxtdır. Artıq şərhə ehtiyac yoxdur ki, bu gün paytaxt küçələrindəki tıxacların yaranma səbəbi də şəhərdəki süni avtomobil sıxlığındandır. Təbii ki, son illər ölkənin və o cümlədən paytaxtın yol təsərrüfatının genişləndirilməsinə və nəqliyyatın intellektual idarəetmə sisteminin təkmilləşdirilməsinə dövlət büdcəsindən 10 milyard manatdan çox vəsait ayrılsa da, müvafiq tənzimləyici texniki-təşkilati tədbirlər görülsə də, paytaxt küçələrində tıxacların tənzimlənməsi mümkünsüz olaraq qalır.
Biz bu problemlərin törədicilərinin və digər səbəblərin kökünü axtarmaq üçün əvvəllər də müstəqil jurnalist araşdırmaları aparmışıq və nəticəsi barədə aidiyyəti dövlət qurumlarını, ictimaiyyəti məlumatlandırmışıq. Həmçinin təkliflər də vermişik. Bu təkliflərdən bir neçəsi Nəqliyyat Nazirliyi tərəfindən bəyəndilmiş, digərləri isə Nazirlər Kabinetinin Mətbuat Xidməti tərəfindən nəzərə alınması üçün müvafiq strukturlara təqdim ediləcəyi bildirilmişdir.
Niyə problem həlledilməz olaraq qalır?
Bütün bunlara baxmayaraq paytaxt küçələrində tıxaclar səngimir, ölkənin magistral yollarında isə ağır yol nəqliyyat hadisələrinin, xüsusən də ölümlə nəticələnən yol qəzalarının sayı azalmır ki, azalmır. Bu acı statistika o dərəcədə narahatlıq doğurandır ki, hətta bu ilin martında Nazirlər Kabinetindən Milli Məclisə ötən ilin yekunları ilə bağlı təqdim olunan hesabatda da məlum problem qeyd olunmuşdur. Hesabatda bildirilir ki, il ərzində ilkin qeydiyyata 102.780 avtomobil alınıb və ölkə üzrə nəqliyyat vasitələrinin ümumi sayı artıq 1.114.036-ya yüksəlib. Zahirən bu sevindirici statistikanın fonunda - respublika ərazisində baş verən yol nəqliyyat hadisələrinin acı statistikası da diqqəti çəkməyə bilmir-2892 ağır yol nəqliyyat hadisəsi! Bu qəzalarda ölənlərin sayı isə əvvəlki ilə nisbətən 15 faiz və ya 152 nəfər artıb. Daha doğrusu, əgər 2011-ci ildə ölkənin avtomobil yollarında yol qəzalarında 1016 nəfər dünyasını dəyişmişdirsə, bu rəqəm 2012-ci ildə 1168 olmuşdur. Paytaxt Bakı da bu acı statistikanın içində narahat şəhər olaraq qalır. Məsələn, 2013-cü ilin 3 ay ərzində Bakıda törədilmiş yol-nəqliyyat hadisələrinin, eləcə də ölən və xəsarət alanların sayı da durmadan artıb. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, 2013-cü il yanvarın 1-dən mart ayının 30-dək Bakıda 251 yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr nəticəsində 75 nəfər ölüb, 272 nəfər isə ağır xəsarət alıb. Müqayisə üçün deyək ki, 2012-ci ilin analoji dövründə Bakıda 217 yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr zamanı 48 nəfər ölmuş, 234 nəfər xəsarət almışdır...
Elə ölkəyə gətirilən avtomobillərin də sayı artmaqda davam edir. Beləliklə, yollarımızdakı bu ölümləri həm də “yol terroru”nun qurbanları-yollarımızdakı “ucuz ölümlər”in “qəhrəmanları” da adlandırmaq olar...
Astarı üzündən baha avtomobillər
Apardığımız jurnalist araşdırması həm də onu göstərdi ki, ölkəyə gətirilən avtomobillərin sayı ilə ölkə yollarında baş verən ağır yol nəqliyyat hadisələri və bu hadisələrdə ölənlərin sayına düz mütənasibdir: avtomobillərin sayı artıqca, yollarda da “ucuz ölümlər”in sayı artır. Məsələn, məlum olur ki, təkcə 2012-ci ildə Azərbaycana rekord sayda avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsinin rəsmi açıqladığı məlumatdan:”2012-ci ilin 11 ayı ərzində Azərbaycana təxminən 1 milyard dollar dəyərində 92 828 ədəd avtomobil idxal olunub”.
