Mətbuata Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun ağlasığmaz bədxərcliyinə dair sensasion məlumat daxil olub.
Həmin məlumatda deyilir ki, Taleh Qaraşov bu il yay məzuniyyətini öz ailə üzvləri ilə birlikdə Çexiyanın məşhur Karlovı Varı kurort şəhərində keçirib.
Azərbaycandan gedən və aylıq maaşı 2 min manata yaxın olan bir məmurun xərclədiyi pulların məbləğinin yüz minlərlə dolları aşması faktı çexiyalı jurnalistlərin də diqqətini cəlb edib və onlar həmin informasiyanı bizimlə bölüşüblər.
Məlumatda deyilir ki, T.Qaraşov və onun 11 nəfər ailə üzvü (övladları və nəvələri) bu il iyulun əvvəlində AZAL şirkətinin Bakı-Praqa reysi ilə Çexiyaya uçub. Qaraşovlar ailəsi Praqadan da Karlovı Varı şəhərinə gedib.
Maraqlıdır ki, Qaraşovların bütün aviabiletləri biznes-klassa alınıb. Yəni icra başçısı təyyarənin biznes-klass salonuna faktiki olaraq bütün biletləri alıb. AZAL-da bir biznes-klass biletinin qiyməti 1500 manatdır. Deməli, aylıq maaşı 2 min manata yaxın olan məmur təkcə aviabiletlərə 16500 manat xərcləyib.
Karlovı Varı
T.Qaraşov ölkəyə iyulun 21-də qayıdıb. Təbii ki, yenə biznes-klassda. Təyyarənin trapında onu şəxsi avtomobili ilə qarsalayıblar.
Məlumata görə, icra başçısı və ailə üzvləri Karlovı Varıdakı dəbdəbəli “Carlsbad Plaza” otelində yerləşiblər. Bu oteldə bir nömrənin sutkalıq qiyməti 2 min dollardır. Qaraşovlar ailəsi oteldə 6 otaq götürüblər. Yəni ailənin gündəlik otel xərci 12 min dollar təşkil edib. İcra başçısı və ailə üzvləri bu oteldə 21 gün qalıb.
Ailənin otel xərclərini hesablamaq çətin deyil. Amma buna bilirsinizmi nə qədər xərclənib? 251 min dollar!
T.Qaraşovun Çexiyadakı digər xərcləri barədə danışmağa lüzum görmürük. Lakin Lənkəranın icra başçısına sual etmək lazımdır: o, bu qədər pulu haradan və necə qazana bildi ki, Karlovı Varıda üç həftənin içində təxminən yarım milyon manatı asanlıqla xərclədi?
Virtualaz.org saytının redaksiyası Lənkəran ŞİH başçısına müvafiq sorğu göndərib.
Başa düşürük, azərbaycanlı məmurlar gəlir bəyannaməsi anlayışından bixəbərdir, bu haqda elementar təsəvvürləri belə yoxdur. Lakin hər halda istənilən məmur öz gəlirlərinin şəffaflığının qayğısına qalmalıdır.
Ümid edirik ki, bu fakt ölkənin hüquq-mühafizə orqanlarının və digər müvafiq strukturlarının da diqqətini cəlb edəcək.
Sonda onu da qeyd edək ki, prezident İlham Əliyev elə həmin iyul ayında jurnalistlərlə görüşündə onları korrupsiya faktlarını daha fəal şəkildə araşdırmağa və ictimaiyyəti bu barədə dərhal məlumatlandırmağa çağırmışdı.