Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 89 dəfə pozub.
“Qafqazinfo”nun məlumatına görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Qızılhacılı kəndində, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Gülüstan, Tapqaraqoyunlu, Tərtər rayonunun Yarımca, Çiləbürt, Göyarx, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 95 dəfə atəş zərbəsi endirib.