Tarif Şurasının 23 noyabr 2015-ci il qərarı ilə mazutun qiyməti 3 dəfə ucuzlaşdırılıb. 14 saylı Qərarda tariflərə "Azərenerji" ASC-nin təklifi əsasında baxıldığı göstərilir.
“Qafqazinfo” “Bizim Yol” qəzetinə istinadən xəbər verir ki, ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə Tarif Şurasının 2015-ci il 14 yanvar tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri"nin cədvəl hissəsinin 10-cu sətri aşağıdakı redaksiyada təsdiq edilib.
Göründüyü kimi, qiymətlər 3 dəfə aşağı düşdüyünə görə, növbəti addım elektrik enerjisində müşahidə edilməlidir. Çünki "Azərenerji"nin istehsal prosesində mazut əsas xammal sayılır. Belə olan halda, hökumət elektrik enerjisinin tariflərinin yenidən baxılmasına gedəcəkmi? Yoxsa burada istehlakçıdan çox ASC-nin maddi maraqları daha önə çıxacaq?
İqtisadçı-ekspert Natiq Cəfərli qəzetə açıqlamasında bildirib ki, mazut ucuzlaşıbsa, məntiqlə elektrik enerjisinin də qiyməti aşağı düşməlidir. "Azərenerji" dövlət şirkətidir və xammalı Dövlət Neft Şirkətinin müəssisələrindən alır. Xammal üzrə tariflər aşağı düşürsə, deməli, istehsal qiyməti də azalır. Belə olan halda, istehlakçılara satılan elektrik enerjisinin qiymətlərinə yenidən baxılmalıdır. Ona görə də Tarif Şurası keçirdiyi son iclasında bununla bağlı qərar verməli idi. Normal sistemli ölkələrdə ardıcıllıq belə olur. Təəssüf ki, Tarif Şurası belə bir addım atmadı".
N.Cəfərli hesab edir ki, əslində, mazutun qiymətinin 3 dəfə aşağı düşməsinin arxasında başqa səbəblər var. İqtisadçının fikrincə, burada əsas məqsəd "Azərenerji"nin problemlərini həll etməkdir: "Qurumun ciddi borcları var. Əsas borclu olduğu şirkətlərdən biri SOCAR-dır. Şirkət aldığı mazutun pulunu ödəməkdə çətinlik çəkir. Eyni zamanda vergi borcları da var. Yayılan məlumatlara görə, həmin borcların bir hissəsi silinəcək, bir hissəsi dövlətin zəmanəti altına alınacaq. Yeni səhifədən "Azəreneji"nin fəaliyyəti üçün şəraitin qurulması məsələləri danışılır. Çox güman ki, ASC-nin rəhbərliyində də dəyişikliklərə gediləcək. Vəziyyətin bu qədər ağır olmasının səbəbkarlarından biri də rəhbərlikdir. Çünki normal idarəçilik qura bilmədiyinə görə böyük borclar yığılıb. Ola bilər ki, bu addımların məntiqi nəticəsi sağlamlaşdırılma ilə bağlıdır. "Azərenerji"nin bir hissəsinin uzunmüddətli idarəetməyə verilməsi, satışa çıxarılması məsələsi də gündəmə gələ bilər. Amma bunun yaxın perspektivdə olması ehtimalı çox aşağıdır. Sadəcə olaraq ən yaxın perspektivdə idarəetmə sisteminin və rəhbərliyin dəyişdirilməsi nəzərdə tutulur. Beləliklə, mazutun tarifinin aşağı düşməsinin ardınca, başqa qərarlar da gözləyə bilərik".
İqtisadçının sözlərinə görə, "Azərenerji"nin borclarının yığılmasının başlıca səbəbi effektiv idarəetmənin olmamasıdır: "Satınalmalarda müxtəlif yollarla şişirdilmiş qiymətlər var. Yəni korrupsiya halları kifayət qədər çoxdur. Şişirdilmiş qiymətlər maya dəyərinin artmasına səbəb olur. "Azərenerji"nin tərkibində çoxlu itkilər olur. Rəsmi rəqəmlərlə götürsək, ASC-nin hər kVt elektrik enerjisinə sərf olunan mazutun həcmi ortalama dünya standartlarından 2 dəfə artıqdır. Hətta Cənubi Koreya ilə müqayisə etsək, bu, 3 dəfəyə çatır. Məsələn, bu ölkədə 170-180 qram mazutdan təqribən 1 kVt elektrik enerjisi alınırsa, Azərbaycan üçün bu rəqəm 400 qramı keçir. Normal idarəetmənin təşkil olunmaması, şişirdilmiş rəqəmlərin, korrupsiyanın geniş vüsət alması ASC-nin öz işini effektiv qura bilməməsinə dəlalət edir və maya dəyəri süni şəkildə böyüyür".
