Milli Təhlükəsizlik nazirinin sabiq 1-ci müavini yazır ki, MTN ləğv edilməlidir; Milli Təhlükəsizlik Şurasında və MTN-də hansı islahatlar qaçılmazdır?
Dünyada, qonşu regionlarda və postsovet məkanında geopolitik qarşıdurmanın kəskinləşdiyi, Cənubi Qafqaz və Xəzər regionunda hərbi-siyasi vəziyyətin mürəkkəbləşdiyi və ağırlaşdığı, dünya bazarında neftin qiymətinin kəskin düşməsilə ölkəmizdə başlayan ciddi maliyyə-iqtisadi problemlərin dərin iqtisadi böhrana keçdiyi, bunun ciddi sosial-iqtisadi və sosial-siyasi nəticələr verəcəyinin gözləndiyi bir zamanda MTN-də və onun ətrafında baş verənlər cəmiyyəti haqlı olaraq ciddi narahat etməkdədir.
Terror təhdidi səviyyəsinin yüksəldiyi və artaraq davam etdiyi bir zamanda milli təhlükəsizliyə cavabdeh olan əsas dövlət orqanında illərdir davam edən cinayətlərin hələ yalnız kiçik bir qisminin üzə çıxması bu narahatlığı daha da artırmaqdadı.
Yaranmış vəziyyətdə cəmiyyətdə, eyni zamanda KİV-də ortaya çıxan sualların azalmaq əvəzinə artmaqda olduğunu nəzərə alaraq məsələnin müəyyən aspektlərinə münasibət bildirmək istədim.
Öncə onu qeyd edim ki, Azərbaycan Respublikasında səmərəli milli təhlükəsizlik siyasətinin aparılması dövlət siyasətinə bir bütün olaraq baxılmasını, onun iki əsas üzvi tərkib hissəsindən birinin məhz milli təhlükəsizlik siyasəti olmasının (milli inkişaf siyasəti ilə bərabər), bu sahədə köklü və dərin islahatların, o cümlədən struktur və kadr islahatının aparılmasının qaçılmaz olmasının nəzərə alınmasını tələb edir. Bu səbəbdən, eyni zamanda müzakirə edilən məsələnin ciddiliyi, miqyası və əhəmiyyətinin dərk edilməsi baxımından öncə dövlət siyasətinə, onun əsaslarına (milli maraqlar və milli təhlükəsizlik) çox qısa da olsa baxmamız lazımdı.
Dövlət siyasəti və onun əsasları
Dövlət siyasəti və ya milli siyasət - milli maraqların müəyyən edilməsi, formalaşdırılması, inkişafı, möhkəmləndirilməsi və təhlükəsizlik təminatına, bu əsasda milli geniş təhlükəsizliyin təmin edilməsinə, dövlətin qarşısında duran siyasi vəzifələrin həllinə və onun əsas siyasi məqsədinə çatmasına xidmət edən rəsmi dövlət siyasətidir.
Milli maraqlar dedikdə fərdin, cəmiyyətin və dövlətin uzunmüddətli (on illərlə ölçülən) təməl maraqları nəzərdə tutulur.
Milli geniş təhlükəsizlik isə fərdin, cəmiyyətin və dövlətin geniş - siyasi, iqtisadi, hərbi, sosial-psixoloji, informasiya, qida, ekoloji və s. təhlükəsizliyi, yəni bütün sahələrdəki təhlükəsizliyidi.
Dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində əsas məqsəd dövlətin başlıca siyasi hədəfinin, bu hədəfə çatmaq üçün qarşıda duran vəzifələrin və bu vəzifələrin necə yerinə yetirilməsinin müəyyən edilməsi və reallaşdırılması, son nəticədə dövlətin başlıca siyasi məqsədinə çatmaqdır.
