Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfə məlumat verəcəyimiz mövzu qanunsuz tikililər və onları tikənlərin cəzası barədədir.
Mövzu ilə bağlı suallarımızı vəkillər kollegiyasının üzvü Asif Abdullayev cavablandırdı.
“Qanunsuz tikililərlə bağlı cinayət məcəlləsinə edilən dəyişikliklərə görə, özünə məxsus olmayan torpaqda hasar çəkən - iki ilədək, tikinti aparan isə - 8 ilədək azadlıqdan məhrum edilə bilər.
Azərbaycan Respublikası prezidenti tərəfindən imzalanmış müvafiq qanuna əsasən, Cinayət məcəlləsinin 188-ci maddəsi yeni redaksiyada verilib. Dəyişikliyə əsasən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutan şəxs - 8 min manatdan 10 min manatadək cərimə, və yaxud iki ilədək müddətinə azadlıqdan məhrum edilə bilər.
Digər dəyişikliyə əsasən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparmağa görə təqsiri sübuta yetirilmiş şəxs bir ildən üç ilədək müddətinə azadlıqdan məhrum edilə bilər.
Qeyd edilən əməllər təkrar və yaxud şəxsin öz qulluq mövqeydindən istifadə edərək törədilməsi - 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Müqayisə üçün bildirirəm ki, sözügedən maddənin əvvəlki redaksiyasında nəzərdə tutulmuş cəza - yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işlərdən ibarət idi.
Düşünürəm ki, özbaşına tikililərin qarşısının alınması istiqamətində bu dəyişiklik mühüm rol oynayacaq və qanunsuz tikinlilərin inşasına marağı azaldacaq.”