N.Cəfərli hesab edir ki, dövlət iqtisadiyyatda ən pis menecerdir: "Sovet dövründən qalan düşüncə tərzindən yaxa qurtarmalıyıq. İmkan olduqca belə müəssisələr özəl sektora dövr olunmalıdır. Uzun müddətli icarəli şəkildə dövlətin iqtisadiyyatdan çəkilməsi gərəkdir. Amma Azərbaycanda hökumətin addımlarından görünür ki, əks proseslər gedir. Dövlətin hər sahədə hegemon olduğunu görürük".
Digər iqtisadçı-ekspert Akif Nəsirli isə bildirdi ki, hazırda neft məhsullarının qiymətinin aşağı salınması daha real addım olardı: "Fevral ayındakı devalvasiyadan sonra hökumət bəyan edirdi ki, ölkə daxilində qiymətləri sabit saxlayacaq və bu istiqamətdə real addımlar atacaq. Düşünürəm ki, real addımlardan biri neft məhsullarının qiymətinin əsaslı şəkildə aşağı salınması olardı. Amma hökumət buna getmədi. Nəticədə son on ay ərzində elə məhsullar var ki, 40-50 faiz bahalaşıb. Bahalaşmanın qarşısının alınması üçün enerji daşıyıcılarının qiymətinə yenidən baxılmalı və ucuzlaşdırılmalıdır. Bu, elə böyük bir xərc də tələb etmir ki, hökumətin buna hazır olmadığı bəhanəsi gətirilsin. Hökumət daxili iqtisadiyyatı qorumaq istəyirsə, nəinki, elektrik enerjisinin, eləcə də digər enerji daşıyıcılarının qiymətini aşağı salmalıdır. Məncə, belə bir vəziyyətin yaranacağı realdır".
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə qeyd edir ki, mazutun topdansatış qiymətlərinin 3 dəfə ucuzlaşdırılaraq 1 tonu üçün 100 manat nəzərdə tutulmasının bir neçə maraqlı səbəbi var: "Əvvəla bu, "Azərenerji" ASC-nin Tarif Şurasına müraciəti əsasında baş verib. İkincisi, mazutun qiyməti "Azərenerji" ASC-nin SOCAR-dan aldığı təbii qazın qiyməti ilə eyniləşdirilib".
İ.Şaban hesab edir ki, bu məsələ bir sıra məqamlardan xəbər verir: "Azərenerji"nin SOCAR-a olan qaz borcu 01.07.2015 tarixinə 515 mln. manata çatdıqdan sonra Azərbaycan Dövlət Neft Şirkəti yay mövsümündə energetiklərə qaz verilməsini müəyyən qədər azaltmağa başlayıb və həmin həcmləri yeraltı qaz anbarına vurur. Həmin dövrdən başlayaraq "Azərenerji" özünün ehtiyat rezervlərində olan mazutdan istifadə edərək istilik elektrik stansiyalarının yanacaq təminatını yarıqaz, müəyyən hissəsini mazut rejimində həyata keçirib. İndi SOCAR-dan mazut dekabrın 1-dən başlayaraq daha ucuz alınacaq ki, bu da "Azərenerji"yə elektrik enerjisinin maya dəyərinin daha baha başa gəlməsinə səbəb olmasın.
Ancaq məsələ bunda deyil. Faktiki olaraq 90 faiz elektrik stansiyaları dövlət investisiyaları hesabına başa gələn "Azərenerji"də elektrik enerjisinin maya dəyəri niyə bu qədər bahadır? Əslində baha deyil, onun bir adı var, o da şişirdilmiş qiymətdir".