2015-ci ilin oktyabr ayında mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 1,6 faiz bahalaşmış, emal sənayesi üzrə 0,8 faiz ucuzlaşmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı və elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələri üzrə isə qiymətlərdə dəyişiklik baş verməyib.
“Qafqazinfo” Statistika Komitəsinin saytına istinadən xəbər verir ki, ümumilikdə sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,2 faiz bahalaşıb.
Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft üzrə 1,6 faiz bahalaşmış, digərlərinin qiymətləri isə sabit qalıb.
Ay ərzində emal sənayesində istehsalçı qiymətləri içki istehsalı üzrə 3,5 faiz, qida məhsullarının istehsalı üzrə 1,0 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,6 faiz, mebel istehsalı üzrə 0,2 faiz bahalaşmış, kimya sənayesi üzrə 6,9 faiz, tikinti materiallarının istehsalı üzrə 2,1 faiz, neft məhsullarının istehsalı üzrə 1,5 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,7 faiz, tütün məmulatlarının istehsalı üzrə 0,1 faiz ucuzlaşıb. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.