Milli Məclisin deputatı Vahid Əhmədov əhalinin kommersiya banklarına olan kredit borclarının həcminin çoxluğunu nəzərə alaraq, bunun qarşısının alınması təklifilə çıxış edib. Deputat bildirib ki, problemli kreditlərin azalması üçün kreditlərin strukturuna baxmaq lazımdır. Lazım gələrsə, bəzi güzəştlərə gedilməlidir: “Əgər kredit götürən şəxsin vəsaiti geri qaytarmaq qabiliyyəti sıfıra bərabərdirsə, onun heç bir mülkü yoxdursa, ona güzəştə getmək lazımdır. Siyahını artırmaqla Azərbaycan üçün heç bir müsbət nəticə əldə etməyəcəyik. Beynəlxalq maliyyə qurumlarına verilən hesabatlarda 1,4 mlrd. kredit olduğunu bildirmək Azərbaycanın maliyyə imici üçün də mənfi haldır. İlbəil problemli kreditləri artıra-artıra hara gedirik. Bunun qarşısını almaq üçün konkret addımlar atılmalıdır. Bəzi kreditlərin silinməsi və ya güzəştlərin edilməsi lazımdır”.
“Qafqazinfo” xəbər verir ki, Modern.az saytı məsələnin aktuallığını nəzərə alaraq müxtəlif kommersiya banklarından münasibət öyrənib.
“Parabank”dan verilən məlumatda bildirilib ki, bu, reallaşması mümkün təklif deyil. “İnsanlar var ki, on milyonlarla kredit götürüb və qaytara bilmir. Tutaq ki, bank bunu bağışladı. Bəs həmin krediti kim ödəyəcək?..”.
“Günaybank”ın mütəxəssisi deyib ki, təklif verilibsə, onun tətbiq mexanizmi də göstərilsin: “Bildirilsin ki, borclu şəxslərin krediti hansı mənbə hesabına ödəniləcək. Bu mümkün olan şey deyil. Əhali kredit götürməklə yanaşı, həm də öz əmanətlərini banka qoyur. Və bir çox kreditlər qoyulan əmanətlər hesabına verilir. Tutaq ki, kreditlər silindi. Bəs əmanət qoyanların əmanətini kim qaytaracaq?..”.
“Texnika Bank” da digər banklar kimi təklifi real hesab etmir: “Bu təklifi hər kəs verə bilər. Bunu deməklə olmur. Hər kəs deyə bilər ki, kreditlər silinsin. Amma silinən krediti kim ödəyəcək?..”.
Əlaqə saxladığımız digər bir sıra kommersiya banklarının rəsmiləri də səsləndirlən təkliflə bağlı necə deyərlər, daş atıb, başlarını tutdular: “Bəs pulumuzu kim ödəsin?..”.