Milli siyasətinin başlıca məqsədi - milli təhlükəsizliyin etibarlı təmin edilməsi, əlverişli milli təhlükəsizlik mühitinin yaradılması və milli maraqların davamlı inkişaf etdirilməsi ilə dövlət qarşısında duran əsas siyasi vəzifələrin həllinə və başlıca siyasi məqsədə nail olmaqdır.
Milli təhlükəsizlik - milli maraqların təminat altına alınması və milli geniş təhlükəsizlik maraqlarının qorunması, geniş təhlükəsizliyin təmin edilməsi ilə əlverişli milli təhlükəsizlik mühitinin yaradılması durumudur. Milli təhlükəsizlik təmin edilmədən,- milli maraqlar möhkəm təminat altına alınmadan, fərdin, cəmiyyətin və dövlətin geniş təhlükəsizlik maraqları etibarlı şəkildə qorunmadan - nə milli maraqların davamlı inkişaf etdirilməsi və möhkəmləndirilməsi, nə də dövlət qarşısında duran əsas siyasi vəzifələrin həlli və onun başlıca siyasi məqsədinə nail olması mümkün deyil. Bu səbəbdən də milli dövlət siyasətinin əsasında milli maraqlar və milli təhlükəsizlik dayanır.
Milli siyasət, bir-biri ilə üzvü şəkildə bağlı olan, bir-birini tamamlayan və gücləndirən iki başlıca tərkib hissədən (istiqamətdən) - milli inkişaf və milli təhlükəsizlik siyasətindən ibarətdir. Təbii ki, dövlət siyasətinin ideya-nəzəri əsaslarını müəyyən edən milli siyasət strategiyası da öz növbəsində bir-birilə üzvü bağlı olan və bir-birini tamamlayan iki başlıca tərkib hissədən (istiqamətdən)- milli inkişaf və milli təhlükəsizlik strategiyalarından ibarətdir.
Milli inkişaf siyasəti- milli maraqların müəyyən edilməsi, formalaşdırılması, inkişafı və möhkəmləndirilməsi ilə dövlətin qarşısında duran siyasi vəzifələrin həllinə və onun başlıca siyasi məqsədinə çatmasına xidmət edən rəsmi dövlət siyasətidir.
Milli təhlükəsizlik siyasəti isə milli maraqların möhkəm təminat altına alınması və milli geniş təhlükəsizlik maraqlarının etibarlı qorunması yolu ilə dövlətin qarşısında duran siyasi vəzifələrin həlli və onun başlıca siyasi məqsədinə çatması üçün əlverişli milli təhlükəsizlik mühiti yaradılmasına xidmət edən rəsmi dövlət siyasətidir. Milli təhlükəsizlik siyasətini- mahiyyəti etibarı ilə- milli inkişaf siyasətinin təhlükəsizlik təminatı (siyasəti) adlandırmaq da olar.
Milli təhlükəsizlik siyasətinin əsas məqsədi dövlətin qarşısında duran siyasi vəzifələrin həlli və onun başlıca siyasi məqsədinə çatması üçün əlverişli milli təhlükəsizlik mühitinin yaradılmasıdı. Bu da milli maraqların möhkəm təminat altına alınması və onun əsasında milli geniş təhlükəsizliyinin təmin edilməsilə mümkündür.
Başqa sözlə, milli maraqlar möhkəm təminat altına alınmadan milli geniş təhlükəsizlik maraqlarının etibarlı qorunması, eyni zamanda dövlətin qarşısında duran siyasi vəzifələrin həlli və onun başlıca siyasi məqsədinə çatması üçün əlverişli milli təhlükəsizlik mühitinin yaradılması sadəcə mümkün deyil. Bu səbəbdən də, dövlətin milli təhlükəsizlik durumu əsasən və ya əsası etibarı ilə milli maraqlar və onların mövcud vəziyyəti əsasında qiymətləndirilməlidi.
