Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına
Möhtərəm Prezidentimiz İlham Əliyev!
Siz, bütün qəbul etdiyiniz qərarlarınızda, sərəncamlarınızda və Kütləvi İnformasiya Vasitələrindəki çıxışlarınızda sahibkarlığın inkişafına şərait yaradılmasını, onlara qarşı aparılan yersiz təqiblərin qarşısının alınması, yeni iş yerlərinin açılmasından ötrü sahibkarlara daha münbit biznes şəraiti yaradılması və köməklik göstərilməsini dövlət məmurlarına, müvafiq qurumlara tapşırırsınız..
Son dövrdə Sizin tərəfinizdən korrupsiya və məmur özbaşınalığının qarşısının alınmasına yönələn tapşırıqlarınız bizim həqiqətən də ürəyimizdən xəbər verir. Sizin tapşırığlarınızın icrası olaraq hüquq - mühafizə orqanları tərəfindən bir qrup dövlət adından çıxış edərək amansızlıqla başqalarının haqqını ələ keçirənlərin barəsində atılan çox sərt hüquqi addımlar digərləri kimi bizi də ruhlandırıb və ədalətin bərqərar olacağına ümidlərimiz yaranıb.
Allaha şükürlər olsun ki, Siz varsınız! İndi artıq illərdir ki, bizi məhv edən, ancaq danışmağa cürət etmədiyimiz dərdimizi Sizə və hüquq-mühafizə orqanlarınının rəhbərlərinə çatdırmaq istəyirəm.
Müstəqil Azərbaycan Respublikasının ən nüfuzlu qurumlarından hesab olunan, fəaliyyəti hər sahədə təhlükəsizliyimizin təmin edilməsinə yönəlmiş icra orqanı kimi bildiyimiz Milli Təhlükəsizlik Nazirliyinin bir qrup rəhbərlərinin və ancaq filmlərdə gördüyümüz reket oyunları barədə məlumat vermək istəyirəm.
Təsisçisi və rəhbəri olduğum “Bərpa-Tikinti ” MMC ilə “Karvansaray - 2010” MMC arasında bağlanmış 21 iyul 2010-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan şossesinin 1-ci dairəsinin sağ tərəfində yerləşən "Karvansaray-2010" MMC üçün müasir tipli ticarət obyektinin əsaslı tikinti işlərini yerinə yetirmişik. Tikinti işlərinə 2010-cu ilin iyul ayında başlanılmış, həmin ilin yekununa qədər nəzərdə tutulan işlərin böyük bir hissəsi keyfiyyətlə yerinə yetirilmişdir. Tikinti işlərinin yerinə yetirilməsi üçün bütün mal-materiallar və işçi qüvvəsi bizim tərəfimizdən təmin olunmuşdur. Razılaşmaya əsasən görülən işlər faktiki alış qiymətlərinə əsasən həyata keçirilməli və işin sonunda hər iki tərəfin razılığı əsasında ümumi işlərin 10%-i məbləğində podratçı təşkilata ödənilməli idi. İşlərin gedişi zamanı yerinə yetirilmiş işə görə az da olsa hissə-hissə pul ödənilirdi.
İşlərin böyük bir hissəsinin yerinə yetirildiyini görən “ Karvansaray-2010 ”MMC-nin sahibi Nizami Quliyev pul vermək əvəzinə müxtəlif şantajlara əl atdı, nəticədə isə pul verməkdən tamamilə imtina etdi və borcunun olmadığını bildirdi.
Mal-material sahibləri və orada çalışan işçilər uzun müddət haqlarını ala bilmədikləri üçün səbrləri tükəndiyindən obyektin yanında keçən Bakı-Lökbatan avtomobil yolunun kəsilməsi ilə öz etirazlarını bildirdilər və mənimlə bərabər Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının birgə səyi nəticəsində həmin insanlarla söhbətdən sonra sakitlik yarada bildik. Vəziyyətin bu yerdə olduğunu görən Nizami Quliyev qismən ödəniş etdi. Lakin faktiki yerinə yetirilmiş işə görə 4000000 ( dörd milyon ) manat mənfəət nəzərə alınmadan vəsait ödənilməmiş qaldı.
Bizim vəsaitlə bağlı hər görüşümüzdə onunla mübahisəsi olan hər bir kəsi necə aradan götürüldüyünü və yuxarı yerlərdə çox güvənli tərəfdarlarının olduğunu dilə gətirirdi. Bütün bunlara baxmayaraq, tikinti işlərini çətinliklə olsa da davam etdirdik. Öz növbəmdə “Karvansaray-2010 ”MMC-nin sahibi Nizami Quliyevə bildirdim ki, əlimdə olan sənədlərimlə Respublika rəhbərliyinə, hüquq-mühafizə orqanlarına və sonda məhkəməyə müraciət edəcəyəm.
2010-ci ilin dekabr ayının axırında məni Milli Təhlükəsizlik Nazirliyinə çağırdılar.
