Noyabrın 11-də təhsil naziri Mikayıl Cabbarov İsveçrə Konfederasiyasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Filip Ştalderi qəbul edib.
"Qafqazinfo" Təhsil Nazirliyinə istinadən xəbər verir ki, Təhsil naziri F.Ştalderi İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ölkələrimiz arasında mövcud olan münasibətlərin inkişafı istiqamətindəki fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı İsveçrə və Azərbaycan arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının müəyyən etdiyi hədəflərə uyğun olaraq gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.