Quruluş etibarı ilə milli dövlət olan Azərbaycan Respublikasının milli siyasət strategiyası, eyni zamanda milli siyasəti hazırlanarkən, ilk növbədə onun:
- başlıca siyasi məqsədi və hədəfləri (ayrı-ayrı sahələr üzrə) düzgün müəyyən edilməli;
milli maraqları və milli təhlükəsizliyi əsas götürülməli;
strateji gücünün sabit və ya uzun müddətli (tarix, coğrafiya, ərazi, əhali) və dəyişən (siyasi, iqtisadi, hərbi, sosial-psixoloji və s.) bütün parametrləri, coğrafi (coğrafi-siyasi, coğrafi-strateji, coğrafi-iqtisadi və coğrafi-mədəni) mövqeyi, - qlobal və regional inkişafın başlıca meylləri, daxili və xarici təhlükəsizlik mühiti nəzərə alınmalı və başlıca siyasi məqsədinə, məhdud milli resurslardan səmərəli istifadə olunmaqla, çatmağa hesablanmalıdı.
Dövlət siyasətinə olan əsas tələblər
Bütün bunlar nəzərə alınmaqla, Azərbaycan Respublikasının dövlət siyasəti:
bir bütöv olmalı və onun tərkib hissələri - demokratik milli inkişaf və milli təhlükəsizlik siyasətləri bir-birini tamamlamalı;
milli olmalı- milli maraqlar (şəxsi maraqlar deyil!) üzərində qurulmalı;
rasional, praqmatik və adekvat olmalı, müasir dövrün tələblərinə və müasir dünyanın əsas inkişaf meyllərinə adekvat cavab verməli- AR demokratikləşməli, azad dünyaya inteqrasiya etməli və qloballaşmaya aktiv uyğunlamalı;
dövlətin öz coğrafi mövqeyi, dinamik dəyişən yeni dünya nizamı, qlobal və regional vəziyyətlə bağlı olan mövcud çağırış, risk və təhdidlərə, eyni zamanda tələblərə cavab verməli, dövlətin və millətin Avropa və avroatlantik məkanla bərabər, öz tarixi, milli, dini coğrafiyasına və açıq dənizlərə, dünya okeanlarına açılması ehtiyacını nəzərə almalı( dövlət,- azad dünya mərkəzli olmaqla- çox əsaslı və çoxvektorlu açılma geostrategiyası izləməli); məqsədyönlü və hədəfyönlü, ardıcıl, sistemli və kompleks, eyni zamanda, davamlı olmalı; milli koordinasiya(dövlət-hökumət-parlament, hakimiyyət-müxalifət) və milli birlik şəraitində hazırlanmalı və həyata keçirilməli; davamlı ictimai, sosial-siyasi və etnik-siyasi dəstəklə təmin edilməli; inkişaf etmiş vətəndaş cəmiyyətinin - açıq cəmiyyətin formalaşmasının, ictimai nəzarətin, şəffaflığın, hesabatlılığın, KİV-in müstəqilliyinin və milli maraqları əsas alan obyektiv ictimai rəyin formalaşmasının, müstəqil məhkəmə sisteminin yaradılmasının, qanunun aliliyinin, eyni zamanda cəmiyyətdə ədalətin təmin edilməsinin zəruriliyini nəzərə almalıdı.
Milli siyasətin əsas prinsipləri
Azərbaycan Respublikasının milli siyasətinin- milli inkişaf və milli təhlükəsizlik siyasətinin əsas prinsipləri də milli maraqların (demokratik inkişaf başda olmaqla) və milli təhlükəsizliyin öncəliyi;
demokratiya, insan hüquq və azadlıqları;
qanunun aliliyi və hüququn üstünlüyü;
sosial ədalət və rifah;
demokratik sabitlik və təhlükəsizlik;
geniş təhlükəsizlik;
dərin təhlükəsizlik;
bölünməz-bütöv təhlükəsizlik;
ardıcıllıq və davamlılıq olmalıdı.
Nədən və necə başlamalı?
