Prezident İlham Əliyev Türkiyədə keçiriləcək “Böyük iyirmilik” ölkələrinin sammitində iştirak edəcək.
“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, Antalyanın turizm mərkəzi hesab edilən Belek rayonunda noyabrın 15-16-da keçiriləcək “Böyük iyirmilik” ölkələrinin sammitində iştirak edəcək dünyanın ən böyük iqtisadiyyatına malik 19 ölkə lideri və Avropa Birliyindən (AB) başqa bir sıra dövlət başçıları da zirvəyə dəvət olunub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sammitdə iştirak etmək üçün prezident İlham Əliyevə də dəvət göndərib.
Sammitdə ABŞ, Rusiya və Fransa prezidentləri Barak Obama, Vladimir Putin, Fransua Olland, Almaniya kansleri Angela Merkel, Səudiyyə ərəbistanı kralı Salman bin Əbdüləziz, Türkiyə və Böyük Britaniyanın baş nazirləri Əhməd Davudoğlu, Devid Kemeron, Avropa Birliyi Şurasının prezidenti Donald Tusk və başqaları iştirak edəcək.
Sammit zamanı təhlükəsizliyin təmin olunması üçün 12 min polis iş başında olacaq.
Qeyd edək ki, “Böyük iyirmilik” ölkələrinin zirvə toplantısı 2013-cü ildə Rusiyanın Sankt Peterburq şəhərində, 2014-cü ildə isə Avstraliyanın Brisben şəhərində keçirilib. G20 ölkələrinin 2016-cı ildəki sammiti isə Çin Xalq respublikasında keçiriləcək.
G20 dünyanın ən böyük iqtisadiyyatına malik 19 ölkəsindən və Avropa Birliyindən (AB) ibarətdir. "Böyük iyirmilik" ABŞ, AB, İngiltərə, Türkiyə, Yaponiya, Kanada, Almaniya, Fransa, İtaliya, Rusiya, Avstraliya, Braziliya, Hindistan, Çin, İndoneziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Argentina və Cənubi Koreyanın daxil olduğu qrupdur.