Rəsmi arayış: Nazirlər Kabinetinin qəbul etdiyi normalara və Dövlət Standartlaşdırma Komitəsinin müəyyən etdiyi standartlara görə isə 2012-ci ilin yanvarın 1-dən ölkəyə təhlükəsizlik yastığı və “ABS” sistemi olmayan avtomobillərin gətirilməsi qadağan olunub!
Bəli, məsələ xeyli qəlizdir. Problemə aydınlıq gətirilməsi üçün bir müddətdir Bakının ayrı-ayrı prospektlərindəki avtomobil satışı mərkəzlərinə, həmçinin Yasamal rayonundakı “Qanlı göl” ətrafındakı xüsusiləşdirilmiş maşın bazarına, eləcə də Sumqayıtdakı, Bakının Nizami rayonundakı 8 KM qəsəbəsindəki maşın bazarlarına baş çəkdik. Söhbət etdiyimiz satıcıların söylədikləri qənaətlərimizi təsdiq etməkdən savayı, həm də yollarımızdakı ölümlərin baiskarının ünvanı bizə göstərdi.
Məlum olur ki, yuxarıda qeyd etdiyimiz kimi, ölkəyə avtomobil idxalı ilə bağlı Nazirlər Kabinetinin qəbul etdiyi xüsusi normalar müəyyən olunub. Həmçinin bu normalara uyğun olaraq Dövlət Standartlaşdırma Komitəsi konkret standartlar müəyyən edib. Həmin norma və standartlara görə, 2012-ci ilin yanvarın 1-dən ölkəyə təhlükəsizlik yastığı və “ABS” sistemi olmayan avtomobillərin ölkəyə gətirilməsi qadağan olunub. Amma bu qadağalar işləmir. Niyə?
Satıcılardan əldə etdiyimiz sənədlər və satıcılarla şifahi söhbətlərimizdən aydın oldu ki, 2012-ci və 2013-cü ilin birinci rübündə Azərbaycana idxal etdiykləri avtomobillərin istismar müddəti 13, bəzən isə 14 və 15 ildir. Gətirilən avtomobillər sırasında Avropa istehsalı olan köhnə “Mersedes”, “Opel” və digər avtomobillər üstünlük təşkil edir.
Rəsmi dillerlərin məlumat bazasından əldə etdiyimiz informasiyalardan isə məlum olur ki, beynəlxalq normalara görə, avtomobillərin təhlükəsizlik yastıqlarının istismar müddəti 5 ildir. Avtomobillər bu müddətdən artıq istismar olunduqda həmin təhlükəsizlik yastıqları dəyişdirilməli, servis sənədlərində müvafiq qeydlər aparılmalı və avtomobilin texniki sənədlərinə əlavə olunmalıdır. Lakin çox maraqlıdır ki, istər Sumqaytdakı maşın bazarında, istərsə də Badamdardakı avtomobil satışı bazarında istismar müddəti 13, 14 və ya 15 il olan avtomobillərin sənədlərində belə bir qeydlərə rast gəlmədik.
Rəsmi qadağaya niyə əməl edilmir?
Qeyd etdiyimiz kimi, Nazirlər Kabinetinin qəbul etdiyi normalara və Dövlət Standartlaşdırma Komitəsinin müəyyən etdiyi standartlara görə 2012-ci ilin yanvarın 1-dən ölkəyə ən azı 1 ədəd təhlükəsizlik yastığı və “ABS” sistemi olmayan avtomobillərin gətirilməsi qadağan olunsa da, işbazlar buna qətiyyən məhəl qoymur. Və bazarlarda meydan sulayan avtomobillərin əksəriyyəti 2012-ci ilin yanvarın birindən gətirilib və bu idxal indinin özündə də davam edir... Təbii ki, ucuz avtomobillərin ölkəyə gətirilməsi satıcı üçün qazanc, alıcı üçün isə ucuz qiymət deməkdir. Amma atalar demiş, “Ucuz ətin şorbası olmaz!”. Həm də yuxarıdakı acı statistika təsdiq edir ki, elə “Ucuz ətin şorbası” olmadığı kimi, yollardakı “ucuz ölümlər”in də qarşısı alınmazdır...
Satıcılardan səmimi, amma acı etiraf
Paytaxtın avtomobil bazarlarındakı satıcılarla söhbətlərimizdən o da aydın oldu ki, təkcə 2012-ci ilin sonunda və 2013-cü ilin 1 rübündə ölkəyə belə standartlara uyğun gəlməyən 20-25 min ədəd avtomobil gətirilmişdir. Satıcılar özləri də etiraf edirlər ki, bu avtomobillərin böyük əksəriyyətinin istismar müddəti 10-15 il arası dəyişir. Bir çoxu nasazdır, istismar müddəti çoxdan keçib. Bir çoxu isə hətta Avropa bazarlarından çıxarılımış və utilə (məhv edilməli) verilməli olduğu halda, onlar ucuz qiymətə alınıb Azərbaycan bazarına kütləvi idxal olunur. Nəticədə nə baş verir: Azərbaycanın avtomobil bazarı Avropa ölkələrinin ucuz avtomobillərinin qəbirstanlığına çevirilir, sonda isə həmin avtomobilləri almış Azərbaycan vətəndaşlarının özləri qəbirstanlıq olur! Biz yuxarıda bu acı statistikanı diqqətə çatdırmışıq.
