Bu gün Ordubad rayonunun Əylis kəndində aksiya keçirilib. Minə qədər əylislinin qatıldığı aksiyada yazıçı Əkrəm Əylisilinin “Daş yuxular” əsərinə etiraz bildirilib. Əylisin mərkəzindəki meydanda toplaşanlar Əkrəm Əylislinin öz həmkəndlilərinə və azərbaycan xalqına xəyanət etdiyini emosonal şəkildə bildiriblər. Kəndin qadınları da aksiyada fəal iştirak edib.
Aksiyada “Erməni Əkrəmə ar olsun!”, “Əkrəmə ölüm!”, “Əylisin adını batıran xəyanətkara ar olsun !” kimi şüarlar səslənib. Həmkəndliləri Əkrəmin eqoist və yekaxana olduğunu, onlara həmişə yuxarıdan-aşağı baxdığını deyiblər.
Aksiya iştirakçısı olan Səbahət Mehdiyeva Əkrəmin evində heç zaman namaz qılınmadığını və müsəlman qadın olmadığını deyərək, onun başqa millətin nüməyəndəsi olduğunu bildirib.
Kənd əhalisi Əkrəmə dövlət tərəfindən verilən “İstiqlal” və digər ordenlərin də geri alınması ilə bağlı çıxışlar ediblər. “Mən şəhid atasıyam. Oğlum Qarabağda həlak olub. Əkrəm isə onun qatillərinə haqq qazandırır. Mən xahiş edirəm, Əkrəmin bütün mükafatları və dövlət tərəfindən ona tikilən ev alınaraq, hərbiçilərə verilsin. Bu, daha ədalətli olar. Çünki Əkrəm xəyanət edib ”,- bunları isə şəhid atası, Əylis kəndinin sakini Tahir Hüseynov deyib.
Sonda isə qəzəbli əylislilər kənd meydanında Əkrəmin kitablarını yandırıblar.