Bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov Azərbaycan Konstitusiyasının tarixindən, onun dövlətimizin inkişafındakı rolundan, eləcə də ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışıb.
Ş.İbadov Azərbaycanın müstəqilliyinin bərpa olunduqdan sonra ölkədə aparılan siyasi-hüquqi islahatlardan, demokratik cəmiyyət quruculuğundan, bu işlərin uğurla aparılmasında məhz mərhum prezident Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilmiş Konstitusiyamızın qəbulundan keçən 20 ildə ölkəmizin müstəqil, hüquqi və demokratik dövlət quruculuğu sahəsində, dünya birliyinə inteqrasiyada mühüm uğurlar qazandığını qeyd edib.
Prezident İlham Əliyevin bu gün ölkəmizdə apardığı uğurlu islahatların qanunlarımızın aliliyinə söykənməklə ölkəmizin daha da çiçəklənməsinə, xalqımızın sosial-rifah halının yaxşılaşmasına xidmət etdiyini deyən Ş.İbadov qanunlara hörmət, dövlətə sədaqət, Vətənə məhəbbətin hər bir azərbaycanlının həyat amalına çevrildiyinə əminlik ifadə edib.
Tədbirdə YAP Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Nərimanov Rayon Gənclər Birliyinin sədri, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı, Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri, Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın üzvü Tamerlan Əkbərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədr müavini Ləman Muradova, Azərbaycan Müəllimlər İnstitutunun Tələbə-Gənclər Təşkilatının sədri Əli Həsənov, Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın üzvü İsmayıl İsmayılov və digər natiqlər çıxış ediblər.
Onlar respublikada son illərdə dövlət başçısı tərəfindən aparılan konstitusiya-hüquq islahatları nəticəsində ölkəmizin Əsas Qanunu olan Azərbaycan Respublikası Konstitusiyasının daha da təkmilləşərək, insan hüquq və azadlıqlarının daha səmərəli təmin olunmasına zəmin yaratdığını vurğulayıblar.
Tədbirə qatılan gənclərə “Azərbaycan Respublikasının Konstitusiyası” kitabları və xatirə hədiyyələri təqdim olunub.

