İqtisad Universitetinin rektoru Ədalət Muradovun idarəçilik mexanizmi professorları ayağa qaldırıb
2014-cü ilin mart ayında Ədalət Muradovun ADİU-nun yeni rektoru təyin olunmasından sonra bir çoxları İqtisad Universitetində islahatların aparılacağını gözləsələr də, tam əksi baş verdi.Yeni rektorun təyinatından sonra ilk günlərdən artıq ADİU-da yeni qaydaların bərqərar olunduğu, həm də bu qaydaların müxtəlif səpgili korrupsiya hallarının daha da dərinləşməsinə yol açdığı bildirilir.
“Unikal”a verilən məlumata görə, Ədalət Muradovun rektorluğu İqtisad Universitetində heç bir yeniliyə səbəb olmayıb. Əksinə, onun gəlişindən sonra xeyli “irəliləyişlər” əldə edilib ki, bu da müəllim, professor heyətini ciddi narazı salıb. Bu barədə bizi bilgiləndirən professorlardan biri deyib ki, Ədalət Muradovun idarəçilik mexanizmi hamını cana doyurub: “İmtahanlar demək olar ki, köhnə qayda ilə götürülür. İmtahan prosesinin korrupsiya şəbəkəsinə çevrildiyi artıq hamını narahat edir. İndi oxuyanla oxumayanın fərqi yoxdur. Kim mərhələni keçmək istəyirsə, müəyyənləşmiş kvotanı ödəməlidir. Ədalət Muradov rektor təyin olunandan sonra “maddi yardım” adı altında universitetin rəhbər vəzifəli işçilərinə “paket” sistemi ilə aylıq ödənişlər həyata keçirməyə başlayıb. Diqqət edin, fakultə dekanları ayda 2000 manat məbləğində əmək haqqı alırlar. Bununla yanaşı, qeyri-rəsmi ödənişlər də var. Amma bu pullar dekanlara elə belə verilmir. Əslində, imtahanlar üzərində həyata keçirilən pulyığımı sistemində dekanlar xüsusi rol oynayırlar. Elə bu səbəbdən də maaş artımı ən çox onlara şamil olunur. Halbuki ən çox əziyyət çəkən, tələbə ilə işləyən sıravi müəllimlərdir. Sıravi müəllimlərin əmək haqqında isə cəmi 70-80 manat artım olur. Bu böyük ədalətsizlikdir”.
“Unikal” a məlumat verən başqa bir müəllim isə deyir ki, artıq universitetdə pul yığımı açıq bazar prinsipi ilə həyata keçirilir. Onun sözlərinə görə, tələbələr arasında məşhur 103-cü otaqda ilginc olaylar baş verir: “Əsas binada yerləşən 103-cü otaq Ədalət Muradovun qurduğu sistemin “beyin mərkəzi” hesab olunur. Hətta bəzi professorlar oranı qara qutu da hesab edirlər. Bu qədər əziyyət çəkirik, təhsilimizi, elmimizi inkişaf etdirməyə çalışırıq, amma rektorun idarəçiliyi bütün bunların üzərindən xətt çəkir. Bu gün ADİU-da dövlət imtahanları üçün 5000 manat, kəsir imtahanlarına görə 500 manat, tələbə köçürmələri zamanı verilən fərq imtahanına görə 800 manat məbləğində “ödənişlər” müəyyən edilib. Digər tərəfdən isə ADİU-ya işə qəbul məsələləri də artıq ciddi korrupsiya əməlləri ilə müşayiət olunmaqdadır. Bu barədə məlumatlar ölkənin bir çox mətbu orqanlarında da yayımlanmaqdadır. Amma universitet rəhbərliyi bu kimi məlumatlara hər hansı reaksiya vermir. Çünki hamısının başı qarışıqdır”.Müsahibimiz onu da deyir ki, artıq rektordan narazılıq o həddə çatıb ki, bununla bağlı ölkə başçısına da müraciət etmək niyyətindədirlər. Professorun sözlərinə görə, hazırda 84 nəfər müraciət imzalayıb: “Əslində, bu narazılıq xeyli müddətdir ki, var və professor müəllim heyəti etirazını bildirirlər. Lakin rektor və onun yaxın ətrafı bunun qarşısını almağa cəhd göstərirlər. Bir müddət öncə 54 nəfər professor və dosent müraciət hazırlayırdılar. Ədalət Muradov bundan xəbər tutdu və müəyyən önləyici addımlar atmaq istədi. Amma buna müvəffəq ola bilmədi. Hazırda 84 nəfər müraciətə imza atıb. Siyahı 100-ə çatan kimi müraciəti prezidentə göndərəcəyik. Artıq bu şəkildə idarəçiliyə dözmək olmur. Bu adamın nə təhsildən, nə tədrisdən, nə də ki, elmdən xəbəri yoxdur. Neçə vaxtdır ki, rektor təyin olunub hələ bir dəfə də olsun auditoriyaya girib dərs deməyib. Ciddi bir elmi fəaliyyəti də yoxdur. Onun elmi şuralardakı çıxışlarını eşidən olsa, biabırçılıq olar. Bəzən əndazəni aşaraq, elə şeylər danışır ki, o nəinki universitet rəhbərinə yaraşır, heç sıravi təhsil işçisi o səviyyədə söhbət etməməlidir. Qısası onu demək olar ki, illərini bu universitetdə qoyan adamlar Ədalət Muradovun idarəçiliyindən narazıdırlar və bununla bağlı ölkə başçısına şikayətimizi bildirəcəyik”.