Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq edib.
“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, məlumatda bəzi məcburi köçkünlərin dövlətin diqqət və qayğısından sui-istifadə etdiyi bildirilir: “Xüsusən belə hallar yeni salınmış qəsəbələrə köçürülmə zamanı daha çox özünü göstərir. Belə ki, bəzi məcburi köçkünlər əvvəllər köçürmə obyektlərində yaşadıqlarını və orada müvəqqəti qeydiyyatda olduqlarını bəhanə edərək, yuxarı instansiyalara mütəmadi müraciət edərək onlara yeni mənzillərin verilməsini təkidlə tələb etmişlər. Lakin bir müddət keçdikdən sonra onların həmin mənzillərdən istifadə etmədikləri, mənzillərin boş qaldığı müəyyən olunmuşdur. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin məcburi köçkünlər mənzilləri geri təhvil vermir, yaxud istifadəni təmin etmirlər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu qəbildən olan məcburi köçkünlərə bir daha xəbərdarlıq edir ki, 10 gün müddətində həmin mənzillərdə yaşayışı təmin etməsələr və yaxud təhvil verməsələr onlara yemək xərci müavinətləri, kommunal xidmətlərə (elektrik enerjisi, qaz, su) görə ödənişlər müvəqqəti dayandırılacaq və mənzillərdə yaşayış bərpa edildikdən və ya təhvil verildikdən sonra ödənişlər bərpa ediləcək”.