Xəzər dənizi sahildə tikilən hasarların sökülməsi və kimlərə məxsus olması ilə bağlı siyahının hazırlanması işi Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırılıb.
XəzərNews.az-ın əldə etdiyi məlumata görə, artıq bununla bağlı İcra Hakimiyyətində ciddi işlər aparılır. Sahil boyu ərazilərdə dəniz görüntüsünü məhdudlaşdıran bütün hasar və obyektlərin sökülməsi planlaşdırılır. Bunun üçün artıq obyekt sahiblərinə də müvafiq göstərişlər verilib. Xəbərdə bildirilir ki, qarşıdakı yay mövsümünə kimi Bakı və Abşeron yarımadası sahil boyu ərazilərdə tikilən hasarlar tam söküləcək.
Hər kəsə məlumdur ki, Xəzər dənizinin sahilinin oliqarxlar və bəzi məmurlar tərəfindən qanunsuz çəpərlənir. Artıq paytaxtda demək olar ki, yay aylarında istirahət üçün dənizə üz tutan aztəminatlı ailələrin gedə biləcəyi pulsuz çimərlik yeri qalmayıb.
Qeyd edək ki, dünən ölkə başçısı da Azərbaycanda torpaq sahələrini özbaşına zəbt edən şəxslərə qarşı cəzaların sərtləşdirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncamda Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlarda tikinti işləri aparanlar cinayət məsuliyyətinə cəlb olunacaqları vurğulanır: “314-1.3. Bu Məcəllənin 314-1.1-ci və 314-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Yadınızdadırsa, Milli Məclisin plenar sessiyasında bir sıra millət vəkilləri bu məsələyə sərt şəkildə etirazlarını bildirmişdilər. Millət vəkili Zeynəb Xanlarova dənizin önünə hasar çəkilməsindən danışaraq etirazını dilə gətirmişdi: "Hər dəfə Binə yolu ilə gələndə görürəm dəniz kənarında evlər tikilir, hündür, uzun hasarlar çəkilir. Mən dünyanı gəzirəm, Amerikada Ağ Evi görürük, hasarı-zadı yoxdur. Nardaran camaatı ağlayır ki, hər şeyi bizim əlimizdən alıblar, indi də dənizi hasarlayırlar. Bilmirəm kimindir, İsgəndərindir, Cahangirindir. Dənizi xalqın əlindən almaq olmaz".
Eks-deputat Sabir Rüstəmxanlı isə deyib ki, Xəzər dənizinin sahilləri bir dəstə zəngin şəxs tərəfindən işğal olunub: “200-300 m, 1 km uzunluğunda hasarlar çəkilib. Artıq dənizi görmək mümkün deyil. Birinin pulu çox olar, vəzifəsi yuxarı olar. Amma bu o demək deyil ki, onlar milləti dənizdən məhrum etməlidirlər. Əgər imkanları belə itidirsə, Qobustan təpələri boşdur, gedib orda nə istəyirlər tiksinlər. Bu cür özbaşınalıq, cəzasızlıq ola bilməz. Biz dənizin həm də ekologiyasını qorumalıyıq. Vaxtilə dənizdən 150 metr məsafədə ev tikmək qadağan olunurdu. Sonra kimlərinsə marağına uyğun olaraq bunu 50 metrə endirdi. İndi isə demək olar ki, dənizin içinə giriblər” - deyən sabiq deputat Azərbaycanda Xəzər sahili ilə bağlı xüsusi qanun qəbul edilməsini təklif edib.
Deputat Zahid Oruc da Xəzər dənizinin ətrafı ilə bağlı ayrıca qanunun olmasını təklif edib.