Təhsil naziri Mikayıl Cabbarov AMEA-nın 70 illik yubileyində çıxışı zamanı “Elmdən təhsilə” adlı məqsədli proqram barədə danışıb. Nazir çıxışında bu proqramın Elmlər Akademiyası sistemində çalışan alimlərin ölkəmizin ən yaxşı ali təhsil müəssisələrində elmi tutumlu ixtisaslar üzrə təhsil alan tələbələrə böyük dəstək verə biləcəyini bildirib. Nazirin sözlərinə görə, bu proqram elmlə təhsilin daha dərin inteqrasiyasına töhfə verəcək və toplanmış elmi biliklərin növbəti nəsillərə ötürülməsinə imkan qazandıracaq.
“Elmdən təhsilə” adlı məqsədli proqramla bağlı “Qafqazinfo”nun müxbirinə münasibətini açıqlayan akademik Fikrət Əliyev qeyd edib ki, belə proqramın həyata keçirilməsi bu gün çox vacibdir. “Əsas məqsəd belə olmalıdır ki,elm xadimləri tez-tez məktəblərə getməli, şagirdlərlə təmas qurmalıdırlar, onlara elmi obrazlı dildə başa salmalıdırlar. Nəticədə məktəb dərslərinin ümumiləşmiş formasında uşaqların beynini işlədən suallar və məsələlər ətrafında faydalı müzakirələr aparılar. Bu da uşaqların dünyagörüşünün inkişafına, onların elmə daha yönümlü olmalarına, həm də gələcəkdə universitetdə oxuyan zaman daha geniş təfəkkürə malik olmalarına gətirib çıxarar. “Elmdən təhsilə” adlı məqsədli proqramın özəlliyi təhsil müəssisələrinə alimlərin cəlb edilməsi, onlar tərəfindən xüsusi tapşırıqların seçilməsi, uşaqlarda elmə həvəsin yaradılmasından ibarətdir. Bu da gələcəkdə tələbələrin texniki, humanitar və ya təbiət elmlərini daha yaxşı mənimsənilməsinə kömək edəcək. “Elmdən təhsilə” məqsədli proqramı həm də ona görə maraqlıdır ki, bu prosesi vaxtilə məktəblərdə Kapitsa, Azad Mirzəcanzadə, Xudu müəllim edirdi”.