Pənah Hüseyn: “Bu hüquqa müdaxilə etik deyil”; Sərdar Cəlaloğlu: “Dini nöqteyi-nəzərdən o adların heç bir mənası yoxdur”
Bu günlərdə deputat Fazil Mustafa öz facebook statusunda hacı, məşədi, kərbəlayi kimi adların işlədilməsinin əleyhinə olduğunu qeyd edib. Onun fikrincə, bu cür titulları insanın gözünə soxmaq düzgün deyil və bu yığışdırılmalıdır.
Deputat yazıb: “Kim haranı ziyarət edibsə, Allah qəbul etsin, bunu niyə titula çevirib başqasının gözünə soxurlar, izahını tapmaq mümkün deyil. Televiziyanı açırsan, gerizəkalı bir aparıcı üzünü müsahibinə tutub deyir ki, hacı, sizin bu məsələyə münasibətiniz necədir?” Fazil Mustafa onun bu mətnini İrandan idarə olunan cahil şəbəkənin söyüşlərlə paylaşdığını bildirib: “İrandan idarə olunan nadan, cahil şəbəkə nəyi doğru söyləmədiyimizi yazmağa qabiliyyətləri çatmadığına görə söyüşlər yağdıraraq bu mətni paylaşıblar. Onları bir şeydən əmin etmək istəyirəm ki, din pərdəsi altında ermənilərə dəstək verən saxta islam rejimi ilə Vətənini satmağa hazır sizlər kimi bütün şərəfsizlərə və Vətən xainlərinə qarşı qətiyyətli mübarizəmizi davam etdirəcəyik”.
F.Mustafanın bu təklifi Azərbaycan siyasətçiləri və dindarlar arasında da birmənalı qarşılanmayıb. Onun bu fikrinə münasibət bildirən AXP sədri Pənah Hüseyn insanların bu hüquqlarına müdaxilənin düzgün olmadığını bildirdi: “Bu, davranış hüququdur və bu hüquqa müdaxilə etik deyil. Mən insanların bu titullardan istifadə edib-etməməsinin elə onların özlərinin ixtiyarına buraxılmasının tərəfdarıyam. Kim istəyir müraciət etsin, kim istəyir etməsin”.
ADP sədri Sərdar Cəlaloğlu isə bu cür titulların İslama aidiyyətinin olmadığını dedi: “Kəlbəlayi, hacı, məşədi adları, sadəcə olaraq, bir insanın Allahın əmrlərini icra etməsini bildirmək üçün deyilir. Həcdən başqa İslam aləmində digər zəruri ziyarət yoxdur. Qəbiristanlıqların, din adamlarının, şəhidlərin ziyarəti qəbir ziyarətidir. Qəbir ziyarəti, xüsusən də Allah yolunda ölən adamların qəbrini ziyarət etmək bizim borcumuzdur. Ölüm Allahın sifətlərindən biri olduğuna görə ölənin hansı dindən olmasından asılı olmayaraq biz ölüyə hörmət etməliyik. Hansısa bir imamın qəbrini ziyarət edib ad almağın İslama heç bir aidiyyəti yoxdur. Yəni Qurani-Kərimdə kərbala, məşədi, hacı kimi adlar yoxdur. Bu, şiə təriqətinə xas adlardır. Məsələn, şiəliyin əsası Həzrəti Əlidən gəlir. Amma onun qəbrini ziyarət etsəniz, ad almazsınız. Yaxud Cəfəri təriqətinin banisi İmam Cəfərdir. Onun qəbrini 50 dəfə də ziyarət etsəniz, ad almayacaqsınız. İnsanlar yalnız İmam Rzanın və İmam Hüseynin qəbrini ziyarət edəndə ad alırlar. Əgər imamların qəbrini ziyarət etmək bir ad yaradırsa, niyə digər imamların qəbrini ziyarət etmək ad yaratmır?! Demək istəyirəm ki, bu adlar nə şiəliyin özündə, nə də başqa təriqətlərdə bir zərurət doğurmur. Mədinəyə gedib Peyğəmbərin qəbrini ziyarət edirsənsə və sənə ad düşmürsə, nəyə görə Xorasana gedəndə məşədi olursan?! Bax bunu başa düşmürəm. İmam Hüseyni başa düşmək olar ki, döyüşüb, fədakarlıq edib. Bəs İmam Rzanın ziyarəti niyə ad yaradır. Axı o vuruşmayıb, mühacirət edərək İranda yaşayıb. Burada anlaşılmazlıqlar var və müəyyən mənada açılmalıdır. Ona görə də mən kimin nə ad daşımasına elə də əhəmiyyət vermirəm. Kərbəla, məşədi və ya hacı olsun, fərq etməz. Bizim ümumi adımız müsəlmandır”.
S.Cəlaloğlu F.Mustafanın dediyi kimi, məsələnin inzibati qaydada həllini də doğru saymır: “Fazil Mustafanın dediyi kimi bu titul məsələsini birdəfəlik aradan götürmək olmaz. Çünki insanlar o qəbirləri ziyarət edərkən bildirmək istəyirlər ki, həmin yerlə təmasları olub. Məsələn, kimsə deyir mən adımı qoyuram kərbəlayi. Bunu kitabda rəsmi yazdırmır. Bunu el arasında, dini baxımdan əzizləmə mənasında deyirlər. Həmin titulların heç biri ya kiməsə əlavə status, ya da hörmət gətirmir. Amma dini nöqteyi-nəzərdən o adların heç birinin mənası yoxdur. Cəmiyyət qadağa ilə idarə edilə bilməz, onun, sadəcə olaraq, mədəni, dini səviyyəsini qaldırmaq lazımdır. İnsanlar bilməlidir ki, hacı, kərbəlayi olmaqla dində hörmətli adam olmursan. Dində alim olanda, dini təbliğ edəndə hörmətli adam olursan. Ölkədə din elmi inkişaf etmir və geridə qalıb. Məsələn, biz müqəddəs sözünü harada gəldi işlədirik. Bu sözü yalnız Allah üçün işlədə bilərik. Hətta peyğəmbərə də müqəddəs deyə bilmərik. Dini yerlər deyə bilərik, müqəddəs yerlər yox. Əgər Allaha da, torpağa da, hansısa bir imama da müqəddəs deyiriksə, o zaman belə çıxır ki, biz Allaha şərik qoşuruq. Müqəddəs sözü Allahdan başqa heç bir varlığa münasibətdə işlədilə bilməz. Din ancaq yas mərasimləri və qəbiristanlıq fonunda təbliğ edilir. Dindarlara demək istəyirəm ki, məşədi və kərbəlayi məsələləri İslam dininin özündə çox anlaşılmaz bir məsələdir. Bilsinlər ki, bu ad almaq məsələsi dini yox, siyasi məsələdir. Bunu hamı başa düşməlidir”.