Partiyanın mətbuat xidmətindən daxil olan nəlumata görə, görüşün keçirilməsində məqsəd deputat Çingiz Qənizadə tərəfindən Milli Məclisə təqdim olunan “Qeyri-hökümət təşkilatları, ictimai birliklər və fondlar haqqında” qanun layihələrinə qarşı alternativ qanun layihəsinin hazırlanması olub. İqbal Ağazadə belə bir görüşün keçirilməsinin zərurətini təklif olunan qanun layihələri vətəndaş cəmiyyətinin fəaliyyətinin məhdudlaşdırılmasına yönəlməsi ilə izah edib. Millət vəkili alternativ qanun layihəsi təklif etmək niyyəti olduğunu bildirib. Qeyd edib ki, bu sahədə vətəndaş cəmiyyətinin fikirləri çox önəmlidir və bu səbəbdən görüşün keçirilməsi məqsədə uyğun hesab edilib.
Tədbirdə iştirak edən Demokratik Təsisatlar və İnsan Hüquqları İB-nin sədri Elçin Abdullayev bu qanun layihəsinin vətəndaş cəmiyyətinin işinə yaradacağı fəsadlardan danışaraq bildirdi ki, inkişaf etməkdə olan kiçik büdcəli QHT-lər bu qanun layihəsinin sayəsində sıradan çıxa bilər. Bu da QHT sahəsində rəqabətin və inkişafın qarşısını alacaq. Bütün bu nüqativ halların baş verməməsi üçün vətəndaş cəmiyyəti nümayəndələri bir araya gələrək ciddi müqavimət təşkil etməlidirlər.
Görüşdə çıxış edən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi İB-nin nümayəndəsi Bəşir Süleymanlı bildirdi ki, qanunvericiliyə təklif edilən təşşəbbüs öz mürtəceliyi ilə seçilir. Amma mövcud hakimiyyət unudur ki, demokratioyaya dəstək verən beynəlxalq quruluşlar Azərbaycandan da qapalı ölkələrə maliyyə dəstəyi verirlər. Lakin bu tip dəstəklər gizli olduğundan onların hesabatı haqqında nəinki dövlətə heç cəmiyyətə də məlumat verilmir. Azərbaycan hakimiyyəti az-çox əldə olunan demokratik nailiyyətləri belə mürtəce qanunlarla sıradan çıxarmamalıdır. Bu çox qorxulu bir tendensiyadır.
Mədən Sənayesində İnsan Hüquqları İB-nin sədri Mübariz Tağıyev qeyd edib ki, 2009-cu ildə də buna oxşar bir kampaniya ilə vətəndaş cəmiyyətinin fəaliyyətini sıxışdırmağa cəhd edilmişdi. Lakin həmin vaxt QHT-lər birləşərək hakimiyyəti geri çəkilməyə məcbur etmişdi. Bu gün də QHT-lərin birliyinin vacib olduğunu vurğulayan M.Tağıyev qanunun qəbuluna birgə etiraz etmək fikrini səsləndirib.
Görüşdə həmçinin Yayımların Monitorinqi, Vətəndaş Hüquqlarına və Demokratiyanın inkişafına Yardım, İctimai Vəkil İnsan Hüquqlarının Müdafiəsi ictimai birliklərinin rəhbərləri iştirak edib.