Bu gün görkəmli bəstəkar, pianoçu, dirijor, bir çox simfonik əsərlərin müəllifi, SSR Xalq Artisti, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri Tofiq Quliyevin ad günüdür.
“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan bəstəkarlıq məktəbinin ən parlaq simalarından olan Tofiq Quliyev 1917-ci il noyabrın 7-də musiqisevər bir ailədə dünyaya göz açıb. Gələcək bəstəkarın yaradıcılığına onun ibtidai musiqi nəzəriyyəsi üzrə müəllimi, professional musiqi təhsili alan ilk Azərbaycan bəstəkarı Asəf Zeynallının böyük təsiri olub.
Tofiq Quliyevin yaradıcılığında ən aparıcı janr – mahnıdır. O, ötən əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələri, o cümlədən “Bakı payızı”nı yaradıb. Bəstəkar 1990-cı ildən ömrünün sonunadək Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.
Tofiq Quliyev 2004-cü il oktyabrın 4-də vəfat edib.