Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Ələsgər Məmmədoğlunun vəziyyəti ağırlaşıb və reanimasiya şöbəsinə yerləşdirilib.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə aznews.az-a Binəqədi rayon xəstəxanasının həkimi Rəna Mirzəyeva məlumat verib. Onun sözlərinə görə, Ə.Məmmədoğlu xəstəxanaya kəskin beyin qan dövranı diaqnozu ilə daxil olub:
“Aktyor insult keçirib. Vəziyyəti orta-ağır qiymətləndirilir. Huşu aydındır, amma insult keçirdiyindən müalicəyə ehtiyac var”.
R.Mirzəyeva qeyd edib ki, aktyorda sarılıq xəstəliyi də müşahidə olunub:
“Reanimasiyadan sonra o, nevroloji müalicə almalıdır. Sarılıq xəstəliyi ilə əlaqədar qarşılıqlı razılaşma əsasında aktyoru başqa xəstəxanaya köçürmək lazımdır”.
Qeyd edək ki, noyabrın 12-də Ə.Məmmədoğlunun səhhətində problem yaranıb və o, Binəqədi rayon Xəstəxanasına yerləşdirilib.