Qeyd edək ki, Ramal Bayramovun qətlilə bağlı bu iş üzrə məhkəmə qarşısına bir nəfər çıxarılıb - Rəşad Mirələmov. O, “1001 gecə”nin sahibi, deputat Hüseynbala Mirələmovun qardaşı oğludur.
Cinayət işinin materiallarına görə, 17 iyul 2012-ci ildə “1001 gecə” istirahət mərkəzində ölümlə nəticələnən insidentin məhz Rəşad Mirələmov tərəfindən törədildiyi sübuta yetirilib. Rəşad Mirələmovun “Makarov” markalı tapança ilə Ramal Bayramovu qəsdən öldürdüyü, Səməd Mənsimov, Elmar Süleymanov və qeyrilərini öldürməyə cəhd göstərdiyi müəyyən olunub.
Bu səbəbdən də ona qarşı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, adam öldürməyə cəhd, hədə-qorxu ilə tələb etmə və qanunsuz silah saxlama maddələrilə ittiham irəli sürülüb.
Dünənki məhkəmə iclasında məlum olub ki, zərərçəkmişlər məhkəmədə iştirak etməkdən imtina ediblər. Hakim Cavid Hüseynovun sözlərinə görə, zərərçəkmişlərin iştirakı olmadan da məhkəmənin hazırlıq iclasının keçirilməsi mümkündür.
Qeyd edək ki, zərərçəkmiş tərəf işin istintaqının düzgün aparılmadığını, günahkarların məsuliyyətdən kənarda saxlanıldığını düşünür və bu səbəbdən etiraz əlaməti olaraq məhkəmədə iştirak etmir.
Qətlə yetirilmiş Ramal Bayramovun anası Nənəş Ismayılova dövlət başçısı Ilham Əliyev, baş prokuror Zakir Qaralova ünvanladığı şikayət məktublarında yazıb ki, indiki vəziyyətdə cinayət işinin məhkəməyə verilməsini doğru saymır. Zərərçəkmiş, deputatın da bu qətlə aidiyyəti olduğunu, onun oğulları, eləcə də təqsirləndirilən Rəşadın qardaşının da qətl hadisəsində iştirak etdiyini deyir.
“Oğlum Milli Məclisin deputatı Hüseynbala Mirələmovun oğlanları və qardaşı oğlanları tərəfindən qəsdən öldürülüb. Amma Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair Işlər Üzrə Istintaq Idarəsinin rəis müavini, kriminalistika şöbəsinin rəisi, istintaq qrupunun rəhbəri Pərviz Ibayev oğlumu öldürən şəxsləri hansısa maraqlar naminə həqiqəti ört-basdır edir. Guya, Rəşad Mirələmov guya, tək olub və oğlumu öldürüb.
Oğlumu “1001 gecə” istirahət mərkəzinə Hüseynbala Mirələmovun tapşırığıyla çağırıb və öldürüblər. Iyulun 16-dan 17-nə keçən gecə nə təlaş idi ki, deputat Hüseynbala Mirələmovun oğlanları Rauf və Fərid Mirələmovlar, qardaşı oğlanları Cavid, Rəşad və digər yaxınları istirahət mərkəzində yığışmışdılar? Hesab edirəm ki, sonuncular düşünülmüş şəkildə əvvəlcədən plan qurmaqla əlbir olaraq, mənim oğlumu öldürüblər. Pərviz Ibayev isə cinayətin digər iştirakılarını məsuliyyətdən kənarda saxlamaq üçün əlindən gələni edib", - deyə zərərçəkmiş məktubda yazır.
Bu iş üzrə məhkəmə prosesi aprelin 25-də davam edəcək.