Ora gədənə qədər nə üçün çağrılmağımı bilmədiyimdən çox götür - qoy etdim, amma əsaslı bir əlaqə görmədim. Nazirliyə çatıb özümü təqdim edən kimi məni adını bilmədiyim bir məmurun kabinetinə apardılar. Kabinetə daxil olanda “Karvansaray –2010” MMC-nin sahibi Nizami Quliyevi gördükdən sonra işin nə yerdə olduğunu anladım. Həmin vəzifəli şəxs özünü təqdim edərək adının Akif Çovdarov olduğunu bildirdi və birbaşa Nizami Quliyevi niyə narahat etdiyimi soruşaraq, rəhbərliyin tapşırığı ilə danışdığını və məni həbs edəcəyini dedi. O vaxt Nizami Quliyevin güvəndiyi havadarının kimlər olması məlum oldu...
Ömrümdə belə bir vəziyyətlə qarşılaşmadığım üçün əvvəlcə özümü itirdim. Sonra özümü ələ alaraq israrla bildirdim ki, Nizami Quliyev dələduzluqla məşğuldur, qrafik və müqavilə üzrə iş getdiyi halda, kimlərdənsə aldığı pulları tikintidəki fəhlələrə belə çatdırmır və mən MTN-nin binasından çıxmadan yoxlama təyin edilməsini xahiş edirəm, əgər mən dediyim kimi olmasa, onda həbsimə razıyam.
Nizami Quliyev həmin kabinetdə çox məmnun görünürdü və mənim dediklərimin yalan olduğunu havadarına çatdırırdı. Akif Çovdarov isə bu məsələnin üstündən keçməyimi, əks halda gələcəkdə problemlər yaradılacağını deyirdi.
Geriyə addım atmağımın mənası yox idi, dediklərimin düz olmasına arxayın olduğumdan və artıq dramatik vəziyyət yarandığından ölənə kimi bu işin arxasınca gedəcəyimi dedim. Bundan sonra Akif Çovdarov bizdən göz olmaq üçün kabinetində yanımıza bir nəfər əməkdaş qoyub çıxdı və 30 dəqiqə ərzində kiminlə məsləhətləşdiyini deyə bilmərəm, geri qayıdaraq öz iştirakımla yoxlama aparılmasına icazə verildiyini bildirdi.
MTN tərəfindən təyin edilmiş şəxslərlə “Karvansaray-2010” MMC-nin və “Bərpa-Tikinti” MMC-nin işçiləri ilə birlikdə yoxlama işlərinə başlandı və nəticəsi 21 yanvar 2012-ci il tarixdə üzləşmə aktı ilə rzsmiləşdirildi.
Tərtib edilmiş akta əsasən yerinə yetirilmiş tikinti işlərinin həcminin 7742567 (yeddi milyon yeddi yüz qırx iki min beş yüz altmış yeddi ) manat olması, hissə-hissə 2962567 ( iki milyon doqquz yüz altmış iki min beş yüz altmış yeddi ) manat ödəniş aparılması, faktiki yerinə yetirilmiş iş həcminə görə ödənilməmiş (mənfəət nəzərə alınmadan ) 4780000 ( dörd milyon yeddi yüz səksən min ) manat olması müəyyənləşdirildi.
Akif Çovdarov məni yenidən yanında apartdırdı və mənə təzyiq göstərərək həbs edəcəyi, rəhbərliyin xüsusi tapşırığı olduğunu və “Karvansaray-2010” MMC – nin sahibi Nizami Quliyevin borcundan 3000000 ( üç milyon ) manatın rəhbərin şəxsi göstərişi ilə sildiyini bildirdi. Havadarlıq etdiyi şəxsin könlünün xoş olmasına görə cəmi 1780000 ( bir milyon yeddi yüz səkkiz min) manat olması ilə razılaşmağım üçün təkid etdi, həmçinin məbləğin əvəzində hər kv.metr üçün 878 (səkkiz yüz yetmiş səkkiz ) manat olmaqla (əslində orada dükanın hər kvadrat metri 550 manat idi) 2050 kv.metr ticarət obyekti ( 40 ədəd dükan ) veriləcəyini, əks halda nələr olacağına zəmanət vermədiyini dedi. Ailə vəziyyətimi və uşaqlarımın gələcəyini nəzərə alıb hər şeyə razılaşdım.
Bu günə qədər həmin işlərin ağrı - acısını çəkirəm. Belə ki, borclu olduğum insanlara hələ də borcumu verib qurtara bilməmişəm. Bu da özümə, kollektivimə və borclu olduğum iş adamlarına hər an narahat anlar yaşadır. İmicimizə, adımıza xələl gəlib.
Hörmətli Prezidentimiz !
Möhtərəm İlham Əliyev Cənabları!
Sizə güvənirik və ədalətinizə sığınırıq! Ümid edirəm ki, haqq - ədalət öz yerini tapacaq, mən də digər hədə - qorxu ilə və təhdid edilərək haqqı tapdalanmış insanlar kimi haqqıma çatacağam.
Müstəqil Azərbaycan Respublikasının qanunlarını heçə sayaraq məni ağır dərdlərə düçar etmiş MTN-nin sabiq əməkdaşlarının və onların havadarlıq etdiyi şəxslərin məsuliyyətə cəlb edilməsi, mənə vurulmuş ziyanın ödənilməsindən ötrü tədbir görülməsi üçün tapşırıq verməyinizi Sizdən xahiş edirəm.
Hörmətlə, Cahangir Həcənağa oğlu Alışov