Azərbaycan Avropa Tibb Asossiasiyasının sədri: “Onlar iranlı həkimlərlə taksi sürcülərinin qurbanı olur”
Ürəyində yaranan problemlərə görə müalicə üçün İrana gedən 24 yaşlı azərbaycanlı gəncin əməliyyatdan sonra dünyasını dəyişməsi ilə bağlı məlumat vermişdik.
Taleh Şərifov adlı xəstə müalicə məqsədilə İrana gedib. O, bir müddət Tehrandakı xəstəxanalardan birində müalicə alıb. Daha sonra isə əməliyyat olunub. Əməliyyatdan sonra isə dünyasını dəyişib.
Xatırladaq ki, son dörvlər müalicə məqsədilə müxtəlif xarici ölkələrə üz xəstələr arasında ölüm halları artıb.
Aktual.az bunun səbəblərinə Azərbaycan Avropa Tibb Asossiasiyasının (AATA) sədri Araz Bayramovla aydınlıq gətirməyə çalışıb.
Portalımıza açıqlamasında AATA sədri bildirib ki, bu cür ölümlər çox olsa da, cüzi bir hissəsi ictimailəşir:
“Taleh Şərifovun İranda əməliyyat sonrası dünyasını dəyişməsi ilk belə hadisə deyil. Bundan öncə də bu cür ölümlər olub və sadəcə dünyasını dəyişənlərin yaxınları bu məsələni ictimaləşdirməyiblər. O ki qaldı azərbaycanlı gəncin ölüm səbəbinə, bu barədə qəti söz demək çətindir. Çünki hadisənin hansı motivdə baş verməsi ilə bağlı dəqiq məlumatımız yoxdur”.
“Əməliyyat zamanı ölüm halları bəzən həkimlərin günahı olmadan baş verir” deyən Dr. Araz Bayramovun sözlərinə görə, xaricə üz tutan yerli xəstələr ehtiyatı əldən verməməlidir:
“Tam səmimi deyəcəm. Bu gün Azərbaycandan xaricə, xüsusən də İrana üz tutan xəstələr bir qrup işbazlar tərəfindən aldadılır, iranlı həkimlərlə dəllalların “qaranlıq razılaşması”nın qurbanı olurlar. Bu dəllallar arasında İran sərhədində fəaliyyət göstərən taksi sürücüləri xüsusi yer tutur. Məlumatlı olmadıqlarına görə, xəstələr əksər hallarda təcrübəsiz həkimlərin “xidmət”indən istifadə edirlər . O həkimlərin ki, onlar Azərbaycandan və digər ölkələrdən gələn xəstələri aldatmaq yolu ilə varlanmaq istəyirlər”.
Asossiasiya sədri sonda xarici müalicə məqsədilə üz tutan xəstələrə çağırış etməyi də unutmadı:
“Bu gün Azərbaycanda Avropa standartlarına uyğun, müasir avadanlıqlarla təhciz olunmuş xəstəxanalar, tibb mərkəzləri fəaliyyət göstərir. Həmin xəstəxanalarda xaricdə təhsil almış, ixtisas artırmış, Avropa protokollarını ölkəmizdə uğurla tətbiq edən çox sayda mütəxəssislər çalışır. Yerli həkimlərin xidmətindən imtina edib, hansısa iranlı işbaz həkimlərin yanına getməklə, xəstələrimiz öz həyatlarını riskə atırlar. Hesab edirəm ki, son hadisə İrana üz tutan xəstələrə bir mesajdır. Nəhayət onlar yerli həkimlərə etibar etmək vərdişinə yiyiələnməlidirlər. Azərbaycanda baş verən həkim xətasına görə, ölkə vətəndaşlarının araşdırma aparmaq, müvafiq qurumlara müraciət etmək hüququ və imkanı var. İranda və digər ölkələrdə onların həyatına isə heç bir təminat verilmir. Biz bunu Taleh Şərifovun timsalında bir daha gördük”.