Qarabağ müharibəsi veteranı, Şəkinin Yeni Çələbixan qəsəbəsində müvəqqəti məskunlaşan Şamil Şükürov dövlət başçısından kömək istəyib.
Vizual.az xəbər verir ki, şikayətçi Laçın rayonunda məmur özbaşınalığının baş alıb getdiyini söyləyib.
Sitat: "Bütün bunların başında isə rayon icra hakimiyyətinin başçısı Akif Səlimov durur. O, vəzifəyə keçən kimi keçmiş polis rəisinə xas olan məxfi araşdırmaları ilə pullu adamları tapıb, yığmağa başladı. Həmin adamları vəzifəyə qoyanda onların nə bacarıqlarına, nə də savadlarına məhəl qoydu.
Məsələ o dərəcəyə çatdı ki, o bütün icra nümayəndəliklərindən 4000 manat pul aldı. Nümayəndələrdən 2000, işçilərin hərəsindən 1000 manat yığdı. Pul verməkdən imtina edənlər isə dərhal işdən azad olundular.
Bakıda daş karxanası, mağazaları, kafeləri, marşrutları olması ilə kifayətlənməyən A.Səlimov Ağcabədi qış yatağında özünə böyük təsərrüfat yaradıb. Rayon Tikinti İdarəsinin bütün kollektivi yataqda təmir-tikinti işlərini başa çatdırmağa səfərbər edildi. Dövlətin pulları isə rayona yox Akif Müəllimin təsərrüfatına xərclənir”.
Ş.Şükürovun sözlərinə görə, icra başçısına qarşı çıxan Sadiq Axundovdan 5000 manat alaraq onu Şamkənd musiqi məktəbinə direktor qoyub: "Buna isə Şamkənd əsilli ziyalılar öz etirazını bildirdilər. Sonda isə Akif müəllim istəyinə çatmadı. Səlimov onun nəticəsi olaraq Şamkənd musiqi məktəbinin 22 ildən artıq Şəkidə fəaliyyət göstərən filialını bağlatdı.
Rayon Mədəniyyət Şöbəsinin müdiri Yusif Hüseynovun Nazirliyə müraciətindən sonra məktəbə yoxlama gəldi. Guya məktəbin texniki-təchizat bazası olmadığından məktəb bağlandı. Halbuki rayonda fəaliyyət göstərən 100-dən artıq klub və kitabxanaların vəziyyəti çox acınacaqlıdır.
Biz Astarada və Sabirabadda mədəniyyət naziri Əbülfəz Qarayevin qəbulunda olduq. O, bizə söz verdi ki, məktəbin bərpa olunması üçün kömək edəcək. Lakin nazirlikdə Yusif Hüseynova havadarlıq edən Yaşar Əliyev buna imkan vermədi. Ona görə ki, məktəb Akif Səlimovun sifarişi əsasında bağlanıb”.
Məcburi köçkün qeyd edib ki, Laçın rayon Mədəniyyət Şöbəsinin nəzdində fəaliyyət göstərən 100-ə yaxın nəinki texniki-təchizatı, heç yeri də yoxdur”.
O, əlavə edib ki, hazırda iki övladı ali məktəbdə təhsil alır: "Mən onların tələblərini ödəyə bilmədiyim üçün az qalır ki, özümə qəsd edəm. A.Səlimov yoxlatdırıb işdən çıxardığı adamlar hamısı Şamkənd icra nümayəndəliyi əhatə edən 5 kəndin nümayəndəsidir. A.Səlimov bu gün də elə hesab edir ki, o polis rəisidir, rayon sakinləri isə onun qarşısında oturan cinayətkarlardır”.