3 saylı Sabunçu Klinik Xəstəxanası dünəndən hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə saxlanılır.
Musavat.com xəbər verir ki, bu gün də xəstəxanaya girişə məhdudiyyət qoyulub.
Xəstə ziyarətinə ümumiyyətlə icazə verilmir. Xəstə yaxınlarından bir nəfər ehtiyac olduqda həkim məsləhəti ilə içəri buraxılır. Xəstəxananın giriş qapısında işə gələn həkimlər, təcili tibbi yardım maşınları, həkimlərin maşınları bir-bir yoxlanılır.
Xəstəxanadan bildirilir ki, xəstələrə yemək verildiyi üçün ziyarətə gələn xəstə yaxınlarının da içəri keçməsinə ehtiyac yoxdur. Xəstəxananın girişində onlarla insan var.
Hazırda xəstəxananın bütün qapıları, binaları, hətta hər mərtəbəsi polis nəzarətindədir. Həyətdə avtobuslarda və Post Patrul Maşınlarında Çevik Polis Alayının əməkdaşları var.
Ölən və yaralananlar haqda xəstəxanadan heç bir məlumat verilmir.
Xatırladaq ki, dünən Nardaranda hüquq-mühafizə orqanlarının əməkdaşları ilə dindarlar arasında silahlı toqquşma olub. Silahlı insident zamanı 2-si polis əməkdaşı olmaqla 6 nəfər dünyasını dəyişib. 10 nəfərədək yaralanın olduğu bildirilir.