Azərbaycan Respublikasının milli gücü və resursları məhdud, təkbaşına yetərsiz, milli təhlükəsizlik mühiti isə daxili və xarici təhlükəsizlik mühitinin mürəkkəbliyi və ağırlığı səbəbindən əlverişsiz olduğundan onun məqsədyönlü, düzgün, rasional, adekvat və səmərəli milli siyasət strategiyasına, eyni zamanda milli siyasətə ehtiyacı var. Çünki bu durum dövlətin müəyyən etdiyi başlıca siyasi məqsədə və hədəflərə çatmaq üçün ölkənin bütün strateji gücündən və məhdud milli resurslarından tam səmərəli istifadə etməyi tələb edir.
Dövlət siyasəti hazırlanarkən, ilk növbədə dövlətin başlıca siyasi məqsədi, həmçinin milli siyasətin əsas məqsədi və əsasları müəyyən edilməlidi.
Hər bir milli dövlətin dövlət siyasəti, yuxarıda da qeyd edildiyi kimi, onun milli maraqları və milli təhlükəsizliyi üzərində qurulur və onun başlıca məqsədi milli təhlükəsizliyin etibarlı təmin edilməsi və milli maraqların davamlı inkişaf etdirilməsilə dövlət qarşısında duran siyasi vəzifələrin həllinə və dövlətin əsas siyasi məqsədinə çatmasına nail olmaq olur.
Bu səbəbdən də, öncə Azərbaycan Respublikasının başlıca siyasi məqsədi və milli maraqları müəyyən edilməli, ölkənin strateji gücü, coğrafi mövqeyi, qlobal və regional inkişafın başlıca meylləri, daxili və xarici təhlükəsizlik mühiti də nəzərə alınmaqla onun milli maraqları qiymətləndirilməlidi.
Bu qiymətləndirmədən sonra, milli maraqların əhəmiyyətinə və kəskinliyinə görə sırası - qradasiyası müəyyən edilir. Milli maraqlar sistemində maraqların sırası ilk öncə onların - başlıca siyasi məqsədə çatmaq baxımından əhəmiyyətinə görə müəyyən edilsə də, vaxtaşırı və ya böhran, münaqişə, müharibə və s. zamanı aparılan qiymətləndirmələrdən sonra maraqların sırası onların kəskinliyinə görə dəyişə bilər.
Daha sonra dövlət siyasətinin (milli inkişaf və milli təhlükəsizlik siyasətinin) öncəlikləri milli maraqların kəskinliyinə görə sırası nəzərə alınmaqla müəyyən edilir. Bu sırada dəyişmələr baş verdikdə dövlət siyasətinin öncəlikləri sırasında da müvafiq düzəlişlər edilməlidir.
Dövlətin milli inkişaf və milli təhlükəsizlik siyasəti milli maraqlar üzərində qurulmalı olduğundan, Azərbaycan Respublikasının milli inkişaf səviyyəsi də, milli təhlükəsizlik durumu da onun milli maraqlarının qiymətləndirilməsinə, onların hansı səviyyədə təmin olunmasına əsasən müəyyən edilməlidi.
Azərbaycan Respublikasının başlıca siyasi məqsədi
Əgər müasir, inkişaf etmiş dövlət qurmaq istəyiriksə, Azərbaycan Respublikasının başlıca siyasi məqsədi - insan hüquq və azadlıqlarını möhkəm təminat altına almaq, azad fərdin xoşbəxtliyə çatmasının (dövlət) təminatını yaratmaq, sosial rifah içində olan ədalətli açıq cəmiyyət qurmaq, liberal dəyərlərə, siyasi plüralizm, demokratiya və insan haqları, qanunun aliliyi, azad bazar iqtisadiyyatı və sosial ədalət prinsiplərinə əsaslanan, müstəqil, azad və demokratik, dünyəvi hüquqi dövlət qurmaq, eyni zamanda genişlənməkdə olan AB və NATO-ya üzv olaraq dinc, demokratik və bölünməz Yeni Avropada yer almaqla beynəlxalq münasibətlər sistemində layiqli yer tutmaq və etibarlı beynəlxalq təhlükəsizlik təminatı almaq olmalıdı.