Həyəcan təbili çalınmalıdır!
Göründüyü kimi, aidiyyəti dövlət qurumları ölkənin avtomobil bazarında baş verən bu narahatlığa həssas yanaşmalı, baş verənlərin qarşısının alınması üçün müvafiq tədbirlər görməlidir.
Təqdim etdiyimiz bu rəsmi statistikaisə yəqin ki, hamı üçün maraqlı olacaq. Məsələn, araşdırmalarımız göstərir ki, Azərbaycanın tarixində ən çox avtomobil idxalı 2008-ci ildə qeydə alınıb: ölkəmizə il ərzində 89,1 min ədəd avtomobil idxal olunub! 2011-ci ildə minik avtomobillərinin idxalı il ərzində 52.941 ədəd artıb. 2010-cu ildə bu rəqəm 53.815, 2009-cu ildə 57.256, 2008-ci ildə qeyd etdiyimiz kimi, 89,1 və 2007-ci ildə isə 63.950 ədəd olub. Nəhayət, 2012-ci ildə ölkəyə orta hesabla 1 milyard dollarlıq (yəni, təxminən 93 min avtomobil) idxal olunub... Bundan əlavə, 2012-ci ildə ölkə üzrə avtomobillərin ümumi sayı 1 milyon 200 min olub. 2011-ci ildə bu rəqəm 832.599, 2010-cu ildə 779.658, 2009-cu ildə isə 725.843, 2008-ci ildə isə 668.587 ədəd olub.
Daha bir maraqlı statistika: 2011-ci ildə Bakı şəhərində qeydiyyata alınan şəxsi avtomobillərin sayı 529.387 ədədə çatıb. 2010-cu ildə bu rəqəm 487.865, 2009-cu ildə 444.514, 2008-ci ildə isə 404.765 ədəd olub. Hazırda isə Bakıda qeydiyyatda olan şəxsi avtomobillərin sayı 600 minə çatıb və bu artım durmadan, hətta deyərdik ki, günbəgün artır.
***
Bütün bu artımlar təbii olaraq paytaxt Bakıda tıxacların, sürücü tələskənliyi və hövsələsizliyinin “bəhrəsi” olan ağır yol qəzalarının hərəkətverici qüvvəsi olaraq qalır və nəticədə köhnə, istismar müddəti çoxdan ötmüş, təhlükəsizlik yastığı istismara yararsız olan, texniki cəhətdən saz olmayan ucuz Avropa maşınlarının törətdiyi qəzalarda həm də “ucuz ölümlər”in sayı durmadan artır.
Yəqin təsəvvür edilməz haldır ki, hazırda Bakıdakı süni avtomobil sıxlığı əlavə problemlər də yaratmaqdadır-tıxaclar, bu tıxacların aradan qaldırılması üçün əlavə milyardlar sayəsində yeni yolötürücü qurğuların tikintisi, yolların genişləndirilməsi tədbirləri, bir də paytaxtın ekoloji durumu! Təsəvvür edirsinizmi, bu gün Azərbaycanda hər 1 km-ə 41,3 maşın düşürsə, Bakıda bu rəqəm hər km-ə 425 ədəd maşın deməkdir. Bu rəqəm paytaxt ərazisində 1 maşına isə 2,34 metr yol deməkdir! Azərbaycan hər km-ə düşən maşın göstəricilərinə görə isə Moskva və Ukraynanı da ötüb. Müqayisə üçün deyək ki, hətta Finlandiyada hər maşına 68 metr, Fransada isə 50 metr yol düşür.
Deməli, Nazirlər Kabinetinin qəbul etdiyi normalara və Dövlət Standartlaşdırma Komitəsinin müəyyən etdiyi standartlara görə 2012-ci ilin yanvarın 1-dən təhlükəsizlik yastığı və “ABS” sistemi olmayan avtomobillərin ölkəyə gətirilməsi qadağasına ciddi riayət olunmalıdır. Amma faktlar sübut edir ki, bu qadağalar hələki bəzi işbazlar üçün işləmir. Deməli, ciddi tədbirlərin görülməsi vaxtı çatib .