Bu halda AR-in başlıca siyasi hədəfləri xoşbəxt, azad insan, ədalətli açıq cəmiyyət, etibarlı beynəlxalq təhlükəsizlik təminatı olan azad və məhdud dövlət olacaqdır.
Bu siyasi məqsədə və hədəflərə nail olması üçün Azərbaycan Respublikasının əsas şüarı “demokratikləşməli, azad dünyaya inteqrasiya etməli və qloballaşmaya aktiv uyğunlaşmalı” olan demokratik inkişaf strategiyası və siyasəti izləməlidi.
Azərbaycan Respublikası dövlətinin əsas vəzifəsi də milli siyasətin hazırlanması və həyata keçirilməsi, vətənin müdafiəsi, ədalətin, milli təhlükəsizliyin və milli maraqların davamlı inkişafının təmin edilməsi və AR-in başlıca siyasi məqsədinə çatması üçün hərtərəfli əlverişli şəraitin yaradılması olmalıdı.
Azərbaycan Respublikası hökumətinin əsas vəzifəsi isə yaradılacaq bu əlverişli şəraitdə öz fəaliyyətini dövlətlə sıx koordinasiya etməklə və parlament çoxluğunun da dəstəyini almaqla ölkədə ardıcıl və sistemli olaraq geniş (siyasi, hüquqi, iqtisadi, sosial, hərbi və s.) və dərin məqsədyönlü demokratik islahatlar aparmaq, milli maraqları davamlı olaraq inkişaf etdirmək və möhkəmləndirmək, AR-in qarşısında duran vəzifələrin həllinə və onun başlıca siyasi məqsədinə çatmasına yönəlik hökumət siyasətini həyata keçirmək olacaq.
Milli siyasətin davamlı və səmərəli həyata keçirilməsi üçün dövlətin və hökumətin qarşılıqlı sıx əlaqəli fəaliyyəti çox mühüm olsa da yetərli deyil. Bunun üçün milli məsələlərdə, hakimiyyətlə müxalifət arasında siyasi razılaşma başda olmaqla, bütün cəmiyyətdə milli konsensusa ehtiyac var. Buna görə də, milli siyasət məsələləri açıq parlament müzakirələrindən və geniş ictimai müzakirələrdən keçməli, ehtiyac yarandığı hallarda isə, milli siyasətin əsasları və başlıca istiqamətləri, xüsusən də siyasi razılaşmanın əldə olunmadığı məsələlər referenduma və ya plebissitə çıxarılmalı və qərarlar vətəndaşların iradəsinin bir-başa ifadəsi ilə və ya onun nəzərə alınması ilə qəbul edilməlidi. Çünki, AR Konstitusiyasına görə suverenlik dövlətin qurucusu olan millətə məxsusdur. Hakimiyyətin yeganə mənbəyi də millətdir.
Azərbaycan Respublikasının milli maraqları və milli təhlükəsizlik paradiqması
Milli dövlətin dövlət siyasəti, eyni zamanda milli təhlükəsizliyə baxışı və milli təhlükəsizliyi milli maraqlar üzərində qurulmalı olduğundan öncə onun milli maraqları dəqiq və aydın şəkildə müəyyən edilməlidi.
Azərbaycan Respublikasının başlıca siyasi məqsədi və hədəfləri rəhbər tutularsa (məhz belə də olmalıdı) onun milli maraqları:
vətənin müdafiəsi(AR vətəndaşlarının, cəmiyyətinin, müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının və konstitusiya quruluşunun qorunması);
demokratik inkişaf;
hərtərəfli və davamlı iqtisadi inkişaf;
əlverişli beynəlxalq əhatənin yaradılması;
milli birliyin təmin edilməsi;
xaricdə yaşayan vətəndaşların hüquqlarının müdafiəsi;
xaricdəki investisiyaların (dövlət və özəl) qorunması olmalıdı.
AR-in milli maraqlar sistemi onun bütün bu milli maraqlarının cəmindən ibarətdir.
Azərbaycanın milli maraqlar sistemini təşkil edən uzun müddətli təməl maraqları, yuxarıda qeyd edildiyi kimi, əhəmiyyətinə və kəskinliyinə görə qradasiya olunur - sıralanır.
Təhlükəsizlik sektorunda yaranmış mövcud təhlükəli vəziyyət, Azərbaycan hakimiyyətindən vaxt itirmədən öz postsovet dövlət təhlükəsizliyi baxışından, gec də olsa, imtina etməyi, milli təhlükəsizlik paradiqmasını (milli təhlükəsizlik baxışı, dəyərlər və dəyərləndirmə sistemi) qəbul etməyi,- özü də yalnız sözdə deyil, həm də işdə - və milli maraqlar sisteminə əsaslanmağı, ölkədə geniş və dərin demokratik islahatlar aparmağa başlamağı tələb edir.
İzlənəcək milli təhlükəsizlik siyasəti də, həqiqətən milli maraqlar üzərində qurulmalı, ölkəmizin milli təhlükəsizlik durumu da qradasiya olunmuş milli maraqlar sisteminə, eyni zamanda bu sistemin hər bir komponentinin vəziyyətinə görə qiymətləndirilməlidi.
Milli Təhlükəsizlik Şurasında və MTN-də hansı islahatlar qaçılmazdır
Məsələnin ciddiliyinin, miqyası və əhəmiyyətinin dərk edilməsi üçün dövlət siyasətinə və onun əsaslarına çox qısa, lakin yorucu baxışdan sonra keçək cəmiyyəti maraqlandıran bir sıra aktual sualların cavabına.
Dövlətdə və milli siyasətdə davamlılıq əsasdır. Öncə qeyd edək ki, Azərbaycan Respublikasının öz demokratik inkişaf və milli təhlükəsizlik strategiyalarını, eyni zamanda müvafiq siyasətlərini səmərəli həyata keçirməsi və başlıca siyasi məqsədinə mümkün olan ən qısa müddətdə çatması üçün dövlətin başlıca siyasi məqsədi və hədəfləri, milli siyasətin ana xətləri uzun müddətli olaraq siyasi iqtidarlar və hökumətlər dəyişsə də dəyiş(diril)məməlidi.
Milli siyasətin davamlılığının təmin edilməsi və AR-in başlıca siyasi məqsədinə uğurla çatması üçün ölkədə geniş (başda milli təhlükəsizlik sahəsi olmaqla) və dərin demokratik islahatların aparılması ilə bərabər: dövlət başçısının rəhbərlik etdyi (formal deyil!) işlək Milli Təhlükəsizlik Şurası (MTŞ) və onun səmərəli və çevik fəaliyyət göstərən aparatı yaradılmalı;
MTŞ-in aparatına və onun cari fəaliyyətinə katibi rəhbərlik etməli;
bu dövlət qurumunun yüksək statusu və dövlət başçısı ilə operativ əlaqəsinin zəruriliyi nəzərə alınmalı, MTŞ katibi eyni zamanda prezidentin milli təhlükəsizlik üzrə köməkçisi və ya müşaviri olmalı;
MTŞ, onun strateji planlaşdırma idarəsi milli siyasətin, eyni zamanda milli təhlükəsizlik siyasətinin davamlı və uğurlu həyata keçirilməsi üçün qısa, orta və uzun müddətli milli siyasət proqramları hazırlamalı və müxtəlif, dəyişən hökumət proqramlarının bu proqramlarla uzlaşdırılmasına - milli hökumətlərlə birlikdə sıx koordinasiya şəraitində - nail olmalı, uzlaşdırılmış dövlət və hökumət proqramlarının həyata keçirilməsinə nəzarət etməli;
kəşfiyyat və təhlükəsizlik qurumlarının fəaliyyətini, eyni zamanda onların digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqəsini koordinasiya etməli;
siyasi qərarvericələri - düzgün siyasi qərarların qəbulu üçün - zamanında obyektiv və dolğun informasiya ilə təmin etməli, əldə olunan informasiyalar əsasında təkliflər hazırlayıb dövlət başçısına təqdim etməli;
siyasi iqtidarlar və hökumətlər dəyişən zaman dövlət başçısı və MTŞ aparatı onlarla birgə sıx çalışmalı, yeni hökumət proqramlarının milli siyasətlə və zamanın milli siyasət proqramı ilə maksimum uzlaşdırılmasına öncədən nail olmalı;
dövlət və hökumət orqanlarında - siyasi və ya başqa məqsədlərlə - “ucdantutma” kadr dəyişikliyinə yol verilməməli, MTŞ aparatının, xüsusi xidmət orqanlarının, xüsusən də təcrübəli kadrların, mütəxəssislərin və ekspertlərin qorunmasına çalışılmalı, bu məqsədlə “qoruyucu” qanunvericilik bazası yaradılmalı və gücləndirilməli;
dövlət məmurlarında, xüsusən də milli təhlükəsizlik sahəsində çalışanlarda milli dövlətçilik şüurunun və mədəniyyətinin formalaşmasına və inkişafına, bu sahədə tarixi dərinliyi olan ənənələrin yaranmasına nail olunmalı;
dövlət davamlı milli siyasət aparmalı, milli birliyə nail olmalı, demokratik inkişaf strategiyasına sadiq qalan hökumətlərlə, eyni zamanda milli məsələlərdə müxalifətlə koordinasiyalı fəaliyyət göstərməli və heç zaman xalq dəstəyini itirməməlidi.
Milli siyasətin, eyni zamanda milli təhlükəsizlik siyasətinin həyata keçirilməsinə və onun davamlılığının təmin edilməsinə bir-başa dövlət başçısı cavabdehdi. Dövlət və hökumət arasında koordinasiya funksiyasını da onun rəhbərlik etdiyi MTŞ həyata keçirməlidir.
MTN ləğv edilməli
Qeyd olunduğu kimi, milli təhlükəsizliyə birbaşa dövlət başçısı, milli təhlükəsizlik siyasətinin hazırlanmasına və həyata keçirilməsinin koordinasiyasına da onun rəhbərlik etdiyi MTŞ cavabdehdi. Yəni MTN milli təhlükəsizliyə cavabdeh olan dövlət orqanlarından sadəcə biri olub əsasən kəşfiyyat, əks kəşfiyyat, təhlükəsizlik və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə funksiyalarını yerinə yetirir. Təcrübə göstərir ki, bu qədər gücün bir əldə toplanması, kəşfiyyat və təhlükəsizlik xidmətlərinin birləşdirilməsi həm yanlışdı, həm də ziyanlı və təhlükəli.
Buna görə də aparılacaq islahatlar çərçivəsində MTN ləğv edilməli, müasir qloballaşma və sürət dövründə kəşfiyyatın rolunun durmadan artması da nəzərə alınaraq kəşfiyyat və təhlükəsizlik xidmətləri ayrılmalı, AR-nın müstəqil milli kəşfiyyat və təhlükəsizlik xidmətləri yaradılmalı;
digər kəşfiyyat və təhlükəsizlik xidmətlərinin (MN, DİN, DSX, XDMX, DGK, Maliyyə Nazirliyi və s. qurumlar tərkibində olan) də bəziləri (məsələn, hərbi kəşfiyyat) müstəqilləşdirilməli, bəzilərininsə funksiyaları milli kəşfiyyat və təhlükəsizlik xidmətlərinə verilməli;
ölkəmizin kosmik imkanları da nəzərə alınmaqla AR-nın yeni siqnal-elektron kəşfiyyat xidməti qurulmalı;
AR-in bütün kəşfiyyat qurumlarının fəaliyyətini koordinasiya məqsədilə Milli Kəşfiyyat Şurası yaradılmalı;
təhlükəsizlik və transmilli mütəşəkkil cinəyatkarlıqla mübarizə funksiyalarını yerinə yetirən effektiv yeni milli təhlükəsizlik xidməti(FBİ bənzəri) yaradılmalı;
yeni milli təhlükəsizlik xidməti də daxil olmaqla AR-in bütün təhlükəsizlik xidmətlərinin fəaliyyətini bir-başa MTŞ katibi koordinasiya etməli;
MTŞ, milli kəşfiyyat və təhlükəsizlik xidmətləri də daxil olmaqla, bütün xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyətini əlaqələndirməli, eyni zamanda yüksək qurumun qəbul etdiyi qərarların bu xidmətlər tərəfindən yerinə yetirilməsinə nəzarət etməli;
bütün dövlət və hökumət qurumlarında, xüsusən də milli təhlükəsizlik qurumlarında korrupsiya və rüşvət başda olmaqla bütün neqativ halların kökü ən qısa zamanda kəsilməli;
kadr məsələsində öncəlik vətənpərvərlik, zəka və peşəkarlıq səviyyəsinə verilməlidi.
Bu islahatlarla bərabər ölkədə milli təhlükəsizlik və strateji araşdırma sahəsində QHT-lərin, düşüncə quruluşlarının, tədqiqat və araşdırma qurumlarının geniş şəbəkəsi yaradılmalı, dövlət və hökumət nəinki onların fəaliyyətinə mane olmamalı, tam əksinə onların yaradılmasını və inkişafını təşviq etməli və dəstəkləməlidi. Bu qurumlar da ölkədə azad və tənqidi fikirli, geniş və dərin strateji düşüncəli yeni nəslin yetişməsinə, milli təhlükəsizlik sahəsində alternativ strategiyaların, konsepsiyaların, siyasət və proqramların işlənib hazırlanmasına xidmət etməli, alternativ sənədlər, layihələr və təkliflər hazırlamalı dövlətə və hökumətə təqdim etməlidi.
Ən aktual sual “MTN-də nazir kim olmalı və ya kim olacaq”mıdı?!
Məncə ən aktual sual bu deyil. Zəruri islahatlarla bağlı verdiyim təkliflərdə MTN-nin ləğv edilməsi də təklif edildiyinə görə isə heç deyil.
Ən aktual suallarsa bunlardı: bu zəruri islahatları aparmaq üçün hakimiyyətin niyyəti, siyasi iradəsi və kadr potensialı varmı? Bu islahatların aparılacağı halda yeni yaranacaq qurumlara hansı keyfiyyətlərə və parametrlərə malik kadrlar rəhbərlik etməlidi?
Çox təəssüf ki, günlərdir fikirləşməmə və istəməmə rəğmən birinci suala özümdə müsbət cavab tapa bilmirəm. Sizin necə, bu suala bir cavabınız varmı?
İkinci suala isə qısa cavab verə bilərəm. Bu kadrlar ilk növbədə vətənpərvər, üstün zəka sahibi və peşəkar olmalı, yüksək şəxsi və iş keyfiyyətlərinə, ən başlıcası isə liderlik keyfiyyətlərinə malik olmalıdı. Onların islahatların ruhuna uyğun, milli təhlükəsizlik baxışına və strateji düşüncəyə sahib kadrlar olmaları da əsas şərtlərdən olmalıdı.
İndi suallarınıza lütfən, bunları da nəzərə alaraq, daha konkret cavab tapmağa çalışın.
Sülhəddin Əkbər,
Azad Demokratlar Partiyasının sədri
Bakı, 18 noyabr 2015-ci il